- Dünyada yeni münaqişə ocaqları yaranır, Azərbaycan riskli regionda yerləşir
- Ona görə də Azərbaycan ordusu daima döyüşə hazır və güclü şəkildə müasir döyüş əməliyyatlarını uğurla həyata keçirən ordu qurub
Gürcüstanda bir neçə il əvvəl Türkiyənin birbaşa iştirakı, məsləhətləri ilə ordu sistemi yenidən qurulmağa başladı. Türkiyəli mütəxəssislər NATO proqramları çərçivəsində qonşu, dost Gürcüstanda yeni qaydalar tədbiq edirlər.
Sherg.az xəbər verir ki, bu barədə ReAL sədri Natiq Cəfərli qeyd edib.
O bildirib ki, hazırda Gürcüstanda çağırış yaşı 18-27 yaş arası müəyyənləşib və vətəndaşa seçim imkanı verilib, xidməti ertələmək rüşvətsiz, pulsuz, adi müraciətlə mümkündür: “Yəni vətəndaş çağırış zamanı yazılı müraciət edə bilər ki, bu il yox, məsələn, gələn il xidmətə gedəcək, bununla bağlı öhdəlik götürür. Xidmət üç istiqamət üzrə təşkil olunur və vətəndaşa seçim imkanı verilir. Birinci istiqamət döyüş hazırlığı bölmələrində 6 aylıq xidməti nəzərdə tutur. İkinci istiqamət Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar və digər dövlət qurumlarında 8 aylıq xidmətdir. Üçüncü istiqamət isə müəyyən sahələr üzrə mütəxəssis və ya kiçik rütbəli komandir kimi 12 aylıq xidməti əhatə edir. Hərbi xidmət keçən şəxslərə aylıq ödəniş də verilir. 6 aylıq xidmət keçənlərə 530 lari (təxminən 195 dollar), 8 aylıq xidmət keçənlərə 600 lari (220 dollar), 12 aylıq xidmət keçənlərə isə 1275–1530 lari (470–560 dollar) məbləğində ödəniş edilir. Vətəndaş hərbi xidmətə könüllü şəkildə müraciət etdikdə isə bu ödənişlər əlavə olaraq 30 faiz artırılır”.
N. Cəfərli deyib ki, daha bir maraqlı yenilik – bütün əsgərlər öz evlərindən 50 km aralı xidmət edirlər. Əsgərlər həftədə 5 gün xidmət edirlər, şənbə-bazar isə öz evlərinə gedə bilərlər:
“Əsgərlərin xidmətdən kənar zamanlarında mobil telefon və internetdən istifadələri tam sərbəstdir. Şənbə-bazar evə getməyənlər qaldıqları hissədə idmanla məşğul ola, yemək yeyə, internetdə zaman keçirə bilərlər. Bundan başqa, hər bir əsgərin 10 günlük məzuniyyət haqqı da var. Əsgər gedən hər bir vətəndaşın iş yeri onun üçün saxlanılır, işlədiyi orqan, müəssə, qurum, firma ona ayrıca bonus da verir.
Əsgərlər 4-8 nəfərlik “hostel” tipli yerlərdə qalırlar, yeməklərini ancaq tenderi udan kənar şirkətlər verir, yemək “İsveç stolu” stilində təqdim olunur. Gürcüstan bu sistemə torpaqları işğal altında olduğu dövrdə keçib, 20% ərazisini Rusiya işğal edib. Torpaqlarını qaytarmış, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda ordu islahatlarını daha rahat eləmək olar, bəzi islahatlar da olub, amma onları dərinləşdirmək, orduya ayrılan xərcləri azaldaraq, daha texnoloji və vətəndaş üçün rahat xidmət sisteminə keçməliyik. Çağırış sistemi elə Gürcüstana bənzər ola bilər, əsgərin öz evənə yaxın qulluq etməsi, müəyyən vəsait alması və bir çox başqa məsələlər həllini tapmalıdır. Bizim Qəhraman Ordumuz artıq Türkiyə (NATO) standartlarını mənimsəyib, amma məişəti, əsgərə münasibət hələ də sovetdə qalıb.
Gürcüstanın hərbi xidmət sahəsində tətbiq etdiyi təcrübənin Azərbaycanda tətbiq imkanlarına gəlincə, bir çox ekspertlər bu yanaşmanı məqsədəuyğun hesab etmir. Qeyd ediblər ki, Azərbaycan Ordusu güclü və qalib ordudur. Buna görə də hərbi xidmət sistemində dəyişikliklər edilərkən başqa ölkələrin modelinin birbaşa tətbiqindən deyil, Azərbaycanın öz hərbi təcrübəsindən, təhlükəsizlik ehtiyaclarından və ordunun döyüş hazırlığının qorunması prinsipindən çıxış etmək lazımdır.
Milli Cəbhə partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan Ordusu döyüş qabiliyyəti və hazırlıq səviyyəsinə görə Cənubi Qafqazda ön sıralardadır və beynəlxalq miqyasda da yüksək göstəricilərə malik ordular sırasında yer alır: “Azərbaycan öz silahlı qüvvələrini Türkiyə kimi komanda briqadaları yaradaraq gücləndirir. Dünyanın siyasi nizamı yenidən qurulur və təhlükəsizlik riskləri artır. Bu gün dövlətlərin suverenliyi və təhlükəsizliyi təhdid edilir. Artıq sabitlik dövrü arxada qaldı. Hər bir dövlət güclü və nizami orduya malik olmalıdır.
Dünyada yeni münaqişə ocaqları yaranır. Azərbaycan riskli regionda yerləşir. Ona görə də Azərbaycan ordusu daima döyüşə hazır və güclü şəkildə müasir döyüş əməliyyatlarını uğurla həyata keçirən ordu qurub. Azərbaycanda bədəlli əsgərlik sistemini tətbiq etmək yanlışdır. Artıq Avropa silahlanır və güclü ordu yaradır. Bizim dünayanın istənilən güclü ölkəsi ilə döyüşən ordumuz var. Azərbaycanda hərbi çağırış sistemi qüvvədə qalması təhlükəsizlik maraqlarımıza cavab verir.
Almaniya və digər Avropa ölkələri çağırış sistemini tətbiq edirlər. Bizdə bəziləri durub deyir ki, çağış sistemini ləğv edək. Əsgərlər gəlib, hərbi hissədə bilyard oynasın. Gürcüstan hakimiyyəti Rusiyanın maraqlarını təmin edir. Öz ərazilərini işğaldan azad etməyəcəyinə görə Mixeil Saakaşvilinin qurduğu peşəkar ordunu ləğv etdi. Gürcüstan regionda zəif və hərbi gücü olmayan bir ölkədir”.