ABŞ Dövlət Departamentinin iddiası yanlışdır

“Hizbullah”ın Azərbaycanda təşkilatlanması müşahidə olunmur


ABŞ Dövlət Departamentinin terrorizmlə mübarizə üzrə koordinatoru Natan Seyls "Hizbullah”ın bir sıra ölkələrdə fəaliyyət göstərdiyini, onun təsir sahəsinin Yaxın Şərqlə məhdudlaşmadığını deyib. 

Departament nümayəndəsinin iddiasına görə, "Hizbullah”ın aktivliyi ötən illər ərzində Azərbaycan, Bolqarıstan, Kipr, Nigeriya, Peru və Tailand kimi ölkələrdə də görülüb. Məlumat üçün deyək ki, "Hizbullah” İranda İslam inqilabının qələbəsindən ruhlanaraq 1982-ci ildə Livanın cənub hissəsini işğal etməkdə olan İsrail qüvvələrinin həmin ərazilərdən çıxarılması məqsədilə yaradılıb. "Hizbullah”ın Livandakı üzvləri həm mülki şəxslərdən, həm də silahlı şiə inanclı insanlardan seçilir. Partiyanın hazırkı rəhbəri Seyid Həsən Nəsrullahdır. 

Təşkilat indiyə kimi bir neçə ölkədə qətliamlar və sui-qəsdlər icra edib. Böyük Britaniya və bir sıra ölkələr "Hizbullah”ı terror təşkilatları kimi tanıyıblar. Bəs Azərbaycanda "Hizbullah” təşkilatının təsirinin olması nə qədər realdır?

Məsələni "Şərq”ə dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, əslində "Hizbullah” ərəbcə "Allahın ordusu”, "Allahın partiyası” deməkdir. Bu ifadə Quranda da əksini tapıb. Amma İran tərəfindən dəstəklənən və dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən "Hizbullah” təşkilatının Qurandakı həqiqi möminliklə əlaqəsi yoxdur:

 "Hizbullah” bir çox ölkələrdə İranın himayəsi ilə fəaliyyət göstərən, şiə qrupların maraqlarını müdafiə edən hərbi gücdür: Azərbaycanda "Hizbullah”ın təsir gücünün olması təbiidir. Çünki ölkəmizdə şiə məzhəbinə qulluq edən müsəlmanların öz liderləri yoxdur. Buna görə də İrandakı ayrı-ayrı ayətullahlara tabe olurlar. Yəni Azərbaycandakı şiələr İranın dini liderləri tərəfindən idarə olunur və onları özlərinə rəhbər bilirlər. 

Əgər İrandakı dini liderlər paralel olaraq siyasi rəhbər sayılmasaydı, onlara tabe olmaq təhlükəli hesab olunmazdı. Yanlışlıq ondan ibarətdir ki, İranın dini alimləri dövlətin siyasi idarəetməsində iştirak edirlər. Sadəcə, Allahın siyasətini həyata keçirsəydilər, normal qarşılayardıq. Amma dünyəvi maraqlara xidmət edən məsələlərdə Azərbaycan insanlarının İrana tabe olması siyasi cəhətdən çox qüsurlu və yanlışdır”.

Bununla yanaşı politoloq vurğulayıb ki, Azərbaycanda Yaxın Şərq və İrandakı kimi "Hizbullah”ın təşkilatlanmasını, boy göstərməsini müşahidə etmirik: 

"Təşkilatın açıq şəkildə tərəfdarları gözə dəymir. Amma Yaxın Şərqdəki proseslər göstərdi ki, lazım gələndə hətta İŞİD-ə belə Azərbaycan dindarları arasından "könüllülər” tapmaq mümkün olur. Bu mənada "Hizbullah” da istisna təşkil etmir. Lakin birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanda təşkilatlanmış açıq və ya gizli fəaliyyət göstərən "Hizbullah” dəstələri yoxdur. ABŞ-ın Dövlət Departamentinin bəyanatı təsir baxımdan düzgün olsa da, təşkilatlanma baxımından yanlışdır”.

Sabiq MTN zabiti Arzu Nağıyev isə "Şərq”ə bildirib ki, Azərbaycan terrorla mübarizədə daima ön planda olan dövlətlərdən biridir və bu istiqamətdə xüsusi xidmət və hüquq-mühafizə orqanları daima iş aparır. Politoloq Azərbaycanın adının coğrafi cəhətdən bir-biri ilə yaxın belə olmayan ölkələr arasında çəkilməsinə xüsusi diqqət ayırıb: 

"Zənnimcə, burada əsas məsələ İranla bağlı məsələdir. "Hizbullah”ın adı son vaxtlar Suriya, Rusiya və İranla daha çox çəkilir. Bu yaxınlarda Böyük Britaniya tərəfindən də bu təşkilat terror təşkilatlarının siyahısına salınıb. ABŞ tərəfinin bu bəyanatı məhz bu ərəfədə səsləndirməsi də təsadüfi deyil”.

Ekspertin sözlərinə görə, Azərbaycan heç vaxt öz ərazisində belə təşkilatların nümayəndələrinin olmasına imkan verməz:

 "Dini radikal qurumlarla bağlı həbs edilən şəxslər arasında kimlərsə bu təşkilata üzv olduqlarını deyə bilərlər, lakin bu o demək deyil ki, onlar Azərbaycan ərazisində fəaliyyət göstərirlər. Ancaq Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərində "Hizbullah" tərəfdarlarının fəaliyyət göstərməsi inkar edilmir. Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu da nəzərə alsaq, Natan Seylsin bəyanatında müəyyən həqiqət ola bilər”.

İsmayıl