Yaponiyada Rusiya vətəndaşı ayının hücumuna məruz qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Yaponiyanın "Nihon TV" telekanalı məlumat yayıb.
Hadisə paytaxt Tokionun ətrafında yerləşən Okutama bölgəsi yaxınlığındakı meşə cığırında baş verib. Məlumata görə, zərərçəkmiş şəxs hücumdan sonra özü polisə zəng edərək ayının ona xəsarət yetirdiyini, əl və üz nahiyəsindən yaralandığını bildirib.
Xilasetmə xidmətinin verdiyi məlumata əsasən, yaralı şəxs hadisə yerindən dərhal hava nəqliyyatı (helikopter) ilə təxliyə edilərək xəstəxanaya çatdırılıb. Hazırda onun həyatı üçün hər hansı bir təhlükə yoxdur. Telekanalın ehtimalına görə, həmin şəxs meşəlik ərazidə dağ gəzintisi (haykinq) ilə məşğul olurmuş.