"ABŞ və müttəfiqləri Bəşşar Əsədə məğlub oldu"- TOFİQ ABBASOV




Rusiya-Türkiyə-İran ittifaqı Yaxın Şərqdə 5 ildən çox davam edən böhranı stabilləşdirəcək.


Bunu Sherg.az-a Rusiya-Türkiyə-İran arasında Suriya probleminin həlli ilə bağlı qəbul edilən bəyannaməyə münasibət bildirərkən, politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, istənilən dövlətin, o cümlədən Suriyanın rəhbərliyi, xalqı, silahlı qüvvələri və digər səlahiyyətli strukturları tərəfindən suverenliyi təmin edilməlidir: 

"Rusiyanın Suriyadakı qarşıdurmalarda Bəşşar Əsədi dəstəklədiyini qeyd etdikdə, sual meydana çıxır ki, bəs rəsmi Moskvanın əleyhinə çıxış edən Amerika kimin tərəfindədir? Suriya böhranında suveren dövlətə qarşı təcavüz elan edilməsi faktı mənfur texnologiyanın işlədilməsinin sübutudur.

 Proseslər başlanmazdan əvvəl Suriya dövlət başçısı İngiltərədə rəsmi nümayəndələrlə görüşlər zamanı bu dövlətin genişmiqyaslı demokratik islahatları keçirəcəyinə dair razılığa gəldilər. Sonradan isə B. Əsədə İran və Rusiya ilə münasibətlərinin sonlandırması təklifi edildiyi məlum oldu. Suriya rəhbəri isə bundan imtina etməklə birbaşa Qərbin düşməninə çevrildi. Hazırda B.Əsədə qarşı vuruşanlar Qərb dövlətləri tərəfindən idarə edilən terrorçu birləşmələrdir. Faktiki olaraq, 5 ilə yaxındır davam edən bu müharibədə ABŞ və müttəfiqləri B. Əsədə məğlub oldular. Müəyyən məqamlarda Qərb koalisiyasının iştirakçısı kimi çıxış edən Türkiyə isə sonunda təhlükəli və sonu bilinməyən oyunun içərisində olduğunu anladı. İstənilən halda, qardaş ölkənin xarici siyasətində cavabdehliyi öz əlinədir".

T.Abbasov deyib ki, bundam sonra Rusiya-İran və Türkiyə koaloisiyası Suriyada fəaliyyət daşı-daş üstündə qoymayan beynəlmiləl terror qruplaşmalarına qarşı mütəşəkkil mübarizə aparmalı olacaq: 

"Amerika öz müttəfiqləri ilə B. Əsədə qarşı uduzduqda artıq Türkiyə onun tərəfindən çıxış etmədən problemdən nisbətən sığortalana bildi. Səhvini anlayan rəsmi Ankara düzgün mövqe seçmək lazım olduğunu dərk edir. Fövqəl qüvvələr tərəfindən Suriya dövlətinin başına gətirilənlər digər dövlətlər üçün də təkrarlana bilər. Hansı dövlətin nə zaman supergüclər tərəfindən hazırlanmış planın tərkib hissəsi olacağı isə müəmmalıdır. Türkiyədə Rusiya diplomatının öldürülməsi də bu hadisələrin təsadüf olmadığının sübutu oldu. İndi isə hər üç dövlət səylərini birləşdirməklə regionda sabbitliyi təmin etməli olduğunu anlayır".

Qeyd edək ki, Rusiya, Türkiyə və İran Suriya böhranın həlli ilə bağlı ortaq bəyannamə qəbul edib. Birgə bəyanatda hər üç ölkə Suriyanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edir.

Aysel Aslan