Açılan arxivlər düşmənin iç üzünü ortaya qoyur

"Erməni terrorizmi haqqında gələcək nəsillər, tələbələr, müəllimlər xəbər tutmalıdır. Bu, çox müsbət addımdır"



Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti erməni daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv sənədlərini yayıb. Arxivlərində saxlanılan sənədli materialların bir qisminin üzərindən məxfilik götürülüb. Vurğulanıb ki, 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələrinin imzalanması ilə Azərbaycanın tarixi və əzəli torpaqlarının bölünməsi başa çatmadı. Əksinə, ərazilərimizin zorla qoparılması prosesi düşmən qüvvələrin himayəsi, təhriki və bilavasitə iştirakı ilə ardıcıl xarakter aldı və davam etdi. 

Bir çox qonşu ölkələrdə yaşayan ermənilərin məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsinə başlandı və azərbaycanlıların dədə-baba yurdlarında "erməni vilayəti” adlandırılan qondarma inzibati ərazi bölgüsü yaradıldı. Daha sonra isə "böyük Ermənistan” xülyası təbliğ olunmağa başlanıldı və bu məqsədlə kökündə vəhşət və terrorun dayandığı müxtəlif erməni təşkilatları meydana çıxdı. Bununla da erməni-daşnak qüvvələrinin Azərbaycan xalqının məhv edilməsi və onun torpaqlarının qəsb olunması istiqamətində daha məkrli və məqsədyönlü siyasətinin bünövrəsi qoyuldu. 

Müasir Ermənistanda terrorçuluq və faşizm ideologiyası dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu ideologiya bünövrədən qonşu dövlətlərə əsassız ərazi iddialarının, azərbaycanlılara, türklərə və digər xalqlara qarşı etnik təmizləmə siyasətinin başlıca xəttini təşkil edir. Erməni terrorçu-daşnak qüvvələri hər zaman öz məkrli hədəflərinə çatmaq üçün ən çirkin üsullardan istifadə edib. Hətta tarixi Azərbaycan torpaqlarında onların köçürülməsinə rəvac verib, himayə edərək çar və sovet Rusiyasına qarsı çıxmaqdan belə çəkinməyiblər. 

İkinci Dünya müharibəsində faşistlərin silahlı birləşmələrinin tərkibində erməni cəlladlarının törətdikləri vəhşiliklər barədə tutarlı sübutlar incələndikcə, bu dəhşətlərin nəticələri vahimə yaradır. Bu gün Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, şovinizm, ekstremizm, hərbi təcavüz, qəsbkarlıq hər zaman ən ifrat formada təbliğ və təşviq olunur. Gənc nəsil qonşu xalqlara nifrət və dözümsüzlük ruhunda tərbiyə edilir, insanlığa qarşı cinayətlər törətmiş ermənilərin "qəhrəman" obrazının aşılanması, onlara abidə qoymaqla faşizm "vətənpərvərlik” əmsalı kimi ictimai şüura təlqin edilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin arxivlərində saxlanılan sənədli materialların araşdırılması zamanı erməni terrorçu-daşnak qüvvələrinin, o cümlədən terrorizm ideologiyasının daşıyıcısı olan "Dasnaksütyun” partiyasının, habelə İkinci Dünya muharibəsi illərində bəşəriyyətə qarşı cinayətlərdə xüsusi amansızlıqla fərqlənmiş erməni milliyyətindən olan şəxslərin qəddar əməlləri çoxsaylı faktlarla təsdiqini tapıb. Bu arxivlərdəki sənədli materialların mütərəqqi dünyanın terrordan və faşizmin fəsadlarından qorunması baxımından elmi-tarixi əhəmiyyətini, Ermənistanın Azərbaycana qarsı yeritdiyi qəsbkarlıq və hərbi təcavüz siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasının xüsusi aktuallıq kəsb etdiyini nəzərə alan DTX arxiv sənədlərinin bir qisminin üzərindən məxfiliyin götürülməsini məqsədəmüvafiq hesab edib. Həmin materiallar DTX-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Məsələ ilə bağlı "Şərq”ə danışan təhlükəsizlik orqanının sabiq zabiti Arzu Nağıyev deyib ki, DTX-nın qərarı təqdirəlayiqdir. Ekspertin firkincə, erməni terrorizminin tarixinin bilinməsi mühüm əhəmiyyət kəsb edir: 

"Mühüm əhəmiyyət kəsb edən, Azərbaycana qarşı təcavüzləri və dövlətimiz əleyhinə həyata keçirilən təxribatları ifşa edən arxiv sənədlərinin açılmasına ciddi ehtiyac duyulur. Açılan arxivlərdə məhz sənədlər öz əksini tapıb. Əgər kimsə sensasiya xatirinə, reytinq qazanmaq məqsədi ilə, yaxud öz siyasi ambisiyalarını həyata keçirmək üçün DTX-ya müraciət edərək arxivlərin açılmasını istəyirsə, belə müraciətləri qətiyyətlə rədd etmək lazımdır. 

Çünki onların açılması məsləhət deyil. Bəzi sənədlər var ki, müxtəlif qriftlər əsasında tam məxfi olur və onların hansı müddətə qədər gizli qalması göstərilir. Lakin bir daha təkrar edirəm, tarixi araşdırmalar üçün zəruri olan, dövlət və dövlətçiliyə zərər gətirməyən arxiv materialları açıla bilər. Düşünürəm ki, erməni terrorizmi haqqında gələcək nəsillər, tələbələr, müəllimlər xəbər tutmalıdır. Bu, çox müsbət addımdır”.

İsmayıl