İmkansız vətəndaşların səhiyyə xərclərinin ödənməsi üçün icbari tibbi sığortanın qısa zamanda tətbiqi vacibdir
Ağır xəstəliklər zaman gözləmir
Analizlər, müayinələrin qiyməti, həmçinin dərmanlar da çox bahadır
İmkansız vətəndaşların səhiyyə xərclərinin ödənməsi üçün icbari tibbi sığortanın qısa zamanda tətbiqi vacibdir
İmkansız vətəndaşların səhiyyə xərclərinin ödənməsi üçün icbari tibbi sığortanın qısa zamanda tətbiqi vacibdir
Hepatit B-yə yoluxduğu məlum olan şair-publisist Yafəs Türksəs Səhiyyə Nazirliyindən kömək gözləyir. Şair Kulis.az-a açıqlamasında analiz və müayinələrin, dərmanların çox baha olduğunu və müalicə almağa maddi imkanı çatmadığını deyib: "Müalicə üçün Misirdən gətirilən dərmanlardan qəbul etmək lazımdır. Onları almağa da mənim maddi imkanım çatmır. Deyilənə görə, tam sağalmaq 4-5 min manata başa gəlir. Məndə bu qədər vəsait hardandı?! Adi bir analiz 200-300 manatdır...”
Şair Səhiyyə Nazirliyinin köməyi ilə kataraktadan pulsuz əməliyyat olunduğunu və indi yenə də nazirliyin köməyinə ümid bağladığını bildirib.
Qeyd edək ki, bir müddət öncə Mingəçevir və Yevlax şəhərlərində icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihənin icrasına başlandı. Layihə barədə danışan millət vəkili Musa Quliyev pilot layihənin ardınca icbari tibbi sığortanın mərhələ-mərhələ bütün ölkə ərazisini əhatə edəcəyini bildirmişdi. Amma göründüyü kimi, icbari tibbi sığortanın ölkə ərazisində tətbiqi hələ də gecikir. Xəstəliklərsə gözləmir. İmkansız vətəndaşların səhiyyə xərclərinin ödənməsi üçün icbari tibbi sığortanın qısa zamanda tətbiqi vacibdir.
Problem barədə danışan tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı "Şərq”ə açıqlamasında sosial durumu aşağı olan vətəndaşların səhiyyə xərclərini ödəməkdə həqiqətən də əziyyət çəkdiyini bildirdi:
- Bu məsələ dövlət səviyyəsində həllini tapmalıdır. Mən deyə bilmərəm, icbari tibbi sığortanın tətbiqini ləngidən səbəblər hansılardır. Bu, dövlət strukturlarına aid məsələdir. Amma əlbəttə ki, tibbi sığortanın tətbiqi təqaüdçülər, maddi durumu aşağı, işsiz vətəndaşlarımız üçün həyati əhəmiyyət daşıyır. Çünki, həqiqətən də elə xəstəliklər var ki, müalicəsi uzun illərlə davam edir, analizlər, müayinələrin qiyməti, həmçinin dərmanlar da çox bahadır. Məsələn, hepatit müalicəsi uzun müddət, hətta növündən, dərəcəsindən asılı olaraq ömür boyu davam edən bir xəstəlikdir. Demək olmaz ki, hepatit xəstələrinə dövlət tərəfindən heç bir yardım edilmir. Bəzi hallarda xəstələrə dövlət hesabına kömək göstərilir, dərmanların verilməsi, müəyyən analizlər ödənişsiz həyata keçirilir. Amma bəzən elə müayinələr, analizlər tələb olunur ki, burada artıq ödənişsiz mümkün deyil. Belədə imkansız vətəndaşlar əlbəttə ki, əziyyət çəkir. Bildiyim qədər, hepatitin müəyyənləşməsində bəzi qan analizləri - əkilmələr var ki, qiyməti həqiqətən də çox bahadır. Adi vətəndaşın bunu ödəməyə imkanı çata bilməz. İcbari tibbi sığorta belə vəziyyətdə təbii ki, vətəndaşın köməyinə gələ bilər. Onu da deyim ki, icbari tibbi sığortanın tətbiqi bütün ödənişlərin dövlət hesabına qarşılanacağı anlamına də gəlmir. Tibbi sığortanın əhatə etdiyi və etmədiyi sahələr var. Tutalım, xroniki xəstəliklər icbari tibbi sığortaya daxil edilmir. Müalicə və müayinələrin müəyyən hissəsi dövlət tərəfindən qarşılanır. İcbari tibbi sığorta tətbiq ediləcəyi təqdirdə müalicə xərclərinin neçə faizinin dövlət hesabına ödəniləcəyi məsələsi də müəyyənləşəcək.
Ş.Namazlı qonşu ölkələrdə icbari tibbi sığortanın uğurlu modelləri olduğunu da dedi:
- Gürcüstanda, İranda tibbi sığortanın uzun illərdir tətbiq edildiyi deyilir. Mən konkret qardaş Türkiyəni misal çəkəcəm, çünki özüm orada olmuşam, elmi konfranslarda iştirak etmişəm və vəziyyətlə şəxsən tanışam. Türkiyədə, məsələn, onkoloji xəstələrin müayinə və müalicəsi, dərmanlarla təminatı bütünlüklə dövlətin üzərindədir. Onkoloji xəstələr kimya terapiyasını, şüa terapiyasını pulsuz alırlar, eləcə də dərmanları ödənişsiz əldə edirlər. Onkoloji xəstə rahatca gedib müayinə olunur, həkim hansı müalicə üsulunu məsləhət görürsə, onu da dövlət hesabına alır. Vətəndaş sığortalıdırsa, heç bir problem yoxdur. Dövlət xəstəxanalarında pulsuz müayinə də olunur, müalicə də alır. İşləyənlər üçün də heç bir problem yoxdur. Onların da tibbi sığortası işlədiyi müəssisə tərəfindən qarşılanır. Bildiyim qədər qonşu Gürcüstanda da icbari tibbi sığorta artıq illərdir ki, tətbiq olunur. Gürcüstanın hər bir vətəndaşının adına konkret məbləğ təyin edilib.
Vətəndaş il ərzində bu məbləğdən istifadə etməklə müayinə və müalicə ala bilər. Deyək ki, xərclər vətəndaşın hesabına yatırılmış məbləğdən artıq olduqda, bu xərclərin də bir hissəsini dövlət, bir hissəsini isə yerli bələdiyyələr qarşılayır. Hətta imkansız ailələr müraciət etdikdə müalicə xərcləri tamamilə ödənir. Hesab edirəm ki, Azərbaycanda da icbari tibbi sığorta tezliklə tətbiq edilməlidir. Çünki imkansız ailələr üçün səhiyyə xərclərini qarşılamaq həqiqətən də çox çətindir. Bir halda ki, icbari tibbi sığorta ilə bağlı pilot layihə icra olunub, deməli, təcrübə artıq var. Nəticələrə baxmaq lazımdır, əhali arasında sorğu keçirilməlidir ki, çatışmayan cəhətlər bilinsin.
Məlahət Rzayeva