Yazarların, psixoloqların ortaq məxrəcə gəldikləri nəticələr var
Ağıya dönsün...
Cəlil Cavanşir ölmək yox, məşhurlaşmaq istəyirdi
Yazarların, psixoloqların ortaq məxrəcə gəldikləri nəticələr var
Yazarların, psixoloqların ortaq məxrəcə gəldikləri nəticələr var
Yazar Cəlil Cavanşir feysbukda canlı yayımda damarlarını kəsərək intihara cəhd edib. Lakin şairin qardaşı özünü onun evinə çatdıraraq intihar cəhdindən yayındırıb. Ötən gün canlı yayımda intihara cəhd edən Cəlil Cavanşir sakitləşdikdən sonra açıqlama yazaraq peşman olduğunu bildirib.
Hazırda fiziki və mənəvi ağrılarla mübarizə apardığını vurğulayan C.Cavanşir onun etdiklərini yanlış hesab edənlər, bunun şou olduğunu düşünənlərin qınağını, gileyini qəbul etdiyini deyib: "Amma bu addımım affekt halında atılan bir addımdır və nə qədər sakitləşsəm də, o gün baş verənlərlə bağlı heç nəyi xatırlaya bilmirəm. Mənim bu şəkildə məşhur olmağa ehtiyacım olmadığını hər kəs bilir, çünki heç bir zaman məşhur olmaq üçün addım atmamışam. O gün ölsəm nə dəyişəcəkdi? Mahiyyət etibarı ilə bu qəddar, ruhsuz, insafsız adamlar üçün heç nə dəyişməzdi. Amma daha çox üzülənlər, əzab çəkənlər gördüm. Onlar üçün bu axmaqlığı etməməli idim.
Mənim məşhurluğa yox, xoşbəxtliyə ehtiyacım var”.
Konkret səbəblərə gəlincə isə yazar xoşbəxt olmadığı üçün bu addımı atdığını deyib: "Uzun müddətdir depressiyadayam. Amma bütün bunları tətikləyən bəzən kiçik səbəblər olur. Bəzən aylarla övladlarımın üzünü görə, onların kiçicik istəklərini yerinə yetirə bilmirəm. Belə məqamda insanın özünə yaxın bildiyi, dəstək gözlədiyi yaxın dostlar, yoldaşlar olur. Həyat şəraitim elədir ki, uzun müddətdir dostlarımla görüşə bilmirdim. Və həyatımda doğma, yaxın, əziz hesab etdiyim adam, ən çətin anımda mənə dəstək olmağı yox, mənim bu addımı atmağımı istədi”.
Həyatınızda olan hər şeyi səbrlə, sakitliklə, soyuq başla analiz edin
Həssas bir adam olduğunu və bu vəziyyətə gəlməsini onunla əlaqələndirən C.Cavanşir bu hala düşməyində də elə özünü günahlandırıb: "Müəyyən şeyləri vaxtında ağılla həll etmədiyim üçün, ölümün bir addımlığından döndüm.
Yaşadığım heç nədən utanmıram və heç nəyi unutmuram. Bütün bunlar başıma gəlməli idi və gəldi. Heç kəs bu nümunədən təsirlənməsin. Təbii ki, əsəbləri yerində olmayan insanlar üçün çox pis nümunə olduğumun fərqindəyəm. Buna görə üzr istəsəm də, heç nə dəyişmir. Həyatınızda olan hər şeyi səbrlə, sakitliklə, soyuq başla analiz edin. Mən bunu bacarmamışamsa, bu mənim günahımdır. Sizə dəyər verən insanlardan, sizi sevənlərdən qaçmayın. Düşüncələrinizlə, reallıqla beyninizdə qurduğunuz xəyallar üst-üstə düşməyə bilər. Bağışlamağı, geri çəkilməyi, hər şeyə təmkinli yanaşmağı öyrənin. Bu gün həyatda olmağımdan məmnun olmasam da, mənim həyatda qalmağım üçün hər şeyi edən sevimli, təmiz ürəkli, təmənnasız insanlara minnətdaram. Nə qədər çətin olsa da, tezliklə sizlərin arasına qayıdıb həyatımı qaldığım yerdən davam edəcəm”.
Sözsüz ki, canlı yayımda intihara cəhd etməyin, qol kəsməyin heç cür haqq qazandırılacaq tərəfi yoxdur. Psixoloji gərginlikdə olmaq olar, amma insanları da bu gərginliyə şərik eləmək düzgün deyil. Onsuz da insanlar gördüyünü götürəndi.
Bir ziyalının, ədəbiyyat nümayəndəsinin bu addımı atdığı məmləkətdə çiçəyi burnunda gəncləri necə qoruyaq?
... o, hamı üçün darıxmışdı və istəyirdi ki, hamı gəlib onu ziyarət etsin
"BakiPost” saytının baş redaktoru Elçin Zahiroğlu hadisə zamanı Cəlil Cavanşirin ünvanına gedib: "Ora getməkdə məqsədim Cəlili ölümdən xilas etməkdən daha çox, feysbuk izləyicilərini bu dəhşətli mənzərəni seyr etməkdən xilas etmək idi. Fikirləşdim, tez çatım və onun canlı yayımını dayandırım. O, "ölməyə də imkan vermirlər” ifadəsini tez-tez deyirdi, amma tərzində daha çox yaşamağa hamıdan güc almağa, hamının köməyinə arxalanmaq istəyi var idi. Ötən gün onunla çox da söhbət edə bilmədim. Çünki yanına gedib çatan üçüncü adam idim. Lakin sonra təcili tibbi yardım, polis əməkdaşları gəldi. Həmin hadisədə müşahidə etdiyim bu idi ki, o, hamı üçün darıxmışdı və istəyirdi ki, hamı gəlib onu ziyarət etsin. Mən ondan soruşdum ki, "sən nə istəyirsən”, dedi ki, "mən ölmək istəyirəm, imkan verin ölüm”. Bildiyim qədər bu, ilk intihara cəhdi deyildi. Doğrudur, o deyirdi ki, "yaşamaq istəmirəm”. Lakin düşünürəm ki, bu dediklərində səmimi deyildi. Ümumilikdə isə onun nədən intihara cəhd etməsini anlaya, hansı situasiyanın baş verdiyini müəyyənləşdirə bilmədim. Yəqin ki, ciddi bir əsas səbəb göstərə bilməz. Halı da yaxşı deyildi. Çalışırdıq ki, kifayət qədər bu vəziyyətdən çıxsın. Bu, çox pis hadisə idi. Ən pisi isə bu idi ki, olayı canlı yayımda yayımlayırdı, çoxlu da izləyənlər var idi. Şəxsən mənə çox pis təsir etmişdi”.
Onda gərək mən hər gün özümü asım
Şair Aqşin Yenisey isə hesab edir ki, Cəlil Cavanşir daha çox müasir rus ədəbiyyatında bəzi yazıçı və şairlərinin etdiyini təkrarlayıb, bu da çox individual bir hissdir:
"Bu, cəmiyyətlə özü arasında ziddiyyətlərin mövcudluğuna görə özünücəzalandırmadır. Bir növ, sadomazoxizmdir. Sadəcə, biz Dədə Qorqud kimi bir əcdadımızın olduğuna baxmayaraq, ad qoymaq məsələsində çətinlik çəkirik. Cəlilin etdiyi intihar deyil, bayaq dediyim kimi, sadomazoxizmdir ki, dünya ədəbiyyatında bunun nümunələri az deyil. Sadomazoxizm də intihar kimi aksiyadı, amma məqsəd ölmək yox, həzz almaqdır. Buraxın adam istədiyi həzzi yaşasın. Amma bütün hallarda belə şeyləri cəmiyyətin gözünün önündə etmək doğru deyil. Qaldı ki, yazıçıların şəraiti ağırdı, ona görə özümüzü doğrayırıq fikrinə, bunu deyənlər yazıçı-zad deyil, taksi şoferləridi, sadəcə, şeir, hekayə yazırlar. Hər halda, Azərbaycan ədəbiyyatında heç vaxt Heminquey kimi yazıçı olmayıb, o, ömrünü könüllü şəkildə müharibələrə həsr etmişdi. Yalnız sovet hökumətində qondarma yazıçı və şairlər yaxşı yaşayıblar. Mənim 40 yaşım var, deyilənə görə, pis də yazmıram, onda mən nə etməliyəm, nə evim var, nə işim, avtobuslarda, qatarlarda, təyyarələrdə, uzaqbaşı, qohum evlərində yaşayıram. Onda gərək mən hər gün özümü asım. Amma fəlsəfəm belədir ki, axıra qədər dirəş, alınmasa da, ruhdan düşmə”.
Arzu edirəm ki, Cəlil gələcəkdə məşhur bir yazıçı olsun və bu günlərdə etdiklərini gənclik
illərinin səhvi kimi xatırlasın
Ədəbi tənqidçi Əsəd Cahangir gənc yazarların intihara meyil etməsini onların mənəvi və maddi durumları ilə əlaqələndirib. Mənəvi durumu ilə ona görə əlaqəlidir ki, özlərinin təsəvvüründə olan istedadı realizə edə bilmirlər. Maddi amillə ona görə bağlıdır ki, yazıçılıq hesabına normal səviyyədə pul qazanıb özlərini, ailələrini dolandıra bilmirlər. Bu mənada hesab edirəm ki, intihara meylin səbəbləri çox ciddidir. Tənqidçi Cəlil Cavanşirin intihara cəhd etməsinin çox xoşagəlməz hal olduğunu deyib: "Eşidəndə doğrudan da pis oldum. Mənə aydın deyil ki, Cəlil bəyin intiharı onun şəxsi həyatındakı hansısa problemlə bağlıdır, yoxsa maddi çatışmazlıqdan qaynaqlanır.
Amma istənilən halda kiminsə nümayişkaranə surətdə intihar anonsu verməsini qəbul etmirəm. Sözüm yanlış anlaşılmasın, heç kimi intihara səsləmirəm. Mənə belə gəlir ki, intihar edən şəxs belə anons vermir. Bu, cəmiyyətin diqqətini cəlb etmək üçün istifadə edilən daha bir reklam, şou elementi və ya bunun bir təzahürüdür” (kult.az).
Tənqidçinin fikrincə, bu gün ədəbiyyata maraq azaldığına görə bəzi şair və yazıçılar diqqət çəkmək üçün müxtəlif üsullara əl atırlar:
"İnsanlarımız bu gün ədəbiyyat oxumur. Oxucunu qınamıram, çünki ədəbiyyat maraqlı deyil. Heç yazıçıları da qınamıram. Hazırda ədəbiyyat sovet dövründə olduğu kimi təbliğ edilmir. Buna görə də yazıçılar bəzən ən radikal yollara əl atırlar.
İndi ədəbiyyata marağın azalmasında ədəbiyyatçının da günahı var. Millət sənin ədəbiyyat iddialarının kor-koranə oxucusu deyil. Oxucu sənin ədəbiyyat oyunbazlıqlarının şahidi olmaq istəmir. İnsanlara onun problemlərinin bədii həlli yollarını özündə əks etdirən əsərlər lazımdır.
Ola bilər ki, səhv edirəm. Cəlil doğrudan da intihar etmək istəyib, amma buna iradəsi çatmayıb. İnsanın Allah verən canı almağa heç bir halda ixtiyarı yoxdur. Ümid edirəm ki, Cəlil Cavanşirin bu vəziyyəti ötəri hal kimi keçib gedəcək, o, yenidən həyat eşqiylə yaşayacaq, yaradıcılıqla məşğul olacaq. Arzu edirəm ki, Cəlil gələcəkdə məşhur bir yazıçı olsun və bu günlərdə etdiklərini gənclik illərinin səhvi kimi xatırlasın.
Bu dediklərim Azərbaycan teatrına, kinosuna, musiqisinə də aiddir. Bu gün ədəbiyyatın parlaq inkişafından danışmaq olmaz. Hanı bu gün Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Elçin, Yusif Səmədoğlu, Anar kimi ədəbiyyat adamları?! Bütünlükdə sənət tənəzzül edir.
Canına qıymaq cəhdi ilə sən bu sənəti zirvələrə qaldıra bilməzsən. Özünü öldürmək yox, sənəti yaşatmaq lazımdır”.
Ə.Cahangirin sözlərinə görə, C.Cavanşirin intihar anonsu əslində onun ədəbiyyata olan iddiasından xəbər verir:
"Yazıçı taleyini qəbul etmək lazımdır. Şair, yazıçı kef çəkmək üçün yaşayan insan deyil, ədəbiyyat kef yeri deyil. Ya şəxsi həyatını qurban verib sözün zirvəsini fəth etməlisən, ya da komfortlu yaşamaq istəyirsənsə, ədəbiyyat iddiandan əl çəkməlisən. Bizim yazıçılarımız isə nədənsə, öz taleləri ilə barışmaq istəmirlər.
Bu hərəkəti hansısa məşhur bir yazar etsəydi, insanların ədəbiyyata münasibətinin mənfiləşməsi barədə danışmaq olardı. Cəlil Cavanşir sözün həqiqi mənasında ədəbiyyata iddialı bir adamdır. Amma özünü təsdiqləməyib hələ. Axı sən Heminquey, Mayakovski deyilsən. İntiharını nəyə əsaslanıb ictimailəşdirirsən?! Bunu etməkdə məqsədin nədir?
Cəlil bəyə hörmətim var. Təəssüf edirəm ki, belə bir olay yaşandı.
Yekun olaraq onu deyə bilərəm ki, heç bir maddi çətinlik, eləcə də mənəvi sıxıntı istedadı realizə edə bilməməyə, insanı intihara sövq etməməlidir”.
Canlı yayımda özünə xəsarət yetirənləri normal şəxs kimi qəbul etmək olmur
Yazıçının canlı yayımla intihara cəhd etməsinin psixoloji tərəflərinə toxunan psixoloq Elnur Rüstəmov hesab edir ki, bu məsələyə bir istiqamətdə qiymət doğru olmaz. Burada bir çox məqamların olduğunu vurğulayan psixoloq yazarın öz dediklərinə istinad edib: "Adam özü də deyir ki, "mən dəfələrlə intihara cəhd etmişəm, lakin uğursuz alınıb”. Psixologiyada belə bir anlayış var - intihara meyilli insanlar. Hansı ki, onlar müxtəlif narahatlıqlar yaşayanda intihar haqqında düşünə bilir və intihar fikrinə düşə bilirlər. Burada yəni daha çox maddiyyatla bağlı deyil, alkoqolun, narkotik maddələrin təsiri altında olub bu cür addımlar ata bilərlər. Bu cür adamları, yəni canlı yayımda özünə xəsarət yetirənləri normal şəxs kimi qəbul etmək olmur. Əgər insanın doğrudan da intihar etmək fikri varsa, onu canlı yayımda etməz. Digər tərəfdən də özü də qeyd edir ki, dəfələrlə intihar edib, lakin uğursuz alınıb və bu dəfə uğurlu olacaq, amma yenə də alınmır.
Nəzərə alaq ki, bu cür addım şair üçün yaxşı hal deyil. Əgər narahatçılıq varsa, bunu sivil yollarla həll etmək lazımdır. Yazıçı insanları yaşamağa sövq etməli, stimul verməli, yaşamaq yollarını açmalıdır. O yaşamaq yolları şairin yazdığı əsərlər, şeirlər, kitablar olur. Ümumi götürəndə mən bu hadisəni doğru hesab etmirəm. Mühakimə etmək fikrim də yoxdur. Lakin hər halda olmasaydı, daha yaxşı olardı. Mən inanıram ki, bu hadisədən travma alanlar da oldu. Sabah analoji hadisə baş verərsə, bu dəfə heç kəs o insana inanmayacaq”.
Canlı yayımla intihara cəhd kimi olayların insanlara təsirinə toxunan E.Rüstəmov deyib ki, ilkin hallarda insanlarda müəyyən əhval-ruhiyyənin dəyişməsinə, özlərini narahat hiss etməsinə gətirib çıxaracaq:
"Lakin bütövlükdə bu cür hadisələr insanlığa böyük zərbə vurur. Nəticədə bu cür hadisələr insanlar üçün adiləşir. Tutaq ki, eyni hadisəni sosial şəbəkələrdə bir-iki dəfə gördükdən sonra ona adi baxmağa başlayacam. Dolayısı ilə bir insanın ölümü başqaları üçün statistikaya çevriləcək, insan faciəsinə deyil. Bu həm də insanların biri-birinə qarşı inamsızlığına, biganələşməsinə gətirib çıxaracaq. Sonra da suallar ortaya çıxır ki, cəmiyyətdə bu qədər aqressiya, inamsızlıq haradan qaynaqlanır? Bütün bunlar bu cür hadisələrdən başlayır. Ona görə də bu cür olaylarda diqqətli olmaq lazımdır. Doğrudur, bu cür olayları dünya ədəbiyyatında baş verənlər ilə müqayisə edə bilərlər. Məsələn, Cek London və yaxud digərləri ilə. Lakin bu analogiya qüsurludur. Protokol qaydaya əsasən, həmin şəxs psixiatrik xəstəxanaya yerləşdirilməli, müalicə almalı, reabilitasiya prosesi keçməlidir”.
Şəymən