
Alimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılıb: Dövlətin elmə diqqəti davam etdiriləcək
Son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar qəbul edilib.
Ölkə başçısının elm adamlarının sosial müdafiəsinin daha da gücləndirilməsinə xüsusi diqqətlə yanaşması Azərbaycanın geniş maliyyə imkanlarına malik olması ilə yanaşı, elm sahəsinə verilən önəmin bariz nümunəsidir.
Söz yox ki, əldə olunan uğurların qorunub saxlanılması, eyni zamanda, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti yüksək elmi-intellektual səviyyənin təmin edilməsini vacib şərtləndirir. Ölkəmizdə həyata keçirilən elm və gənclər siyasəti, elmlə məşğul olan gənclərin daha səmərəli fəaliyyət göstərmələrinə yönəlib.
Elmi işiçilərin mənzil şəraitinin yaxşılaşdırlması üçün müvafiq addımlar atılıb, binalar inşa edilib, ipoteka şərtləri yüngülləşdirilib, fərdi evlərin tikintisi üçün onlara torpaq sahələri ayrılıb. Elmi işçilərin məvaciblərinin artırılması üçün müvafiq sərəncamlar imzalanıb. Eyni zamanda cənab Prezident idmançıların sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətin müəyyən addımlar atıb. İdman sahəsində fərqlənən idmançılar mükafatlandırılıb, onların mənzil-məişət problemləri həll olunub. Bütün bunlar ölkə başçısının sosial siyasətinin bir parçasıdır.
Azərbaycanda elmin inkişafı istiqamətində son illər atılan addımları müsbət dəyərləndirən tarixçi alim, təhsil eksperti Kamran Əsədov deyib ki, elmə, təhsilə yüksək dəyər verən, bu sahələrin saflığını təmin edən ziyalı, alim adının ucalığını saxlamaq üçün qətiyyətli addımlar atan ümummilli lider Heydər Əliyev respublikanın elmi prinsiplər üzərində inkişafının təməlini qoymuş, yeni-yeni ali məktəblər, elmi-tədqiqat institutları açmış, ali məktəblərə qəbul prosesində şəffaflığı və obyektivliyi təmin etmiş, gələcək naminə azərbaycanlı kadrların hazırlanması üçün minlərlə gənci xarici ölkələrin aparıcı mərkəzlərində təhsil almağa göndərib:
"Elmi faydalı hala gətirmək üçün alim əməyi layiqincə qiymətləndirilməlidir. Belə olanda gənclər elmin ardınca gedər. Onlar elmin dalınca ona görə getmirlər ki, alimin əməyi layiqincə dəyərləndirilmir. Alimin qədrini bilmək üçün elmin cəmiyyətdə yeri düzgün dəyərləndirilməlidir.
Dünya ölkələrində elmin tarixi göstərir ki, dəyərli kəşflər və ixtiraların çoxunun müəlliflərinin yaşı 30 il ətrafındadır. Belə yaşda gənclər özlərini elmə tam həsr edə bilirlər. Bu yaşdan sonra həyat öz şərtini diktə edir. Ailə, uşaq qayğısı əlavə vaxt tələb edir. Amma ölkəmizdə isə bu mümkün deyil. Bizdə eli dərəcə alanların, kəşflərdə adı olanların yaşı 40-50-dən yuxarıdır. Çünki bu yaşa qədər onlar öz sosial problemlərini həll etməklə məşğul olurlar”.
Gənc alimin fikrincə bazar iqtisadiyyatı şəraitində dayanıqlı iqtisadi inkişafın təminatı, ilk növbədə, elmin müasir tələblərə uyğun inkişaf etdirilməsini tələb edir. İqtisadi sahədə yeniliklərə (innovasiya) əsaslanan inkişaf istiqamətlərinin müəyyən edilməsi, insan kapitalının formalaşması, intellektual potensialdan səmərəli istifadə, elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi bilik toplumunun inkişafında ən önəmli amildir. Hazırda Azərbaycan iqtisadi islahatları uğurla davam etdirərək keyfiyyətcə yeni dönəmə - bilik və texnologiyaya əsaslanan iqtisadi oriyentirə doğru irəliləyir:

"Bu oriyentirin əsas məqsədi isə iqtisadiyyatın ən müasir elmi biliklərə əsaslanan nailiyyətlərindən istifadə etməkdir. Məhz buna görə də, milli strategiya Azərbaycan elminin intellektual potensialının gücləndirilməsinə dair müvafiq tədbirlərin gerçəkləşdirilməsini tələb edir və elmin son nailiyyətlərinin ali məktəblərin tədris proqramlarına daxil edilməsi tələbini qəti şəkildə ortaya qoyur.
Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 4 may 2009–cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın keçirilməsi ilə bağlı Dövlət Proqramı"nda Azərbaycan elminin beynəlxalq elmi məkanına inteqrasiyasına son dərəcə yüksək diqqət yetirilib ki, bu da Azərbaycan elmini müasir cəmiyyətimizin inkişafının əsas amilə çevirmək baxımından olduqca zəruridir”.
Elmin inkişafı istiqamətində atılan addımlar fonunda hələ də Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasının istənilən səviyyədə olmadığını vurğulayan K. Əsədov deyib ki, Azərbaycan elminin müasir səviyyədə inkişafı qabaqcıl ölkələrin elmi mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsindən, yeni biliklərə yiyələnməklə yanaşı, elmi fəaliyyətin təşkilində təcrübə mübadiləsindən, xaricdə kadr hazırlığından bilavasitə asılı olan bir prosesdir:
"Hesab edirəm ki, Azərbaycanda alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra güzəştlər tətbiq edilməlidir. Düşünürəm ki, atılması vacib olan əsas addımlar alimlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əmək haqlarının artırılması, elmin idarə olunmasının təkmilləşdirilməsi, o cümlədən alimlərin mənzil növbələrinə götürülməsi, mənzili olmayanlara yerli icra orqanlarının qərarı ilə torpaq sahələrinin verilməsi, güzəştli kreditlərin verilməsi olmalıdır”.
Şəymən