Tramp İranda hakimiyyət dəyişikliyinə ümid edir - Əfşar Süleymani (MÜSAHİBƏ)

  • ABŞ Prezidenti Tehranı diz çökdürmək üçün yeni yola əl atır - həm vurur, həm danışıqlardan danışır

ABŞ və İran arasında münasibətlər yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tərəflərin qarşılıqlı açıqlamaları, hərbi və diplomatik addımları regiondakı vəziyyətlə yanaşı, qlobal təhlükəsizlik və enerji bazarları ilə bağlı müxtəlif suallar doğurur. Xüsusilə ABŞ-nin İrana qarşı siyasətinin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi, mümkün danışıqların perspektivi və bölgədə hərbi gərginliyin genişlənmə ehtimalı diqqət mərkəzindədir. 

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani mövcud vəziyyət və mümkün ssenarilərlə bağlı Sherg.az-ın suallarını cavablayıb:

-Trampın İrana qarşı hazırkı siyasətini necə xarakterizə edərdiniz?

-Trampın siyasəti yumşaldıcı və sərtləşdirici addımların növbələşdiyi bir siyasətdir. Yəni, əvvəlcə İrana qarşı sərt mövqe nümayiş etdirir, hücum edir, daha sonra razılaşma və ya protokol imzalayır, ardınca isə həmin razılaşmanı kənara qoyaraq yenidən savaşa başlayır.

Tramp bu vəziyyəti ən azı ABŞ-də keçiriləcək aralıq seçkilərə qədər davam etdirmək istəyir. Məqsəd müəyyən mənada iqtisadi göstəricilərə, qiymətlərə və xüsusilə də enerji bazarına nəzarəti qorumaq, seçkilərə qədər vəziyyətin mümkün qədər idarəolunan qalmasını təmin etməkdir. Çünki hazırkı şəraitdə qiymətlərin, xüsusilə yanacağın bahalaşması ABŞ-də seçicilərin mövqeyinə təsir göstərə bilər. Eyni zamanda, hesab edirəm ki, dekabr seçkilərində respublikaçıların ciddi problemlərlə üzləşmək ehtimalı da Trampın hesablamalarında nəzərə alınır.

-Bəs Trampın danışıqlar və hərbi addımlar arasında dəyişən mövqeyini siz necə qiymətləndirirsiniz?

-Son bir ildən artıq müddətdə də biz buna bənzər bir siyasətin şahidi olmuşuq. Tramp bir tərəfdən danışıqlara hazır olduğunu bildirir, digər tərəfdən isə danışıqlar ərəfəsində və ya tərəflər müəyyən qədər yaxınlaşanda hərbi addımlar atılır. Sonra yenidən “danışaq” deyilir, danışıqlar başlayır, müəyyən yaxınlaşma yaranan kimi yenidən hücum baş verir. Bu, artıq bir neçə dəfə təkrarlanıb.

Daha sonra müəyyən protokollar və razılaşmalar imzalanır, lakin onların icrası məsələsində problemlər yaranır. Hətta Tramp sonradan əvvəl imzalanmış sənədlərin mahiyyətini belə şübhə altına alır.

Hazırda da İran üzərində iqtisadi və siyasi təzyiq davam etdirilir. Sanksiyalar saxlanılır və daha da sərtləşdirilir. Məqsəd, görünür, İran iqtisadiyyatını daha ağır vəziyyətə salmaq, əhali üzərində sosial-iqtisadi təzyiqi artırmaq və nəticədə ölkə daxilində etirazların yaranmasına zəmin formalaşdırmaqdır. Daha sonra həmin etirazlar fonunda ABŞ-nin İranın daxili məsələlərinə müdaxilə etməsi ehtimalı ortaya çıxa bilər.

Hətta Trampın son açıqlamalarında İran xalqının niyə etiraz etmədiyi ilə bağlı fikirlər də səslənib. Bir tərəfdən İranın iqtisadi vəziyyətinin ağır olduğunu, ölkənin dağıldığını və ciddi problemlər yaşadığını deyir, digər tərəfdən isə bu vəziyyətin aradan qaldırılması üçün real addımlar atmaq əvəzinə təzyiq siyasətini davam etdirir.

Tramp deyir ki, neft müəyyən şəkildə bölgədən çıxarılır, Hörmüz boğazında ciddi problem yoxdur, gəmilər keçə bilir. 

-Əgər gəmilər keçir, neft daşınır və əsas marşrutlar işlək vəziyyətdədirsə, o zaman niyə vəziyyəti daha da gərginləşdirmək lazımdır?

-Mənim fikrimcə, burada əsas məqsədlərdən biri İranı uzun müddət təzyiq altında saxlamaqdır. Zaman keçdikcə iqtisadi və sosial təzyiq artsın, xalq arasında narazılıq yaransın, hətta İranın siyasi hakimiyyəti daxilində müəyyən fikir ayrılıqları meydana çıxsın. Görünür, ABŞ müəyyən mənada bu ssenariyə hesablanmış siyasət yürüdür.

Təbii ki, İran da bunun qarşısında dayanmağa çalışır. Çünki İran anlayır ki, müharibənin uzanması təkcə öz iqtisadiyyatına deyil, dünya iqtisadiyyatına da ciddi zərər vura bilər. Neftin, benzinin və digər enerji daşıyıcılarının qiymətlərinin artması qlobal bazarlara təsir göstərə bilər. Şübhəsiz ki, İran özü də böyük ziyan görür. Amma burada əsas məsələ ondan ibarətdir ki, ilkin hücuma məruz qalan tərəf İrandır.

Məsələ burasındadır ki, İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatlar həyata keçirib. İran isə ilk olaraq ABŞ-yə və ya İsrailə qarşı belə bir hücum həyata keçirməyib. İran da bunu dəfələrlə vurğulayır.

-Bu vəziyyətin genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalını necə qiymətləndirirsiniz?

-İranın Hörmüz boğazı ətrafında, adalar və digər ərazilərlə bağlı müəyyən addımlar atması mümkündür. Amma mən genişmiqyaslı, tammiqyaslı müharibəyə gediləcəyini düşünmürəm. İran da böyük müharibənin hansı nəticələrə gətirib çıxara biləcəyini anlayır.

Hazırda İranın hərbi imkanlarının zəifləməsi, silah-sursatının azalması, hava hücumundan müdafiə sistemləri, o cümlədən “Patriot” sistemləri ilə bağlı müxtəlif məlumatlar yayılır. Bunların bir hissəsi doğru ola bilər, bir hissəsi isə informasiya müharibəsinin tərkib hissəsi ola bilər. Ona görə də bütün bu məlumatlara ehtiyatla yanaşmaq lazımdır.

-ABŞ daxilində Trampın mövqeyində hansı dəyişikliklər müşahidə olunur və bu, onun siyasətinə təsir edə bilərmi?

-ABŞ daxilində də Trampın mövqeyində müəyyən zəifləmə müşahidə olunur. Qiymətlərin və benzinin bahalaşması, demokratların seçkiyə daha güclü hazırlaşması, Tramp administrasiyasına qarşı tənqidlərin artması onun reytinqinə təsir göstərir. Hətta Trampın ən sadiq tərəfdarlarının toplandığı MAGA çevrələrində belə əvvəlki dəstəyin müəyyən qədər zəiflədiyi görünür.

Ümumiyyətlə, Trampın beynəlxalq imicinin də əvvəlki kimi güclü olduğunu düşünmürəm. Bir çox ölkədə ona münasibət kifayət qədər mənfidir. Bəzi ölkələrin hakimiyyətləri isə Trampa müəyyən mənada yaxın görünməyə çalışırlar. Məncə, onların əsas məqsədi Trampdan müəyyən dividendlər əldə etmək, problemlərlə üzləşməmək və öz maraqlarını qorumaqdır.

-Sizcə, Tramp bu siyasəti bundan sonra da davam etdirəcəkmi?

-Mən güman edirəm ki, Tramp bu siyasəti müəyyən müddət davam etdirəcək. Yəni nə tam sülhə gedəcək, nə də tammiqyaslı razılaşmaya. İran deyir ki, əvvəlki protokollara və razılaşmalara sadiqdir və onları icra etməyə hazırdır. Tramp isə bunu qəbul etmir və təzyiq siyasətini davam etdirir. Həm blokadanı, həm iqtisadi təzyiqləri, həm də sanksiyaları saxlayır və lazım gəldikdə İran ərazisinə zərbələr endirmə ehtimalını da açıq saxlayır.

Bu, bir növ “biz buradayıq və istənilən vaxt zərbə endirə bilərik” mesajıdır. Amma etiraf etmək lazımdır ki, ABŞ və İsrail indiyə qədər qarşılarına qoyduqları bütün məqsədlərə nail ola bilməyiblər. Təbii ki, hərbi baxımdan güclüdürlər və heç kim bunu inkar etmir. Lakin əgər məqsəd İran hakimiyyətinin dəyişdirilməsi, İranın hərbi və strateji imkanlarının tamamilə sıradan çıxarılması və ya İranın bütün imkanlarının əlindən alınması idisə, bunların heç biri tam şəkildə reallaşmayıb.

-Bəs, ABŞ-nin bundan sonrakı hərbi hazırlıqları və Hörmüz boğazı məsələsi sizcə hansı istiqamətdə inkişaf edə bilər?

-Gündəmin əsas məsələlərindən biri Hörmüz boğazıdır. Bu da göstərir ki, vəziyyət hələ tam həll olunmayıb. Bəlkə də bütün bunlar Trampın istifadə etdiyi xüsusi bir siyasət modelidir. Mən bunu yumşaldıcı və sərtləşdirici addımların növbələşdiyi siyasət kimi qiymətləndirirəm.

Bu siyasətlə həm zaman qazanmağa, ABŞ-da qiymət artımının daha da sürətlənməsinin qarşısını almağa, dekabr seçkilərinə qədər vəziyyəti nəzarətdə saxlamağa, həm də İrana təzyiqi davam etdirməyə çalışa bilər. Eyni zamanda, İran daxilində sosial narazılığın və siyasi fikir ayrılıqlarının artacağına ümid edilir.

Amma mən bunun nəticə verəcəyinə əmin deyiləm. Xüsusilə də seçkilərdən sonra Trampın siyasətinin hansı istiqamətdə dəyişəcəyini əvvəlcədən demək çətindir. Ümumiyyətlə, Trampın açıqlamalarına tam şəkildə inanmaq da mümkün deyil. O, bir tərəfdən hücum edəcəyini deyir, digər tərəfdən “danışaq” mesajı verir. Beləliklə, məsələni daim qeyri-müəyyən vəziyyətdə saxlayır və qarşı tərəfdə hər an yeni hücum ola biləcəyi düşüncəsini formalaşdırır.

Görünür, bu zaman ərzində ABŞ öz imkanlarını artırmağa, müxtəlif yerlərdən hərbi resurslar toplamağa və müəyyən hazırlıqları tamamlamağa çalışır. Baxmayaraq ki, belə hərbi hazırlıqların qısa müddətdə tam şəkildə həyata keçirilməsi çətindir. Bunun üçün bəzən bir il, il yarım, hətta iki il lazım ola bilər. Amma görünür, Tramp müxtəlif istiqamətlərdən imkanlarını genişləndirməyə çalışır.

-Son olaraq, əvvəl imzalanmış protokolların taleyi ilə bağlı mövqeyiniz necədir?

-Hər halda, hazırda ABŞ-nin əvvəl imzalanmış protokollara qayıtmaq niyyətində olmadığı görünür. Mən əvvəl də demişdim ki, bu protokollara tam şəkildə inanmaq olmaz. Ola bilər ki, burada görünəndən başqa məqsədlər də var. Bizdə belə bir ifadə var: “Kasanın altında bir yarım kasa da var”. Yəni, görünən məsələnin arxasında başqa hesablamaların olması mümkündür. Hər halda, bundan sonra proseslərin necə inkişaf edəcəyini görəcəyik.