"Almaniya və Türkiyədə törədilən terraktların bağlılığı ola bilər" - POLİTOLOQ




Almaniya və Türkiyədə törədilən terror aktlarının bağlılığı ola bilər.

Bunu Sherg.az-a ötən gün Almaniyanın paytaxtı Berlində törədilən terror hadisəsi ilə bağlı danışarkən politoloq Qabil Hüseynli deyib. 

O bildirib ki, Türkiyədə törədilən terror hadisələrinin əsas təşkilatçıları müxtəlif dini qruplaşmalar və ölkəni parçalamağa çalışan qüvvələr, terror təşkilatlarıdır: 

"Son zamanlar bu hadisələrin artmasının isə Türkiyənin xarici siyasəti ilə də birbaşa bağlılığı var. Ankara və Kayseridə törədilən terrorlardan sonra Rusiya səfirinin Türkiyədə qətlə yetirilməsi də ictimaiyyətdə böyük səs küyə səbəb oldu. Bütün bu hadisələrin gedişində Türkiyə və Rusiya münasibətlərinə zərbə vurulmasına zəmin yaranır. Rusiya səfirini vuran şəxsin Suriyadakı hadisələrdən danışması da diqqət edilməli məqamdır. Ötən günlərdə Almaniyada baş verən terror hadisəsi də müəyyən qədər Türkiyədəki terrorlar ilə oxşarlıq təşkil edir. Berlində törədilən qanlı hadisənin ictimai məkanda, yeni illə əlaqədar təşkil edilmiş yarımarkada törədilməsi bunun miqrantlarla əlaqəsi ehtimalını artırır. Ümumilikdə isə baş verən bu terror aktlarının müəyyən bağlılığının olması istisna deyil”.

Qeyd edək ki, ötən günlərdə Almaniyanın paytaxtı Berlində terror hadisəsi baş verib. Məlumata görə, hadisə nəticəsində 9 nəfər ölüb, 50-ə yaxın xəsarət alan var.

Aysel Aslan