“Dəmiryolu çəkilişinin reallaşması Ermənistan iqtisadiyyatına yeni nəfəs verə bilər”
Uzun illərdir Ermənistan blokada şəraitindən çıxmaq üçün bütün gücü ilə çalışır. Sarkisyan rejimi hakimiyyəti dövründə çox əlləşsə də, nəticə əldə edə bilmədi. Reallıq odur ki, Dağlıq Qarabağ problemi həll edilmədən düşmən ölkənin Türkiyə və Azərbaycanla kommunikasiya əlaqələri qurması, regional layihələrə qoşulması mümkün deyil.
Bu baxımdan İrəvan, heç olmasa, Ermənistanı Rusiya ilə birləşdirəcək trans-Abxaziya dəmir yolunun və Osetiya avtomobil yolunun işə düşməsinə cəhd göstərir. Layihəni həyata keçirmək üçün ötən ilin sonlarında eks-prezident Sarkisyan və sabiq baş nazir Karen Karapetyan ard-arda Tiflisə səfərlər etdilər. Lakin Tiflisin Bakı və Ankara ilə əlaqələri erməni yuxusunun çin çıxmasına mane oldu. Çünki bu əlaqələr iqtisadi-kommunikasiya sferalarından əlavə, strateji əhəmiyyətli hərbi və təhlükəsizlik sahələrini da özündə ehtiva edir.
Üç ölkə arasında dayanıqlı formatın yaranması Tiflisin İrəvanın lehinə qərar verməsini mümkünsüz edir. Burada söhbət Abxaziyadan keçən və 20 ildən çoxdur fəaliyyətsiz qalan dəmir yolunun işə salınmasından, həmçinin Ermənistana alternativ avtomobil yolunun açılmasından gedir. Məsələ ilə bağlı Çexiyanın paytaxtı Praqada mayın 24-də Rusiya və Gürcüstan rəsmi nümayəndələri - Georgi Abaşizde və Qriqori Karasin arasında növbəti həlledici görüş nəzərdə tutulub. Bəzi məlumatlara görə, bu dəfə tərəflər anlaşmaya xeyli yaxınlaşıblar. Rusiya XİN nümayəndəsinin ötən gün Abxaziyada separatçı rejimlərin rəhbərlərini bir araya gətirməsi də müəyyən razılaşmaların mövcudluğundan xəbər verir.
Layihə barədə "Şərq”ə danışan AĞ Partiya başqanı Tural Abbaslı məsələnin müsbət həllini tapacağı ehtimalını istisna etməyib. Onun sözlərinə görə, sərt etirazlara rəğmən, dəmiryolu xəttinin çəkilişi məsələsi yekun mərhələyə qədər gətirilibsə, deməli, rəsmi Bakının mövqeyi nəzərə alınmayıb:
"Əgər adı hallanan üç ölkə məsələyə hansısa əngəl yaratmazsa, iş başa çatdırılacaq. Prosesin önünü almaq üçün zamanında preventiv addımlar atılmalı idi. Ancaq görünür, dövlətimizin
xarici işlərindən məsul olan şəxslər bu işin öhdəsindən gələ bilməyiblər”. Partiya rəhbəri hesab edir ki, dəmiryolu çəkilişinin reallaşması Ermənistan iqtisadiyyatına yeni nəfəs verə bilər: "Müəyyən qədər ticarət mübadiləsi artacaq, yükdaşımalarda canlanma olacaq. Lakin qətiyyən düşünmürəm ki, bir dəmiryolu xəttinin çəkilişi ilə Ermənistan iqtisadiyyatı ayağa qalxacaq və miqyaslı inkişafa nail olacaq. Amma biz yenə də arxayın olmamalıyıq.
Unutmayaq ki, Ermənistan iqtisadiyyatına qoyulan hər bir kərpic düşmən ordusuna təsir göstərəcək. Baş verənlərdən lazımi dərs çıxarmalı, zəruri addımlar atmalıyıq. Əks təqdirdə proses artan xətt üzrə davam edəcək. Hazırda müasir dünyanın hesablaşdığı yeganə amil gücdür. Biz də bunu nəzərə almalıyıq”.
İsmayıl