Avropada spirtli içki qəbul edənlər daha çox varlılardı

Azərbaycanda isə belə bir statistika hazırlansa, yoxsullar üstünlük təşkil edəcək





Xarici sosioloqların tədqiqatları göstərir ki, 2017-ci ilin yekunlarına görə, spirtli içkidən ən çox istifadə edənlər qazancı yaxşı olan peşə sahibləri - hüquqşünaslar, memarlar, yüksəkixtisaslı həkimlər və müəllimlərdir. Spirtli içkini ən az içənlər isə sosial işçilər və fəhlələrdir.

Beləliklə, ildə 11 min avrodan az qazancı olanlar, bir qayda olaraq, ayda iki dəfədən çox spirtli içki qəbul etmirlər. Müqayisə üçün bildirilir ki, illik 45 min avrodan çox gəliri olanlar spirtli içkilərdən həftədə minimum bir dəfə istifadə edirlər.
Alkoqollu içkilərdən istifadə etməyənlərin əksəriyyəti 25-64 yaş qrupundan olan insanlardır. Maraqlı odur ki, içki həvəskarlarının böyük bir hissəsi 65 yaşı adlamış insanlardır.


Tədqiqatın nəticəsi ilə ölkəmizdəki durumun müqayisəsini aparsaq görərik ki, bizdə spirtli içkini daha çox qəbul edənlər arasında maddi durumu aşağı olanlar çoxluq təşkil edir. Təbii ki, Azərbaycanda da yaxşı peşə sahibləri içki qəbul edirlər, lakin burada əsas yeri az qazanclı şəxslər tutur desək yanılmarıq. Xaricilərin içkini bir növ istirahət etmək kimi, hətta hər gün qəbul etdiyi danılmazdır. Bəs ölkəmizdə bu mövzu ilə bağlı, sosioloji tədqiqat varmı?

Xarici sosioloqların apardığı tədqiqatların nəticəsi ilə mühitimiz arasında fərqli məqamlar olduğunu deyən sosioloq Əhməd Qəşəmoğlu "Şərq”ə açıqlamasında ölkəmizdə içkini qəbul edənlər arasında yoxsulların daha çox olduğu fikrini təsdiqləyib: "Qərb cəmiyyəti uzun müddətdir ki, formalaşıb. Onların asudə vaxtlarını necə keçirməklə bağlı vərdişləri kifayət qədər aydındır. İstirahəti nə cür təşkil etmək, necə şənlənib vaxt keçirmək - bütün bunlarla bağlı qərbdə uzun illər boyu formalaşmış ənənələr var. Təəssüf ki, cəmiyyətimizdə uzun illərdir xaos davam edir. İndi azalsa da, xaosun nəticələri yenə özünü göstərməkdədir.

Əvvəllər sovet dövründə tamam başqa rejim idi. Avropa rejimi isə tamamilə başqa cürdür. Bizdə islam faktoru var. İslam faktoru özü içkinin əleyhinə olduğuna görə, bizdə pullu insanların bir çoxu islami dəyərlərə önəm verir və bunun üçün də imkanlı şəxslər arasında içməyənlər var. Ola bilər ki, bu fakt ölkəmizdəki statistikaya təsir etsin. Avropada insanlar spirtli içkini kefdən, bizimkilər isə qəmdən içir. Dediyim kimi, onlarda müvafiq istirahət normaları formalaşıb, bizdə isə yox.

Xarici sosioloqların apardığı bu tədqiqatın cəmiyyətimizə heç bir aidiyyəti yoxdur. Bizim əlimizdə heç bir sosioloji sorğunun nəticələri olmasa da, sosioloqun hər hansı bir sorğunu keçirməzdən əvvəl fərziyyəsi olur. Sosioloji fərziyyə ilə deyə bilərəm ki, bəli, ölkəmizdə daha çox içki içənlərin statistikasını hazırlasaq, burada yoxsullar üstünlük təşkil edər”.

Yeganə Bayramova