Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Ankarada yeni metro layihələrinin həyata keçirilməsi üçün Prezident Administrasiyası və Maliyyə Nazirliyinin razılığının tələb olunduğunu bildirib. O, bu məsələ ilə bağlı Türkiyə Prezidenti ilə keçirdiyi görüşün siyasi məqsədlərlə şərh edilməsinə münasibət bildirib.
Yavaş siyasi fikir ayrılıqlarının bələdiyyə idarəçiliyinə təsir etməməli olduğunu vurğulayaraq, “Ayrılıqda əzab var, birlikdə isə rəhmət var” deyib.
Sherg.az xəbər verir ki, Yavaş bu fikirləri Kocatepe Mədəniyyət Mərkəzində keçirilən Ankara Şəhər Şurasının 7-ci növbədənkənar Baş Assambleyasında çıxışı zamanı səsləndirib.
O, Ankara Şəhər Şurası vasitəsilə 1,3 milyon insanın şəhərin idarə olunmasında iştirak etdiyini bildirib və şəhərin idarəçiliyinə töhfə verən hər kəsə təşəkkür edib.
Yavaş Ankaranın yeni metro investisiyalarına ehtiyacı olduğunu qeyd edərək deyib:
“Dəyişdirilən qanunvericiliklə böyük investisiyaların həyata keçirilməsi üçün Maliyyə Nazirliyinin və Prezident Administrasiyasının razılığının alınması məcburiyyəti gətirilib. Bu şəhərdə dövlət rəsmiləri ilə mübahisə etməyi bir kənara qoyaq, bu ölkənin Prezidenti ilə mövcud səlahiyyət çərçivəsində görüşərək metro layihələrinin proqrama daxil edilməsi, 1,3 milyard dollarlıq bu metrolara xərclənəcək vəsaitə icazə verilməsi, eyni zamanda təxminən 800 milyon avro məbləğində və yalnız Prezidentin razılığını tələb edən xəzinə istiqrazlarının buraxılması ilə bağlı şəxsən keçirdiyimiz görüşün belə necə spekulyasiya edildiyini hamımız görürük.
Sistem belədir. Əgər biz bu ölkəni idarə edənlərlə görüşməyəcəyiksə, bu ölkədə, Ankarada fərqli düşüncələrə sahib olan, amma bu şəhərdə yaşayan və bələdiyyəyə eyni şəkildə vergi ödəyən, bu həyatı birlikdə paylaşdığımız insanlardan ayrı qalmağımız mümkündürmü?”
Yavaş hazırda da siyasi baxımdan belə ayrılıqların yaşandığını bildirib:
“Yuxarı səviyyədəki fikir ayrılıqlarının şəhər idarəçiliyinə, bələdiyyə sədri kimi bizə heç bir aidiyyəti olmadığı qənaətindəyəm. Bələdiyyə Məclisində imkan olduqda birlikdə, səs birliyi ilə qərar qəbul etməyə çalışırıq. Səs birliyi ilə qərar qəbul etdikdə daha da xoşbəxt oluruq. Ayrılıqda əzab var. Yuxarıdakılar istədikləri qədər ayrılsınlar. Biz Ankara sakinləri olaraq aşağıda hər məsələdə, hər cür düşüncəyə sahib insanlarla birlikdə yaşamağa davam edəcəyik”.
Yavaş Ankara sakinlərinin ona verdiyi vəzifəni səlahiyyət müddətinin sonuna qədər ən yaxşı şəkildə yerinə yetirməli olduğunu və gündəlik siyasi mübahisələrə vaxt ayıra bilməyəcəklərini bildirib.
Proqramdan ayrılarkən onu gözləyən jurnalistlərə də münasibət bildirən Yavaş deyib:
“Dostlar, bu sualları yaxın zamanda toplaşanda hamımız birlikdə müzakirə edəcəyik. Hazırda danışacaq heç nə yoxdur. Ayrılıqda əzab var, birlikdə rəhmət var”.