“Azərbaycanda 600 min sahibsiz it və pişik var”

Leyla Əlizadə: “Sahibsiz heyvanların sayını azaltmağın ən doğru yolu onların axtalanmasıdır”"Bu işin öz dəyəri var. Pişiklərin axtalanması üçün 60 manat, itlərə görə isə 150 manat tələb olunur"
Ev heyvanlarının saxlanması qaydalarına dəyişiklik edilib. Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalara görə, bundan sonra ev heyvanlarının xarici görkəmində müalicədən kənar hər hansı dəyişiklik etmək qadağan olunur. Qaydaları pozan şəxslər 200 manat cərimə ediləcəklər. Məlumdur ki, bəzən insanlar it və pişiklərin xarici görkəmində dəyişiklik edir. İtlərin qulaqlarını kiçildir, quyruğunu kəsir, pişiklərin də dırnaqlarını kəsirlər. Heyvan sahibləri bunu guya xeyirxah məqsədlə etdiyini deyir.
Guya qulağı kəsilmiş it daha yaxşı eşidir, həssas olur, quyruğu da nə qədər qısa olsa, bir o qədər xeyirlidir. Pişiklərin dırnaqlarını isə evdəki əşyaları cırmaqlayıb korlamasın deyə, qayçılatdırırlar. Amma yeni qaydalara əsasən ev heyvanları üzərində yalnız sağlamlıqları təhlükə altında olarsa, hər hansı cərrahiyyə əməliyyatı aparılmasına icazə verilir. Digər hallarda isə, belə hərəkətlər qanun pozuntusu sayılacaq və vətəndaşlar cərimə olunacaq.
Əslində, insanlara qarşı heyvancasına davranılan hazırkı dünyamızda bəşər övladından heyvanlara insani münasibət gözləməyə bəlkə heç dəyməz də. Bununla belə dünyada bir çox təşkilatlar var ki, heyvanların müdafiəsi ilə məşğuldur və canlılarla humanistcəsinə davranılmasını təbliğ edirlər.
Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə bu fikirdədir ki, ev heyvanlarının xarici görkəmində sadəcə, zahiri dəyişiklik aparmaq məqsədilə hansısa əməliyyat etmək, düzgün deyil və bu, heyvanlara qarşı qəddarlıqdır:
- Cərimənin məbləği artırıldıqda, insanlar belə hərəkətlər etməkdən daha çox çəkinirlər. Cərimələr də artırılmalıdır, cinayət məsuliyyəti də nəzərdə tutulmalıdır. Çünki kimlərsə tərəfindən həyata keçirilən bu cür hərəkətlər heyvanlara qarşı qəddarlıqdır, vandalizm hərəkətlərinin təbliğinə rəvac verir. Hansı heyvan cinsi necə yaranıbsa, elə də qalmalıdır. Heyvan da canlıdır. Onun üzərində aparılan hansısa "estetik” əməliyyat heyvanı incidir. Azərbaycan 2007-ci ildə evsiz heyvanların müdafiəsi ilə bağlı Avropa Konvensiyasına qoşulub. Belə olduğu təqdirdə Konvensiyanın şərtlərinə biz də əməl etməliyik.
L.Əlizadə bildirdi ki, sahibsiz heyvanlarla bağlı dəqiq statistika aparılmasa da, bu sayın 600 mindən artıq olduğunu demək mümkündü:
- Apardığımız araşdırmalara əsasən deyə bilərəm ki, hazırda təxminən 600 minə yaxın sahibsiz it və pişik var. Sahibsiz heyvanlarla mübarizə həmişə aktual olub. Lakin bunun düzgün, humanist yolu seçilməlidir. Bəzən xarici, həmçinin yerli telekanallarda da görürük ki, sahibsiz itlərə qarşı necə qeyri-insani davranırlar. Harda gəldi, tuturlar, güllələyirlər, yandırırlar. Bu heyvanları heç bir halda güllə ilə vurmaq, öldürmək, şikəst etmək olmaz. Heyvanları öldürmək qadağandır və buna görə cinayət məsuliyyəti nəzərdə tutulur. Yalnız heyvan xəstədirsə, onun məhv edilməsinə icazə verilir. Bu da ona iynə vurulması və "yatızdırılması” yolu ilə olmalıdır. Bakıda Sahibsiz Heyvanlara qarşı Mübarizə İdarəsi fəaliyyət göstərir. Bu idarə çağırışlar əsasında sahibsiz heyvanları toplayır, bəzən güllə ilə vururlar, heyvan yerdə qalıb saatlarla can verir. Bəzən balaca itləri tutub başını yerə çırpırlar, onlarla qəddarcasına davranırlar. Yarımcan heyvanı sonra da yandırırlar. Bunu idarə "ərazilərin sahibsiz heyvanlardan təmizlənməsi” adı altında həyata keçirir. İdarəyə dövlət büdcəsindən pul ayrılır. Biz dəfələrlə idarəyə müraciət etmişik ki, gəlin, əməkdaşlıq edək. Ancaq onlar bizimlə işləmək istəmir. Biz sadəcə, sahibsiz heyvanlarla humanistcəsinə davranılmasını istəyirik. Çünki onlar da canlıdır.
L.Əlizadənin fikrincə, sahibsiz heyvanların sayını azaltmağın ən doğru yolu onların axtalanmasıdır. Avropa ölkələrində də bu üsuldan istifadəyə icazə verilir:
- Ancaq bu yolla sahibsiz heyvanların sayını azaltmaq mümkündür. Bu işlər rəsmi qaydada, dövlət strukturu tərəfindən həyata keçirilməlidir. Məsələn, Avropada iti, pişiyi olanlar buna özləri qərar verir. Bəzən axtalayırlar, bəzən də yox. Kim heyvanın nəsil verməsini istəyirsə, bunun üçün müvafiq strukturlardan xüsusi lisenziya alır. Azərbaycanda təəssüf ki, bu məsələ də həllini tapmayıb. Fərdi qaydada müraciətlər olur. Bu işin öz dəyəri var. Pişiklərin axtalanması üçün 60 manat, itlərə görə isə 150 manat tələb olunur. Biz hesab edirik ki, sahibsiz heyvanlarla mübarizə işi Baytarlıq İdarəsinə həvalə edilməlidir. Bu işlə baytar həkimlər məşğul olmalıdır. Amma Sahibsiz Heyvanlara qarşı Mübarizə İdarəsində baytar həkim yoxdur. Onlar yalnız ovçudurlar. Heyvanları ovlayıb, qəddarlıqla öldürməklə məşğuldurlar.
L.Əlizadə qeyd etdi ki, bir problem də sahibsiz heyvanlar üçün yetərli sayda sığınacaqların olmamasıdır:
- Biz sahibsiz heyvanları şəxsi təşəbbüslər hesabına qoruyuruq. Tanıdığımız şəxslərə müraciət etməklə sahibsiz, şikəst heyvanların saxlanmasına nail oluruq. Bu heyvanlara qulluq edəcək ayrı-ayrı şəxslər tapılır və onlara bunun müqabilində pul ödənilir. İstər ev heyvanları olsun, istərsə də təbiətdəki heyvanlar, onlarla insancasına davranılmalıdır. Biz heyvan deyilik ki, heyvani davranış sərgiləyək. Məncə, heyvanlarla bağlı maraqlı videoçarxlar hazırlamaq, onların yayımını təşkil etmək lazımdır. Bu cür videoçarxlar insanlarda, xüsusilə də kiçik yaşlı uşaqlarda təbiətə, heyvanlara, ümumilikdə canlılara, bəşəriyyətə mərhəmət hissinin formalaşmasına böyük təsir edə bilər.
L.Əlizadə xüsusən qış aylarında, soyuq, şaxtalı havada ev heyvanlarının küçəyə atıldığını, soyuqdan və aclıqdan donub öldüklərini xatırlatdı:
- Fikir verirsinizsə, qonşu Türkiyədə parklarda, bağçalarda sahibsiz heyvanlar üçün yem qutuları, su qabları qoyulur. İnsanlar ora artıq qalan yeməklərini qoyur, qablara su tökürlər. Hətta küçədə sahibsiz itləri yemləyənlər də var. Bizdə isə bu mərhəmət hissi hələ formalaşmayıb.
Bizim camaat sahibsiz heyvan görəndə, əksinə, onu təpikləyib qovur. Canlıları Yaradan xətrinə sevmək lazımdır. Axı onları da Allah yaradıb.
Məlahət Rzayeva