Bakıda UEFA Avropa Liqasının finalı: ölkəmiz tanınacaq, turizm inkişaf edəcək, investorlar gələcək, həqiqətlərimiz çatdırılacaq

"Avroliqanın final oyununa 100-dən çox ölkədən 50 000-dən çox bilet alınıb”.
Bunu "Sherg.az”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.
İqtisadçı deputat bildirib ki, yarışın ölkəmizə iqtisadi cəhətdən faydaları birbaşa və dolayıdır:
"Belə ki, yarışı izləməyə gələn çoxsaylı azarkeşlərin turist kimi turizm sektoruna birbaşa iqtisadi faydaları var. Hotel, restoran, nəqliyyat, alış-veriş və digər xidmətlərdən istifadə edən turistlər bu sektora birbaşa fayda vermiş olurlar. Digər tərəfdən yarışı dünyada 1 milyarddan çox tamaşaçı izləyəcək. 
Azərbaycanın, Bakının bu böyük auditoriya qarşısında müsbət mənada və cəlbedici formada tanıdılması, Bakının gözəlliklərinin təlqin edilməsi və Azərbaycanın bölgədə ən sabit ölkə kimi tanınması ölkəmizə gələcək turislərin sayını artıracaq. Həmçinin, xarici investorların regiondakı investisiya qərarlarında Azərbaycanın xeyrinə qərar verməyə sövq edəcək. Tədbir həm də Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına xidmət edəcək”.
İsmayıl