“Bəzi müxalif qüvvələr Respublika Gününü siyasi istismar vasitəsinə çevirməyə cəhd edir”





Mayın 28-də Müsavat Partiyası və Milli Şura ayrı-ayrılıqda Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önündə aksiya keçiriblər. Hər iki aksiya ilə bağlı bir həftə əvvəldən sosial şəbəkələrdə anonslar səsləndirilib.

Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, Müsavat Partiyasının aksiyasında təşkilatın rəhbərliyi və üzvlərindən ibarət 220 nəfər, Milli Şuranın keçirdiyi aksiyada isə Milli Şura Koordinasiya Şurasının üzvləri və AXCP-nin üzvü olan 330 nəfər iştirak edib.

Baş verənlərlə bağlı "Sherg.az”a danışan millət vəkili Hikmət Babaoğlu təəssüflə bildirib ki, hər bir azərbaycanlı üçün mühüm olan belə tarixi gün bəzi müxalif qüvvələr tərəfindən siyasi istismar vasitəsinə çevrilməyə cəhd edilir.

Deputat qeyd edib ki, edilən cəhdlərin heç bir baş tutmur çünki, xalqımız milli maraqlarımızın təmsil edilməsi üçün əlindən gələni edir:

"28 may Azərbaycanda milli səviyyədə qeyd olunan bayramımızdır. Bir il öncə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar ölkə başçısı sərəncam imzaladı və 2018-ci il cümhuriyyət ili kimi elan olundu. Hər il bu tədbirlər sırasında rəsmi qəbul keçirilir və Prezident Cümhuriyyət qurucularının şərəfinə qoyulmuş abidəni ziyarət edir”.

Deputat vurğualyıb ki, 28 may günü Novxanıda aksiyaların pərakəndə şəkildə keçirilməsi, Cümhuriyyət qurucularına yaraşmayan şəkildə tədbirlərin təşkili milli ideyalara, ənənələrə və tariximizə hörmətsizlikdir:

"Heç bir halda yol vermək olmaz ki, xalqımızın 101 il bundan əvvəl qurduğu dövlət kiminsə siyasi istismar vasitəsinə çevrilsin və kimsə bundan divident qazanmağa çalışsın. Azərbaycan xalqı məsələnin fərqindədir. Xalqımız görür ki, heç bir halda siyasi divindent qazana bilməyən vətəndaşları, müxtəlif siyasi dünyagörüşün daşıyıcısı olan insanları öz ətrafında toplaya bilməyən ayrı-ayrı müxalif qruplar gündəmdə qalmağa çalışırlar. 

Azərbaycan xalqı bütün bunları qınayır. Dünya tarixini bilən, dövlətçilik şüurunun daşıyıcısı olan hər bir vətəndaş bilir ki, bu mühüm tarixi hadisəni belə şəkildə manipulyasiya etməklə siyasi qazanc əldə etmək mümkün deyil. Baş verə hadisələrdən görürük ki, müxalifət düşərgəsində olan ayrı-ayrı tərəflər ümummilli bayramı bir yerdə qeyd edə bilmir. Bu da onların tarixi hadisələrə yanaşmansının göstəricisidir. Azərbaycan xalqı dövlətçilik və Cümhuriyyət ənənələrinə sadiqdir, bir sıra dövlətçilik bayramını təntənə ilə qeyd edir. Dövlətçiliyimizin əleyhinə olan xırda aksiyalar xalq tərəfindən qəbul edilmir”.

Yeganə Bayramova