Bolluq olar...

Hər bir məhsul bazardakı tələbata uyğun yetişdirilməlidir
"Problem odur ki, bizdə növbəli əkin sistemi tətbiq olunmur və hər il eyni məhsul əkilir"


Kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, xüsusən regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Kənd təsərrüfatının əməktutumlu sahələrinin inkişaf etdirilməsi qısa müddətdə bu sektorda daha çox insana iş imkanı verir. Sürətlə böyüyən və dəyişən kənd təsərrüfatı bir çox hallarda riskli və bir o qədər də kiçik və orta sahibkarlıq fəaliyyətində gəlirli sahə kimi dəyərləndirilir. 

Dünya enerji bazarında yaşanan proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsiri nəticəsində iqtisadiyyatın digər sektorlarda işini itirənlərin yenidən kənd təsərrüfatına üz tutmaları da deyilənlərin bariz nümunəsidir.

 Lakin bütün sahələr kimi, kənd təsərrüfatında da illik müxtəlif iqtisadi, sosial və təbii səbəblərdən asılı olaraq qiymətlərdə artıb-azalmalar baş verir. Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı sahəsində müəyyən problemlərin olduğu sirr deyil. Xüsusən də, istehsal olunmuş məhsulların realizəsi sahəsində ciddi problemlər var.

 Belə ki, aqrar məhsul istehsalçıları öz məhsullarının ölkə bazarlarında və xarici ölkələrdə satışını lazımi səviyyədə təşkil edə bilmirlər. Burada həm nəqliyyat-daşınma, həm logistika, həm də sənədləşdirmə işlərində müəyyən çətinliklər mövcuddur. Bununla yanaşı, bazarlarda yer tapmaq məsələsi də əngəl yaradır.

Məhsulların yetişdirilməsi və qiymətləri tənzimlənmir, nəticədə...

Xatırladaq ki, bir çox ölkələrdə kənd təsərrüfatı məhsullarının dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada alışı təşkil olunur. Tələbata uyğun olaraq dövlət əvvəlcədən istehsalçılara sifarişini verir və məhsul hazır olanda onu optimal qiymətə alır. Burada həm ölkənin ərzaq təhlükəsizliyi, həm yerli istehsalçıların dəstəklənməsi, həm də aqrar məhsulların xarici bazarlarda tanıdılması cəhətdən dövlətin maraqları var. Respublikamızda belə bir sistemin yaradılması məsələsi uzun illər aktual olub. Çünki yerli bazarlar alverçilər tərəfindən tutulduğundan kəndlilərin və fermerlərin öz məhsullarını bazarlara çıxarmaq imkanları məhdud olur. İxrac məsələsində isə onlar daha çox problemlərlə üzləşirlər. Bu halda qeyd etdiyimiz sistemin yaradılması qaçılmaz zərurət halına gəlir. Ən mühüm problemlərdən biri isə əkin sahələrinin və fermerlərin düzgün istiqamətlənməməsidir. Bizim bazarlarda qiymətlər tənzimlənmir, nəticədə sahibkarlar və xırda fermerlər bu il miqdarı az, qiyməti yüksək olan məhsulları gələn il daha çox əkirlər. Nəticədə həmin məhsul bazarda çoxaldığı və tələbatı aşdığı üçün qiyməti maya dəyərindən aşağı düşür. Daha çox ehtiyac duyulan zəruri kənd təsərrüfatı məhsulları isə becərilmir. Ekspertlərə görə, problemin qarşısını almaq üçün mütləq tənzimləyici mexanizmlər yaradılmalıdır.

Statistik rəqəmlər nəyi göstərir?

2018-ci ilin may ayında aprel ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,7 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,2 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,1 faiz ucuzlaşıb. 2018-ci ilin 7 ayı ərzində bütün regionlar daxil olmaqla 26 min 335 ton məhsul tədarük olunub. Tədarük olunmuş məhsullar arasında un və un məhsulları, o cümlədən tərəvəz məhsulları üstünlük təşkil edib. Cari dövrdə 3 milyon 88 min kq. məhsulun ixracı həyata keçirilib. İxrac olunan məhsullar Rusiya bazarlarında realizə olunub. İxrac olunan məhsullar arasında meyvə-giləmeyvə və tərəvəz üstünlük təşkil edib. Bu rəqəmlər 2017-ci və 2016-cı illərlə müqayisədə xeyli fərqlidir. Amma problem ondadır ki, istehsal olunan məhsulların miqdarı, yəni kənd təsərrüfatı məhsullarının becərilməsi hansısa müvafiq qurumun əsaslandırılmış tövsiyyəsinə əsasən reallaşmır. Ortaya çıxan statistik rəqəmlər orta və xırda sahibkarların planlaşdırılmamış qərarları sayəsində meydana gəlir.

"Növbəli əkin sistemi tətbiq olunmur və hər il eyni məhsul əkilir”

İllərdir müzakirə olunan problemlərlə bağlı "Şərq”ə danışan iqtisad elmləri namizədi, Azərbaycan İqtisadçılar Klubunun prezidenti Nazim Bəydəmirli deyib ki, xarici praktikaya baxsaq, görərik ki, hər bir məhsul bazardakı tələbata və torpağın bioloji xüsusiyyətinə uyğun olaraq yetişdirilir: "Hər bölgənin özünəxas torpağı var. 

Torpağın münbitliyinə uyğun olaraq hansı məhsulların orada yetişdirilməsi daha məqsədəuyğundursa, əkin o istiqamətdə aparılmalıdır. Xaricdə bunu proqnozlaşdıran elmi-tədqiqat institutları, praktiki bu işlə məşğul olan xüsusi qurumlar var. Müxtəlif ölkələrdə, o cümlədən Türkiyədə və ABŞ-da belə təşkilatlar pulsuz xidmət göstərir və fermerlərə yardım edirlər. Çünki dövlət özü bu prosesdə maraqlı olur və istəyir ki, kəndli hər il davamlı olaraq eyni məhsulu əkib, becərməsin. Problem odur ki, bizdə növbəli əkin sistemi tətbiq olunmur və hər il eyni məhsul əkilir. Ehtiyac oldu-olmadı bunu edirlər. Vaxtı ilə əhaliyə pay torpaqları paylandığı üçün xırda torpaq sahələrində intensiv becərilmə aparıla bilmir. Maşın mexanizmləri də tətbiq olunmur. O baxımdan həm məhsuldarlıq ildən-ilə azalır, həm də bazarda qeyri-stabil vəziyyət hökm sürür”.

"Bazar prinsipləri bazarın görünməyən əli ilə tənzimlənməlidir”

İqtisadçı bildirib ki, məhsulların il boyu saxlanılması mümkün olmadığına, normal istilik mərkəzləri çatışmadığına görə ciddi problemlər ortaya çıxır: "İstehsalçı ilə istehlakçı arasında zəncir qırılıb. Onları əlaqələndirən, bu funksiyanı yerinə yetirən qurumlar yoxdur. Vurğulamaq istərdim ki, həmin qurumlar bazar iqtisadiyyatının instrumentləri ilə yaradılmalıdır. Daha doğrusu, özləri yaranmalıdır. Hər məsələni inzibati yolla tənzimləmək doğru və mümkün deyil. Bizdə müxtəlif logistik mərkəzlər yaradılır və sahibkarlar konkret hansısa məhsulu əkməyə məcbur edilir. Nəticə etibarı ilə disbalans yaranır. Bazar prinsipləri bazarın görünməyən əli ilə tənzimlənməlidir. Yəni sahibkar özü qərar verməlidir ki, bu il pambıq, pomidor, yoxsa kartof və ya buğda əksin. Təbii ki, torpağın məhsuldarlığı və ya əlverişli "torpaq rayonu” haqda dövlət orqanları sahibkara məsləhət verməlidir. Dövlət orqanları dedikdə elmi şəkildə əsaslandırılmış və prosesi tənzimləyən qurumları nəzərdə tuturam. İnzibati yolla iqtisadiyyatı tənzimləməyə, müxtəlif kampaniyaçılığa baş vuracayıqsa, rayonlarda keçmiş ənənələrə uyğun məhsulların əkilməsini tələb edəcəyiksə, pərakəndəlik yaranacaq və müsbət nəticə olmayacaq”.

"Sahibkar məcbur yox, təşviq edilməlidir”

N.Bəydəmirlinin sözlərinə görə, statistika düzgün verilməlidir: "Ölkə əhalisinin kənd təsərrüfatı məhsulları ilə tam təmin olunması üçün hansı məhsulların becərilməsi və ya hansı növ heyvanların yetişdirilməsi istiqamətində fermerlər düzgün məlumatlandırılmalı, təşviq edilməlidir. İlk növbədə daxili tələbat ödənməli, daha sonra isə artıq məhsullar Rusiya və digər qonşu ölkələrə satılmalıdır. Bunun üçün sahibkarlara real dəstək verilməlidir. "Bu il bazarda hansısa məhsul azdır, qiyməti də yüksəkdir” yanaşması ilə iş görmək yanlışdır. Təsəvvür edin, hansısa şirkət bundan istifadə edərək torpaq sahəsi götürür və qiyməti yüksək olan məhsulu əkir. Bu hal ciddi sahibkarları sıradan çıxarır. Həm də bazara normal çıxış olmadığına görə, sahibkarlar becərdikləri məhsulları vaxtında sata bilmirlər. Ortada elə bir şirkət yoxdur ki, kənd təsərrüfatı məhsullarını mövsüm vaxtı alsın, anbarlarda saxlasın və mütəmadi olaraq bazara çıxarsın. Əgər bu, mümkün olsaydı, o zaman bazarda sabit qiyməti formalaşdırmaq olardı. Təəssüflər olsun ki, bizdə nə normal bazar, nə də düzgün təşviqetmə var”.

İsmayıl