Belə insanların çoxalması cəmiyyət üçün təhlükəlidir“Bu cür insanları təbliğ edən, belə fəaliyyətlə məşğul olan dəstələr var”
Son illər gənc oğlanların saçılarını rəngləməsi, burnunu, dodağını, qulaqlarını deşdirməsi halları artıb. Onlar bunu dəb hesab edirlər. Amma cəmiyyətdə fikir birmənalı deyil. Bu, rəngli, qulağı sırğalı adamları "daşa basanlar” az deyil. Bu vəziyyəti tənqid edənlər əsas bir səbəb göstərirlər: Bunlar gənclərə yaxşı örnək deyillər. Amma nə olsun ki?.. Kimdi onları eşidən? "Dəb”çilər yollarına davam edirlər. Hələ bir tənqidçilərinə cavabları da var: "Sizin dəbdən nə alnayışınız var? Avropada hər kəs belə edir. Bu mənim həyatımdır, istədiyim kimi də yaşayıram. Hər kəs öz işinə baxsa, yaxşı olar”.
"Sherg.az"a danışan professor, sosioloq Əhməd Qəşəmoğlu isə vəziyyəti çox arzuolunmaz hal kimi qiymətləndirir: "Sözün ciddi mənasında bu hallar xoşagələn deyil. Gənclərin belə bir addım atmalarının arxasında bir çox səbəblər durur. Mənim bununla bağlı araşdırmalarım var. Hər bir insanın davranışının formalaşmasında üç mühüm faktor var. Bunun birincisi mühitdir. İkincisi, insanın oxuduğu informasiyalar. Üçüncüsü də onun üstünlük verdiyi dəyərlər sistemidir. Düşünmək lazımdır ki, bizim üçün hansı davranış forması daha çox arzuolunandır.
Bizə sadaladığım o üç faktora uyğun olan davranış forması uyğundur. Gərək bizim seçdiyimiz davranış formaları əhalinin fiziki sağlamlığının, mənəvi zənginliyinin və əməyə yaradıcı münasibət tələbatının artmasına kömək etsin. Belə olanda həmin cəmiyyət tərəqqi edən bir cəmiyyət sayılır. Hər bir ölkə üçün ən arzuolunan cəmiyyət tərəqqisi olan cəmiyyətdir. Hazırda bəzi gənclərimizin davranışlarının nə özlərinə, nə də digər insanların sağlamlığına xeyri var.

Burnunu, qulağını, dodağını deşdirmək, bədəninə tatuaj etdirmək insana fiziki cəhətdən ziyanlıdır. Deməli, bu cür davranışın insan üçün ilk növbədə fiziki ziyanları var. İkincisi də diqqəti, fikri işində olan adamın bu cür addımları atmağa nə vaxtı, nə də həvəsi var. Bu cür hərəkətlər, bu cür davranışlar insanda bir etinasızlıq oyadır. Bunlar insanlarda yüngül həyat formasına cazibə yaradır. Elə həyat formasından yaranan cazibə mənəviyyata, mənəvi zənginləşməyə ziyan verən başlıca amillərdən biridir.
Üçüncüsü, dediyimiz kimi, həmin insanlar öz əməyi ilə, cəmiyyətə fayda verən işlə məşğul olan insanlar deyil. Belə insanların çoxalması cəmiyyət üçün təhlükəlidir. Bu cür insanların çoxalmasını təbliğ edən, belə fəaliyyətlə məşğul olan dəstələr var. Bununla onlar əhalinin, gənclərin diqqətini elmdən, təhsildən, müxtəlif fəaliyyətlərdən yayındırır. Onları yüngül həyat tərzi olan bir istiqamətə çəkir. Beləliklə biz mənəviyyatı hər hansı bir arzuolunmayan vərdişlərə qurban veririk. Ona görə bunların qarşısı alınmalıdır. Amma Avropada belə insanlar çoxdur.
Bu o demək deyil ki, Avropa bizdən qabaqdadır. Dərindən təhlil etdikdə, Avropada o cür düşüncəli insanlar yüngül həyar tərzi yaşayıb, heç bir yaradıcı fəaliyyətlə məşğul olmamaqla, ölkənin tərəqqisinə ziyan verir.
Biz indi gəncləri ruhlandırmağa çalışmalıyıq. Gənclərdə mənəvi cəhətdən maraq yaradan, yaradıcılığa sövq edən layihələr həyata keçirməliyik. Onları bu yolla sağlam bir həyat tərzi keçirməyə yönləndirməliyik. Amma həmin həyat tərzi də əhalinin fiziki sağlamlığını yaxşılaşdıran, mənəvi zənginliyini, əməyin yaradıcılıq tələbatını artıran bu üç faktor olmalıdır”.
Kənan Eynuroğlu