ÇAĞIRIŞ ! Plastik torba və qablardan imtina edilməlidir ! – ÖLÜM SAÇIR

Eyyub Hüseynov:“Ölkəmizdə bu sahədə maarifçilik o qədər aşağıdır ki, plastik qablara rezin əmzik taxıb körpəni yedizdirirlər. Bu qədər nadanlıq var”“Əhali bazar torbalarından istifadəyə keçməlidir. Bunun üçün alternativ torbalar hazırlanmalıdır”
Uzun müddətdir ki, plastik torbaların və qabların insan sağlamlığı üçün təhlükəli olmasından danışılır. Plastik qablar, nəinki insan sağlamlığı həmçinin ekologiya üçün də olduqca təhlükəlidir.
Ölkəmizdə plastik torbalardan istifadənin artmasının böyük fəsadları barədə həyəcan təbili çalınır. Buna baxmayaraq yenə də marketlərdə belə torbalar var və onlardan istifadə olunur.
Hər zaman plastik qabların zərəri ilə bağlı məsələyə toxunulduğunu deyən Azad İstehlakçılar Birliyininn sədri Eyyub Hüseynov "Sherg.az”a bildirib ki, belə qabların tamamilə yığışdırılması 2 yolla həll oluna bilər:
"Ya inzibati, ya da bazar iqtisadiyyatı yolu ilə. Düşünürəm ki, məsələni inzibati yolla həll etmək o qədər də asan deyil. Ona görə də bazar iqtisadiyyatı ilə bu proses tənzimlənməli və maarifləndirmə işləri aparılmalıdır. Qida Təhlükəsizliyi Agentliyi (QTA) plastik qabların insan orqanimzinə zərəri barədə ekspertiza keçirməli, açıq çıxışlar etməli və yüksək işlər aparmalıdır. Amma təəssüf ki, QTA ümumiyyətlə, ictimaiyyətlə heç bir iş görmür”.
Ekspert vurğulayıb ki, istehlakçıları plastik qabların istifadəsindən uzaqlaşdırmaq üçün ciddi maariflənmə işi aparılmalıdır:
"Ən əsas odur ki, bu məsələ ilə bağlı MDB təcrübəsindən istifadə edilsin. MDB ölkələrində nazik və şəffaf torbalardan istifadə olunur. Bu torbalar da marketlərdə satılır. İlk öncə belə bir təcrübəni tətbiq etmək lazımdır. Hər zaman plastik qabların və sellofan torbaların ekologiyaya və insan orqanizminə vurduğu zərbə gündəmdədir. Hazırda bütün dünya sürətlə çirklənir. Hər kəs bunun qarşısında acizdir.
Ölkəmizdə bu sahədə maarifçilik o qədər aşağıdır ki, plastik qablara rezin əmzik taxıb körpəni yedizdirirlər. Yəni, bu qədər nadanlıq var. 
Bazara gedəndə görürük ki, plastik qablara şorabalar qoyulub və üzərinə kimyəvi aktiv maddələr tökülərək satılır. Əhali bazar torbalarından istifadəyə keçməlidir. Bunun üçün alternativ torbalar hazırlanmalıdır”.
Yeganə Bayramova