Cənubi Qafqaza giriş, Mərkəzi Asiyaya açılımdı

Əvvəlki illərdən fərqli olaraq Amerika Ermənistanın Rusiyaya yaxınlaşmasına seyrçi qalmayacaq



"ABŞ-ın Cənubi Qafqaz siyasətində əsas maneə Qarabağ münaqişəsinin həlli istiqamətində yaranan çətinlikdi”. 

Bunu "Şərq”ə açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. Politoloq bildirib ki, Vaşinqton ötən il Ermənistanda inqilaba ona görə tam dəstək verdi ki, Nikol Paşinyan ölkəsində Rusiyanın siyasi-hərbi üstünlüyünü zəiflədəcək və Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe tutacaq: "Məhz bu istiqamətdə Vaşinqton Paşinyana dəstək verdi, onun hakimiyyətə gəlməsinə siyasi zəmin yaratdı. Con Boltonun regiona səfəri çərçivəsində İrəvanda verdiyi mesajlar, məhz Qarabağ münaqişəsinin həllində erməni hakimiyyətinə ünvanlanmışdı. Artıq erməni inqilabının bir ili tamamlanır. Lakin Vaşinqtonun gözləntilərinin əksinə olaraq Ermənistan rəhbərliyi Rusiya ilə yaxınlaşaraq münaqişənin həllini mümkünsüz yola gətirməyə çalışır. Təbii ki, İrəvanın manipulyativ siyasəti Vaşinqtonda narahatlıqla qarşılanmaqdadır. 

Çünki geopolitik qarşıdurmada Paşinyan onu hakimiyyətə gətirən ABŞ-a arxa çevirir, Moskvanın siyasətini dəstəkləyir. İrəvanın bu yanaşmasına görə, Vaşinqton Paşinyana maliyyə və siyasi dəstək verməyəcək”.

Analitik vurğulayıb ki, Moskva görüşündən sonra ABŞ Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların Vaşinqtonda keçirilməsini təklif edib: "Məqsəd Ermənistanı konstruktiv və substantiv danışıqlara cəlb etmək, təzyiq mexanizmini işə salmaqdır. Əgər Paşinyan iqtidarı Vaşinqton danışıqlarına rəğmən yenidən Moskva ilə bu istiqamətdə kordinasiyalı fəaliyyət göstərərsə, ABŞ-ın maliyyə və siyasi dəstəyindən məhrum olacaq”.

Ekspertin sözlərinə görə, ABŞ və Rusiya bir-birinə qarşı düşmənçilik siyasəti həyata keçirirlər: 

"Əvvəlki illərdən fərqli olaraq Amerika Ermənistanın Rusiyaya yaxınlaşmasına seyrçi qalmayacaq. Çünki ABŞ üçün Cənubi Qafqaza giriş, Mərkəzi Asiyaya açılımdı və Xəzər regionuna nəzarət etməkdi. ABŞ-la Azərbaycanın regional və taktiki-strateji siyasəti üst-üstə düşür. 

Əgər Vaşinqton görüşündən sonra da real siyasi dəyişikliklər olmazsa, rəsmi Bakı danışıqlar limitinin bitdiyini elan etməlidir. Ondan sonra güc yolu ilə sülhə cəlb etmək taktikasına keçməliyik. O zaman Vaşinqton da Azərbaycana bu kontekstdə dəstək verə bilər”.

İsmayıl