Daha valideynlər istədiyi məktəbi və müəllimi seçə biləcəklər




Bu ildən Bakıda keçiriləcək I sinfə qəbul qaydalarında bir sıra yeniliklər edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə təşkilinə həsr olunmuş mətbuat konfransında cari ildən valideynlərin mektebeqebul.edu.az saytında qeydiyyatdan keçərək "Şəxsi Kabinet” yaradacaq və istədiyi məktəbi və müəllimi seçə biləcəklərini deyib.

Valideynlərin sistemdə tam olaraq, qeydiyyatdan keçəndən sonra lazımi sənədləri məktəbə təqdim edəcəklərini vurğulayan sektor müdiri qeyd edib ki, bu zaman valideyn övladlarını özləri ilə məktəbə aparmır. Yəni məktəblərdə şagirdlərin əlavə müsahibəsi olmayacaq.

I sinfə qəbul qaydalarının artıq bir neçə ildir elektron qaydada aparıldığını vurğulayan təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında valideynlərin sənəd qəbulu zamanı müəllimi seçmək imkanı əldə etməsinin təqdirəlayiq hal olduğunu deyib: 

"I sinfə qəbul qaydalarında aparılan təkmilləşdirmələri müsbət addım hesab edirəm. Ümumiyyətlə, son zamanlar təhsil məsələlərində subyektiv amillərin rolunun minimuma endirilməsi cəhdlərini görürük. Bu da növbəti addımdır. Hesab edirəm ki, bu addım effektiv nəticə verəcək”.

Azərbaycan təhsilinin başlıca probleminin kadr problemi olduğunu vurğulayan N.Qulamoğlunun sözlərinə görə, bu çatışmazlıqları da aradan qaldırmağın ən məqsədəuyğun forması valideynlərə və şagirdlərə seçim hüququ verməkdir. 

Məncə, bu dəyişiklik özünü doğrultsa, Azərbaycan təhsil sistemində inqilabi bir hadisə olacaq: "Bizim ibtidai sinif müəllimlərimiz kəmiyyət baxımından yetərli olsa da, keyfiyyət çox aşağıdır. Yüksək əmək qabiliyyətinə malik müəllimlərimizin sayı barmaqla sayılacaq qədər azdır. Məktəblərimizdə qabiliyyətli müəllimlərin sayının nə qədər olduğunu isə valideynlərə verilən seçim hüququ müəyyən edəcək. Artıq dərs demək üçün yetərli potensialı olmayan, şagirdlərə gözünün nuru, ürəyi ilə dərs keçmək istəməyən müəllimlər avtomatik olaraq kənarda qalacaqlar. Allah eləsin ki, bu dəyişiklik icra olunsun, amma qorxuram ki, müvafiq şəxslər bu prosesin həyata keçməsinə mane olsunlar. Çox güman ki, də olacaqlar. İstedadı olmadığı üçün valideynlərin seçiminə düşməyən müəllimlər kənarda qalmasın deyə, müdaxilələr və şikayətlər mütləq olacaq. Hətta onların arxasında duran adamlar öz təsir imkanlarından da istifadə edəcəklər. Bütün bunların qarşısını almaq üçün isə Bakı şəhər Təhsil İdarəsi ilə Təhsil Nazirliyi birlikdə hərəkət etməli və Kütləvi İnformasiya Vasitələri də əlindən gələn qədər onlara kömək etməli, informasiya dəstəyini əsirgəməməlidir”.

Şəymən