Damlar uçdu, maşınlara ziyan dəydi...

Bu şəhərdə küləkli hava şəraitini nəzərə alan bir orqan yoxdur


Budəfəki küləkli hava da fəsadlarsız ötüşmədi. Bakının dəlisov küləyinə onsuz da alışıqlıyıq. Sadəcə, problem, küləyin törədə biləcəyi fəsadların şəhər təsərrüfatında görməzdən gəlinməsidir. Hər dəfə qeyri-sabit, küləkli havalar olanda şəhərdə dağıntılar, qəzalar müşahidə edilir. Ağaclar qırılıb yerə sərilir, bəzən kiminsə avtomobilini yararsız hala salır, dam örtükləri qopub yerə tökülür.

Martın 31-də Neftçalada güclü külək məktəb binasının dam örtüyünü qoparmışdı. Özü də, bildirilirdi ki, məktəb binası yeni tədris ili öncəsi əsaslı təmir edilib. Bu necə əsaslı təmirdir ki, külək dam örtüyünü qoparır?! Həmin gün Bakıda da külək fəsadlar törətmişdi. Paytaxtın Biləcəri qəsəbəsi, Qalib Süleymanov küçəsi. 38 ünvanında binanın dam örtüyü qopub yerə düşüb, nəticədə 10-a yaxın avtomobil əzilib. Xatırlayırsınızsa, bir müddət əvvəl oxşar hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində baş vermişdi.

Güclü külək ərazidəki hündürmərtəbəli binanın damından şiferləri həyətə səpələmişdi, nəticədə bir avtomobilə ziyan dəymişdi, sakinlər üçün də real təhlükə yaranmışdı.
Bunlar şəhər təsərrüfatında iqlim amillərinin nəzərə alınmadığını, tikinti sahəsində də təhlükəsizlik qaydalarına riayət edilmədiyini göstərir.

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin rəhbəri Vüqar Tofiqli "Şərq”ə açıqlamasında şəhərdə kəskin soyuq və küləkli hava şəraiti zamanı şəhər infrastrukturunun ciddi ziyan görməməsi, eləcə də sakinlərin təhlükəsizliyinin təmini üçün bir sıra vacib işlərin həyata keçirilməli olduğunu dedi:

- Küləkli şəhərdə hər bir məsələyə ciddi diqqət edilməlidir. Ağaclardan tutmuş, elektrik dirəklərinə, küçə lampalarına, reklam lövhələrinə qədər hamısının dayanıqlığı, təhlükəsizliyi diqqətdə saxlanmalıdır. O cümlədən də əlbəttə ki, aparılan bütün tikintilərlə təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına nəzarət edilməlidir. Bakı küləkli şəhərdir, hamımız bunu bilirik. Bunu bilə-bilə görməzdən gəlmək əlbəttə, yolverilməzdir, ciddi qanun-qayda pozuntusudur.

Tikinti meydançalarında iş icraçıları xüsusilə diqqətli olmalı, təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Tikinti və ya təmir işləri aparılırsa, binaların, evlərin fasadı xüsusi örtüklə qapanmalıdır ki, daş parçaları, müxtəlif tikinti materialları küçəyə tökülməsin. Evlərin pəncərələri möhkəmlənməlidir, eyvanda küləyin asanlıqla yerə ata biləcəyi, uçura biləcəyi əşyaları qoymaq lazım deyil. Külək uçurar, birinin avtomobilinin üzərinə düşər, kiminsə başına düşər. Bakının iqlim şəraitinə uyğun davranılmalıdır. Bu işdə Bakı şəhər İcra Hakimiyyəti də, yerli icra orqanları da, bələdiyyələr də fəal olmalıdır. Hər kəs öz sahəsində ciddi məsuliyyət daşısın gərək.

Görürük ki, güclü küləklər zamanı ağaclar necə kökündən qopur. Burada artıq real təhlükə var. Ona görə də yerli icra strukturları daim ərazilərdə monitorinqlər aparmalıdırlar. Harda ki, zədələnmiş, kökündən quruyan ağaclar var, onlar kəsilməlidir. İndi deyirlər, paytaxtda zeytun ağacları əkilməlidir. Zeytun ağacları varıydı da. Niyə kəsilirdi ki, indi yenidən neçə il gözləyək ki, zeytun ağacları böyüsün?!

Hardasa park salınırsa, ağaclar, kol bitkiləri əkilirsə, o yerin torpağına uyğun olmalıdır. Bir halda ki, Bakının iqlimi və torpağı hansısa ağac növlərinin əkilməsi üçün uyğun deyil, o ağaclar yaxşı kök atmayacaq və külək əsən kimi də qırılacaqlar, deməli, iqlim şəraitinə və torpağa uyğun ağaclar əkilməlidir. Ancaq zahiri gözəllik üçün çalışmaq yaxşı nəticələr verməz. Şəhər təsərrüfatına aid işlər texniki cəhətdən keyfiyyətli, möhkəm həyata keçirilməlidir. Fikir verirəm ki, xan çinarlar, palıdlar şəhərdə azdır. Niyə? Bunlar çox su tələb etməyən, möhkəm, dözümlü, küləyə davamlı ağaclardı. Sadəcə, xidmət tələb edir. Dekorativ ağaclar əkilir, bəzək üçün, gözəllik üçün. Xan çinar, palıd isə həm gözəllik verər, həm də atmosferi təmizləyər. Şəhərin yaşıllaşdırılması, yaşıllıqlara qulluq şəhər infrastrukturunun tərkib hissəsidir. Asfalt salınmasına, binaların tikintisinə diqqət olduğu kimi, ağaclara da qulluq edilməlidir.

Avtomobilləri əzilən vətəndaşlara dəymiş ziyanın ödənməsinə gəlincə, V.Tofiqli bu hadisənin hansı səbəblərdən baş verdiyinin aydınlaşmasından sonra mümkün olacağını deyib:
- Əgər avtomobilə hansısa tikinti şirkətinin səhvi, səhlənkarlığı ucbatından ziyan dəyibsə, şirkət həmin ziyanı qarşılamalıdır. Qırılan ağaclar dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına əkilir. Bu ağaclar uzunömürlü deyilsə, niyə əkilir? Bunun məsuliyyətini daşıyan olmalıdır.
Bizdə isə çox vaxt günahkar tapılmır. Günahkar külək olur.

Məlahət Rzayeva