Dəbdəbəli qəbirüstü abidələrin sökülməsinə başlanılıb
Şahin Həsənli: “Müsəlman olan kəs dinimizin vacib əməllərini daha yaxşı, daha ləyaqətlə yerinə yetirməkdə bir-birilə bəhsə girməlidir”
"Axırıncı aşırım” filmində Kərbəlayi İsmayılla görüşə gedən Abbasqulu ağa Şadlinskinin Naxçıvanın Qarabağlar kəndində bir sərdabəni ziyarət etməsi fraqmenti var. Şadlinski səfər dostlarına bu sərdabədəki məzarın Kərbəlayi İsmayılın oğluna mənsubluğundan danışır.
Filmdə sərdabənin necə geniş, bəzəkli olması diqqət çəkir. Kərbəlayinin öldürtdüyü Xudayarın qardaşı da sərdabənin içində gizlənmiş olur. Xudayarın qardaşının "Kərbəlayinin başı özünə qarışıb, doğma balası da yadından çıxıb” sözləri də yaddaqalandır. Deməli, sərdabə, məqbərə, qəbirüstü abidə tikdirməklə, qəbir daşını bahalı mərmərdən yondurmaqla iş bitmir. O qədər dəbdəbəli məzar daşları, qəbirüstü abidələr var ki!.. Amma o məzarlarda uyuyanları bəlkə də illərlə yada salanı, qəbir üstünə gəlib bir dua oxuyanı da yoxdur.
Təsadüf, ya zərurətmi, qəbirüstü abidələrin sökülməsinə də məhz Naxçıvanda başlanılıb.
Dəbdəbəli qəbirüstü abidələrin, qəbirlər üzərində tikilmiş sərdabə və məqbərələrin sökülməsi ilə bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun əmri var. Əmrdə həmçinin məzar yerlərinin ətrafındakı hasarların, qəbirləri əhatələyən dəmir məhəccərlərin sökülməsi də əksini tapıb. Qeyd edilir ki, sözügedən əmr Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsi tərəfindən hazırlanmış "Qəbiristanlıqlar haqqında” qanun layihəsinə əsaslanır. Məlumdur ki, qanun layihəsində qəbir daşlarının standart ölçüdə olması, qəbirüstü sərdabələrin tikilməsinə qadağa qoyulması nəzərdə tutulur. Lakin qanun layihəsindəki təklifləri Nazirlər Kabineti hələ təsdiqləmədiyinə görə müvafiq qaydada Milli Məclis tərəfindən də qəbul edilməyib.
Məhz belə vəziyyət bəzi yerlərdə dəbdəbəli qəbirüstü abidələrin, sərdabələrin tikintisini dayandırmır. Əksinə, fürsətdən istifadə edənlər bəlkə də sağlığında hörmət qoymadıqları əzizlərinə, doğmalarına sərdabə tikdirməkdə davam edirlər. Nə qədər ki, qanun qüvvəyə minməyib, tikililər qanundankənar hesab edilməyəcək. Tikintilərə qanun qüvvəyə mindikdən sonra qadağa qoyulacaq. Əvvəlki qəbirüstü abidələr, sərdabə və məqbərələr isə "bəraət” alacaqlar. Bu da ictimaiyyət arasında bəzən narazılığa səbəb olur. "Kiməsə olar, bizə yox?!” deyənlər tapılır. Bu mənada ən doğru yolu elə Naxçıvanda tapıblar, demək mümkündür. Çünki Naxçıvanda qanunun qəbulunu gözləmədən "bütün ölülər bərabərdir” prinsipi üzrə işə başlayıblar.
Məsələyə münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli "Şərq”ə açıqlamasında Naxçıvanda başlanan prosesi müsbət dəyərləndirdiyini bildirdi:
- Məzarlar üzərində abidə qoymaq, sərdabə tikdirmək, qəbirlərin bahalı daşlarla, mərmərlə bəzədilməsi islam dininə ziddir. Dinimiz hər cür israfçılığı, dəbdəbəni qadağan edir. Müsəlman rəhmətə getmiş birisi üçün savab bir əməl icra etmək istəyirsə, bunun müxtəlif yolları var. Yoxsula əl tutmaq, yetimi sevindirmək, ehtiyacı olanın ehtiyacını ödəmək, xeyirxah iş görmək və s. Vəfat etmiş insan üçün qəbirüstü abidə qoymaq, bahalı daşlardan sinə daşı, baş daşı düzəltdirməyin heç bir savabı yoxdur. Bu, həm dinimizə ziddir, həm də məntiqə. Belə hallar getdikcə insanlar arasında pis, zərərli rəqabətə çevrilir. Bundan da bəzi işbazlar faydalanır. Qafqaz Müsəlmanları İdarəsi də dəfələrlə vurğulayıb ki, bahalı qəbirlər düzəltmək islam dininin qaydalarına ziddir. Biz bir çox müsəlman ölkələrində səfərlərdə olmuşuq. Türkiyədə, İranda, İraqda... Heç bir ölkədə bizdə olduğu kimi dəbdəbəli qəbiristanlıqlar yoxdur. Zənnimcə, dəbdəbəli qəbirdaşları sovet dönəmində formalaşmağa başlayıb. Çünki qəbiristanlıqlarda köhnə qəbirləri də görürük. Sadə, yığcam formalı qəbirlərdir və əksəriyyəti torpağa qarışıb itmək üzrədir. İnsanın məzarı üstündə hansı böyüklükdə başdaşı, yaxud abidə tikilir-tikilsin, bəşər övladı yarandığı torpağa qovuşmağa məhkumdur. Torpaqdan yaranıb torpağa gedirik. Təəssüf ki, bəzi insanlar bunu anlamır, qəbir üstündə abidə tikməklə elə bilirlər, doğmaları, əzizləri üçün xeyir əməl edirlər. Əslində isə onlar dinimizin qaydalarını pozur və bununla da məkruh işlər görmüş olurlar.
Qanun layihəsinin qəbul olunacağı təqdirdə əvvəlki qəbir daşlarına şamil edilməyəcəyi məsələsinə gəlincə, H.Ş.Həsənli bununla bağlı ictimaiyyət arasında maarifləndirmə işlərinin aparılmasını vacib sayır:
- Kimsə etiraz edə bilər ki, niyə əvvəlki qəbirlərə toxunmurlar, qanunu yenilərə şamil edirlər. Hesab edirəm ki, bununla bağlı maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Qanun çərçivəsində qadağalar tətbiq etməklə yanaşı, insanlara mahiyyət də anladılmalıdır. İnsanlara doğrunun hansı olduğunu başa salmaq lazımdır. "Niyə əvvəlkilərə olar, bizə yox” israrı da, əbəs yerə rəqabət aparmaq, lüzumsuz mübahisə etməkdir. Müsəlman olan kəs dinimizin vacib əməllərini daha yaxşı, daha ləyaqətlə yerinə yetirməkdə bir-birilə bəhsə girməlidir. Əsassız məsələlərdə bəhsə girmək müsəlmana yaraşmayan xüsusiyyətdir.
Məlahət Rzayeva