Dilçi alim də narazıdır: “Maraqlıdır, qartalın əvəzinə hansı adı istifadə edəcəklər ? !”

Adil Babayev: “Çox vaxt adları dəyişib rus adları qoymaq istəyirlər. Bununla da guya müasirləşirlər. Müasirləşmə bəhanəsi ilə dilimizi korlamaq olmaz”


Azərbaycanda 700 quş adının dəyişdirilməsi üçün layihə hazırlanıb. Bəzi quş növləri adlarının dəyişdirilməsi ilə bağlı yekun qərar Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına göndərilib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov məlumat verib.

Adların dəyişdirilməsi isə bəzən birmənalı qarşılanmır. Bir çoxları buna ehtiyac olmadığını, dədə-babadan istifadə etdiyimiz varinatların daha məqbul olduğunu düşünür.

Bəs, quş adların dəyişdirilməsi zəruri hesab edilə bilərmi?

Tanınmış dilçi-alim, professor Adil Babayev "Sherg.az”a açıqlamasında quş adlarının dəyişdirilməsinin zəruri olmadığını söylədi.

Professor quş adlarının hər birinin tarixi mənası olduğunu da vurğuladı:

"Ona görə də etnik, etimoloji mənası olan adların dəyişdirilməsi düzgün deyil. Məsələn, dahi Nizaminin əsərlərində də müəyyən quş adları qeyd olunub. İndi niyə bu adları dəyişək ki?Adı da müasirləşdirərlərmi? 

Məsələn, qartal bizim üçün göylərdə uçan və mərdlik timaslı olan quş adıdır. Maraqlıdır, qartalın əvəzinə hansı adı istifadə edəcəklər?! Həzrəti Süleymanın dövründən sağsağan quş adı indiyə kimi var. Fikrimcə, adların dəyişdirilməsinə heç bir ehtiyac yoxdur. 

Çox vaxt adları dəyişib rus adları qoymaq istəyirlər. Bununla da guya müasirləşirlər. Müasirləşmə bəhanəsi ilə dilimizi korlamaq olmaz”.

Yeganə Bayramova