Dövlət müəssisələrinin ərazisində kafeni, çayxananı kim açır?

“Həmin obyektlərdən dövlət büdcəsinə bir qara qəpik də ödənilmir”



Bakı şəhərinin Binəqədi rayonunda baş vermiş dəhşətli partlayışla bağlı vəzifəli şəxs tutulub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 3 nəfərin ölümünə səbəb olan güclü partlayışın baş verdiyi çayxananın yerləşdiyi "Azərtransservis” ASC-nin sədri Haqverdiyev Eyyub Məmməd oğlu şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Qeyd edək ki, ASC Əhməd Rəcəbli küçəsi 304 ünvanında yerləşir və həmin çayxananın idarənin həyətində fəaliyyət göstərdiyi üzə çıxıb. Qaz sızmasından baş vermiş güclü partlayış nəticəsində orada olan 4 nəfərdən 2-si hadisə yerində, biri isə xəstəxanada vəfat edib. Digər yaralının vəziyyəti ağırdır.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi (səhlənkarlıq, 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

Konstitutsiya Araşdırmalar Fondunun Prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyevin sözlərinə görə, dövlət müəssisələrinin rəhbərlərinin dövlətə məxsus avadanlıqlardan, müəssisənin yerləşdiyi ərazilərdən öz şəxsi məqsədləri üçün istifadə etməsi yolverilməz olduğu halda onlar dövlətə məxsus olan obyektin çayxana, restoran kimi istifadəsinə şərait yaradırlar. 

Bəzən də özləri restoran, kafe açıb yaxın adamlarına işlətməyə verirlər. Həmin obyektlərdən gələn gəlirdən isə dövlət büdcəsinə bir qara qəpik də ödənilmir. Bütün pul idarə və ya müəssisə rəhbərlərinin şəxsi hesabına ödənilir.

Ə.Nuriyev deyib ki, həmin ərazilər konkret müəssisələrin tərkibində olduğu üçün vergi orqanları tərəfindən qeydiyyata da alınmır. Bütün bunlar isə qanunla qadağan olduğu üşün səlahiyyət həddinin aşılması hesab olunur. Bu cür özbaşınalıqların qarşısının alınması çox vacib məsələdir. Dövlət müəssisələrinin avadanlıqları və əraziləri icarəyə verildiyi halda bu müqavilə rəsmiləşdirilməlidir. Əldə olunan vəsaitlər dövlət büdcəsi və müəssisənin hesabına əlavə olunmalı, vergisi ödənilməlidir.
Fond prezidentinin sözlərinə görə, dövlət müəssisələrinin iaşə obyektləri kimi istifadəsindən müvafiq orqanlar xəbərdar olsalar da, nəzarət mexanizmini həyata keçirmirlər. Hətta bir çox hallarda onlar da bu prosesə şərik olurlar. Aldıqları müvafiq vəsait müqabilində qeyri-qanuni davranışları görməzdən gəlirlər.

Hüquq müdafiəçisinin fikrincə, bu cür qanunsuzluğa yol verən dövlət işçiləri səlahiyyət həddini aşmaya və daha bir neçə maddə ilə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ən yaxşı halda isə inzibati və ya intizam məsuliyyəti daşıyırlar.

Şəymən