Elman Məmmədov: "Serj Sarkisyan komandasını ört-basdır əməllərinə məcbur edir. Onun əl atdığı vasitələrdən başlıcası isə cəbhə xəttində təxribat törətməkdir"
"Düşmən murdar hərəkətlərindən əl çəkmir və son aylarda yenə fəallaşıb”.
Bunu "Sherg.az”a ötən gecə düşmənin cəbhə xəttində yerləşən səkkiz rayonumuzu intensiv atəşə tutmasından danışarkən millət vəkili Elman Məmmədov deyib:
"Bu gün Dağlıq Qarabağda və Ermənistanda yaşayan ermənilərin dözülməz həyat şəraiti, Azərbaycan ordusunun verdiyi cavablar sayəsində düşmənin itkilərə məruz qalması, ölkədəki hərbi siyasi diktatura əleyhinə erməni cəmiyyətinin etirazları Serj Sarkisyan komandasını ört-basdır əməllərinə məcbur edir. Onun əl atdığı vasitələrdən başlıcası isə cəbhə xəttində təxribat törətməkdir.

Bunda düşmənin bir məqsədi də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərin diqqətini cəlb etməkdir. Guya ki, Azərbaycan Ermənistan ərazisini atəşə tutur. Bu dövlətlər isə müqavilənin şərtlərinə əsasən Ermənistana kömək etməlidirlər.
Bütün bu hərəkətlər erməninin xisləti, "çaqqal bicliyi”dir. Ancaq onların əməllərinin faydası yoxdur. Düşmən özü də yaxşı bilir ki, etdiyi bütün təxribatların yüksək səviyyədə cavabını alacaq”.
Deputat əlavə edib ki, bütün bunlardan tək çıxış yolu, ermənilərin torpaqlarımızdan çıxması, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsidir.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub. Məlumata görə, cəbhəboyu bir gecədə 8 rayonumuz intensiv atəşə tutulub.
Aysel Aslan