"Düşmənin bundan da kövrək yerləri, bundan da zəif damarları var" - POLKOVNİK

"Bax, o yerləri, o damarları tapmaq peşəkarların qarşısında dayanan təxirəsalınmaz vəzifədir. Təəssüf ki, bu yönümdə hələ bir qədər ehtiyatla danışmağa məcburam. Ortada diletantlardan ibarət bir-neçə qrup var"


Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi Ermənistan ordusunda tüğyan edən özbaşınalıqla bağlı daha bir həyəcan siqnalı çalıb.

Vanadzor ofisi son zamanlar sağlamlığında ciddi problemlər olan şəxslərin orduya çağırıldığını bildirib. Sözügedən məlumatların tamamilə reallığı əks etdirdiyini vurğulayan Ermənistan mətbuatı yazıb ki, hakimiyyət əhalinin xaricə üz tutmasının fonunda hərbi xidmətə çağırışı təmin edə bilmir və bunu xəstələrin hesabına kompensasiya etməyə çalışır. 

Lakin səhhətində ciddi problemlər olan insanların hərbi xidmətə aparılması ilə döyüş bacarığı həll edilmir, əksinə orduda ölüm halları daha da artır, hərbçilər arasında qeyri-qanuni münasibətlərin böyüməsinə əlavə stimul yaradır.

Vanadzor ofisinin bəyənatında həmçinin döyüş şəraitində olan hərbçilərin də təhlükəsizliyinin təmin edilmədiyi bildirilib.

Doğrudan da erməni ordusunda vəziyyət bu qədər acınacaqlıdırmı?

Əgər elədirsə, Azərbaycan Ermənistan ordusundakı bu özbaşınalıqdan necə faydalana bilər?

Vanadzor ofisinin açıqlamasında yer alan faktların tamamilə həqiqətə uyğun olduğunu vurğulayan ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli "Sherg.az"a açıqlamasında hətta Ermənistanda orduya adam yığmaq üçün qapı-qapı gəzildiyini də qeyd edib: 

"İndiyədək Ermənistan ordusunda baş verən neqativlərlə bağı müntəzəm çıxışlarım sadəcə təbliğat xarakteri daşımayıb. Bu haqda gələn ay daha fundamental bir məqalə ilə oxucularımın qarşısına çıxmaq fikrindəyəm. Yazım sırf erməni mənbələrinə əsaslanan və yerli kütləvi infomasiya vasitələrində yer alan faktlara söykənir. Bu faktların sırasında Helsinki Vətəndaş Assambleyasının Ermənistan ofisləri tərəfindən sadalanan neqativlər də az deyil. Ona görə, bu barədə geniş danışmaq istəmirəm.

Ümumi vəziyyətə gəlincə, təkcə onu demək kifayətdir ki, bizə məlum olan bir sıra çağırış mövsümləri zamanı Ermənistan öz silahlı bandasını komplektləşdirmək üçün, ümumiyyətlə, bir nəfər də olsun çağırışçı tapa bilməyib. Yəni çağırış kampaniyası dövründə heç bir erməni gənci könüllü şəkildə yerli hərbi komissarlıqlara müraciət etməyib. Vəziyyət o dərəcədə kritik dəyərləndirilib ki, hətta məsələyə Sarkisyan səviyyəsində müdaxilə olunub. Yerli icra nümayəndəlikləri, polis, prokurorluq, xüsusi xidmət orqanları səfərbər edilib. Qapı-qapı gəzmək və orduya zorla adam yığmaq yeganə çıxış yoluna çevrilib. Bu, bəlkə də, kimlərəsə inandırıcı görünmür, amma real faktdır. Belə bir vəziyyətdə hərbi xidmətə yararsız, xəstə gənclərin zorla orduya cəlb edilməsi də qeyri-adi görünməməlidir”.

İ.Rüstəmlinin sözlərinə görə, erməni silahlı birləşmələrində qeydə alınan qanunsuz əməlləri, ölüm hadisələrini, insanlığa zidd hərəkətləri gündəmə gətirən konkret ciddi zəminlər mövcuddur. Bu neqativlər bir qayda olaraq adı çəkilən qurumda hökmran mövqedə dayanan ikitirəlik, "dedavşina", yerlibazlıq kimi hallara söykənir: 

"Azərbaycan tərəfinin Ermənistan ordusundakı bu özbaşınalıqdan faydalanmaq niyyəti günün müzakirə mövzusu kimi, əlbəttə, kifayət qədər aktualdır. Qarşındakı düşmənin güclü və zəif tərəflərini bilmək, dərindən analiz etmək qələbəni şərtləndirən əsas məqamlardandır. İstəsək də, istəməsək də yolumuzun bu məqamlardan keçdiyini dana bilmərik. Amma düşmənin bundan da kövrək yerləri, bundan da zəif damarları var. Bax o yerləri, o damarları tapmaq peşəkarların qarşısında dayanan təxirəsalınmaz vəzifədir. Təəssüf ki, bu yönümdə hələ bir qədər ehtiyatla danışmağa məcburam. Ortada diletantlardan ibarət bir-neçə qrup var. 

Bu qrupları hadisələrin mərkəzində görmək indiki məqamda məndən ötrü çox düşündürücüdür. Çünki eksperiment vaxtı deyil. Xüsusilə informasiya işi hər hansı sınaq prosedurları üçün poliqon rolunu oynaya bilməz. Ancaq ümidlərim böyükdür. Bizə güc mərkəzlərindən çox, beyin mərkəzləri lazımdır. İnanıram ki, cənab Prezident tərəfindən ordu məkanında, həm də ən yüksək səviyyədə həyata keçirilən ciddi kadr islahatları öz gücümüzü bir mərkəzdə səfərbər etməyə imkan yaradacaq”.

Şəymən