Qanunun qəbulu qeyri-peşəkarların aradan çıxmasına səbəb olacaq
Milli Məclisdə "Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda dinləmə keçirilib. Dinləmələrdə iştirak edən millət vəkili, parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda psixoloji yardımın səviyyəsinin çox aşağı olduğunu deyib. Bu xidmətin yox səviyyəsində olduğunu qeyd edən millət vəkili deyib ki, psixoloji yardımı göstərəni axtarıb tapsaq, görəcəyik ki, savadı yoxdur, ya da ekstrasensdir.
Komitə sədrinin sözlərinə görə, psixoloji yardımla bağlı problem aradan qaldırılmalıdır. O deyib ki, bu problemin həlli üçün "Psixoloji yardım haqqında” qanun qəbul olunacaq.
Qeyd edək ki, "Psixoloji yardım haqqında” qanun layihəsi 6 fəsil 23 maddədən ibarətdir. Psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquq və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.
Sosioloq Cavid İmamoğlunun sözlərinə görə, "Psixoloji yardım haqqında” qanun layihəsinin qəbulunu imkan daxilində tezləşdirmək lazımdır. Onun fikrincə, sosial iş Azərbaycan üçün yeni bir sahədir, bu sahənin tədrisinə yeni başlanılıb. Təəssüflər olsun ki, ayrı-ayrı təşkilat və dövlət orqanlarında sosial işçi olan insanların müəyyən hissəsi bu ixtisas üzrə təhsil almayanlardır.
Azərbaycanda sosial iş vəzifəsi çox geniş deyil və bunu haradasa başa düşmək olar. Lakin psixologiya Azərbaycanda uzun illərdir tədris olunur, kifayət qədər psixoloqlar var. Ancaq təəssüflər olsun ki, son dövrlər psixoloji yardım göstərən klinikalar, psixoloji mərkəzlər və s. daha çox qeyri-ixtisas sahibi olan insanlar tərəfindən açılır. Yəni peşəkar psixoloqlar bir növ kənarda qalıblar - qeyri-peşəkarlar, ixtisası bilməyənlər, diplomsuz, hansısa sertifikatı olanlar, kurs bitirmiş şəxslər bu gün psixoloji mərkəz açıb fəaliyyət göstərirlər. Sosioloq hesab edir ki, "Psixoloji yardım” haqqında Qanunun qəbulu qeyri-peşəkarların aradan çıxmasına səbəb olacaq.
C.İmamoğlunun sözlərinə görə, qeyri-ixtisas sahibi olan insanların psixoloq kimi çalışmalarına Azərbaycanda bir çoxları yumşaq yanaşır, ancaq son dərəcə ciddi bir problemdir:
"Qeyri-peşəkarın dediyi bir söz, ifadə, yanaşma, insanın həyatına son qoya bilər, intiharlara səbəb ola bilər, ailədaxili durumların gərginləşməsinə gətirib çıxara bilər, uşaq-valideyn münasibətini son dərəcə gərginləşdirə bilər. Peşəkar olmaq lazımdır. Diplomlu olmaq hələ peşəkar olmaq deyil, amma ən azından o deməkdir ki, bu adam 4 il psixoloq təhsili alıb, oxuyub.
Diplom şərtdir. Psixologiyanın etik kodeksi var. Burada göstərilir ki, psixologiya sahəsində işləyən şəxs mütləq bakalavr və magistr dərəcəsini bitirməlidir. Azərbaycanda bu günə qədər bunlar tənzimlənmirdi. Bunu tənzimləyən qanun yox idi. Qanunun qəbulundan sonra düşünürəm ki, bu problemlər öz həllini tapacaq”.
Azərbaycanda psixologiya ilə məşğul olmağı bir növ dəb kimi dəyərləndirən sosioloq deyib ki, bir vaxtlar Azərbaycanda vəkillik dəbdə idi. Hamı çalışırdı ki, vəkil statusu alsın və özünə bir yer açıb, işləsin:
"Çünki xidmətə ehtiyac var idi, insanlar öz hüquqlarını bilmirlər və yaxud hüquqlarını müdafiə eləməkdə çətinlik çəkirlər. Dövlətdə bu xidmət olmadığına görə, bir çoxları özləri təşəbbüs göstərərək, maddi cəhətdən özlərini yaxşı vəziyyətə gətirdilər. Maddi cəhətdən kasıb olsa belə, əhalinin bu xidmətə ehtiyacı var. Psixoloji xidmət insan münasibətlərinin mərkəzindədir. İnsan dünyaya uşaq gətirəndə, yaxınını itirəndə, çətin situasiya qarşısında qalanda psixoloji halı dəyişə bilir və bu dəyişiklik idarə olunmalıdır. Bunu isə təbii ki, psixoloqlar edirlər. Bu sahədə ehtiyac olduğunu bilən qeyri-ixtisas sahibi olan insanlar isə bu işdən pul qazanmağa başladılar. Yeni qanunun bu məsələni tənzimləyəcəyini düşünürəm”.
Şəymən