Ermənilərin niyyəti girovlarımızı intihar həddinə çatdırmaqdır

Bununla da Azərbaycan cəmiyyətinə mesaj vermək istəyirlər ki, işğal olunan torpaqlara keçmək istəyənlərin aqibəti belə olur





2014-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Şahbaz Quliyevlə Dilqəm Əsgərovun ailəsi onların səhhətindən narahatdır.
Dilgəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atası ilə bağlı yeni məlumatların olmadığından gileylənib: "Atamdan aylardır məktub ala bilmirəm. Yazdığım məktublara hələ də cavab gəlməyib. Onun səhhəti məni ciddi narahat edir”.

Oğlunun dediyinə görə, qanunsuz məhkəmə prosesləri ərəfəsində ermənilər tərəfindən Dilqəm Əsgərovun ayağı sındırılıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi isə həmişə standart cavab verir ki, girovların səhhəti normaldır, heç bir narazılıqları yoxdur. Aylardır məktub gəlməməsini belə izah edirlər ki, guya, girovlar özü məktub yazmır və ya video göndərilməsini istəmir.

Qeyd edək ki, öz doğmalarının qəbrini ziyarətə gedən Dilqəm Əsgərovla Şahbaz Quliyev öz ərazilərində qanunsuz tutulub. Onlar Azərbaycan ərazisində həbs olunublar, ancaq beynəlxalq ictimaiyyət hələ də susur. İlk vaxtlarda bu məsələ dünya ictimaiyyətinin diqqətinə çatdırılanda, beynəlxalq təşkilatlar məlumatlandırılanda, girovları geri qaytarmaq kimi fikirlər çox səsləndi. Bu istiqamətdə də müvafiq addımlar atıldı. Həm dövlət, həm də ictimaiyyət səviyyəsində. Nəticə isə göz önündədir. Ailələrinin narahatlığı da onu deməyə əsas verir ki, BQXK girovlarımızı taleyin ümidinə buraxıb. Görəsən, Dilqəmlə Şahbazın Azərbaycana qaytarılması istiqamətində real addımlar atmaq müvafiq qurumun səlahiyyətləri xaricindədir, yoxsa özləri həmyerlilərimizin taleyinə qarşı laqeyd münasibət göstərirlər?

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında təəssüflə qeyd edib ki, ötən illər ərzində beynəlxalq təşkilatların ünvanına aparılan təzyiq kampaniyası arzuladığımız nəticəni verməyib:

 "Bu yalnız milli iradənin zəifliyi və yaxud beynəlxalq təşkilatların bunu görməməsi kimi dəyərləndirilməməlidir. Ermənistan tərəfinin Şahbazla Dilqəmi bu qədər müddət ərzində girov saxlamaqda uzaqgörən məqsədlərinin olduğu açıq-aşkardır. Hər iki girovumuz Dağlıq Qarabağ müharibəsinin bədəlini ödəyirlər. Öz doğmalarının məzarını ziyarətə gedən bu şəxslər erməni əsgərləri tərəfindən ələ keçiriliblər və üzərlərində saxta məhkəmə qurulub. Neçə illərdir ki, qeyri-insani şəraitdə saxlanılırlar. Bu müddət ərzində onların çəkdikləri iztirabı üzlərindən oxumaq mümkündür.

Nə qədər ağır olsa da, qəbul etməliyik ki, ermənilərin niyyəti girovlarımızı intihar həddində çatdırmaqdır. Bununla da Azərbaycan cəmiyyətinə mesaj vermək istəyirlər ki, işğal olunan torpaqlara keçmək istəyənlərin aqibəti belə olur.

Ermənilərdə belə bir düşüncə var ki, Dilqəmlə Şahbazın azad olunması işğal altında qalan ərazilərə gediş-gəlişi stimullaşdıra bilər. Cəzanın sərtləşməsi isə azərbaycanlıları Qarabağa getmək niyyətindən çəkindirə, onların gözünü qorxuda bilər. Beynəlxalq təşkilatlar da ermənilərin bu qənaəti ilə razılaşmış kimi görünürlər. Azərbaycanın ərazi bütövlüyünü bərpa eləməsi, məcburi köçkün əhalinin öz torpaqlarına geri qayıtması onlar üçün bir o qədər də önəmli deyil. Ancaq istənilən situasiyada ermənilər girovlarımıza qarşı etdikləri işgəncələrə görə öz cəzalarını alacaqlar. Günün birində həmin Cəmiyyətin nümayəndələri erməni tərəfinə Azərbaycanın əlində olan erməni girovlar haqqında məlumat daşımalı olacaq. Bax, o zaman ədalət bərpa olunacaq”.

Millət vəkili hesab edir ki, BQXK-nın bu problemlə bağlı edə biləcəkləri gördükləri işlərdən qat-qat artıqdır. Girovların azad olunmasına nail olmaq üçün onların kifayət qədər səlahiyyətləri var. Sadəcə olaraq bu qurum ermənilərin maraqlarından çıxış edir. 

BQXK nizamnaməsinə görə, onlar BMT-yə müraciət edərək qarşısında elə bir tələb qoya bilərlər ki, mənfurların Dilqəmlə Şahbazı Azərbaycana təhvil verməkdən başqa yolları qalmaz. Ancaq çox təəssüflər olsun ki, BQXK işinin ancaq məktub daşımaq qismini həyata keçirir. Komitənin işi humanitar ideyaya əsaslanırsa, onlar üçün nə fərqi girov həyatı yaşayan, işgəncə görən insanlar hansı ölkənin vətəndaşıdır? Bu sualın cavabı bizim üçün müəmmalıdır.

Z.Orucun fikrincə, ermənilər beynəlxalq hüquq normalarına əhəmiyyət vermədiyi üçün danışıqlar yolu ilə girovları azad etmək mümkün olmayacaq: 

"Beynəlxalq təşkilatlara edilən müraciətlər, verilən notalar da bir fayda verməyəcək, çünki onlar da ermənilərin maraqlarına xidmət edir. Girovların azad olunması ilə bağlı mənim mövqeyim bəllidir. Dəfələrlə bu barədə mətbuata açıqlama vermişəm. Çıxış etdiyim kürsülərdə də eyni mövqedən çıxış etmişəm. Biz ya Qarabağda antiterror əməliyyatları həyata keçirib girovlarımızı və işğal altında qalan bütün ərazilərimizi azad etməliyik, ya da ki, girovlarımızın azadlığı üçün erməni tərəfdən mülki və hərbi şəxslərdən 5-6 nəfəri girov götürüb ölkəmizə gətirməli və girovlarımızla dəyişdirməliyik.

Şəymən