Əsas hədəf ixraca yönəlmiş məhsulların istehsalıdır

“Əgər düzgün iş qurulacaqsa, bir neçə ildən sonra ölkə iqtisadiyyatında müsbət təsirlərin olduğunu görə bilərik”





Azərbaycanda strateji müəssisələrin enerji təminatına dair güzəştli tariflər müəyyənləşdiriləcək. Bu barədə Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində deyilir.

Qeyd olunur ki, ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən müəssisələrin siyahısı müəyyənləşdiriləcək və bu müəssisələr üzrə güzəştli tarif təklifləri hazırlanacaq.

Ağır sənaye, xüsusilə metallurgiya müəssisələrinin enerji təminatının fərqli, aşağı tariflərlə təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.

Məsələni dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli əsas məqsəd kimi rəqabətə davam gətirə biləcək və keyfiyyətli məhsulların ixrac olunmasını vurğulayıb: 

"Əgər biz gələcəkdə metallurgiya, ağır sənaye sahəsində müəyyən məhsulların istehsalını və ixracatını düşünürüksə, rəqabətə davam gətirmək üçün rəqabətli qiymətlər təklif etməliyik. Rəqabətli qiymətin, yəni aşağı qiymətlərin formalaşmasında enerji istehlakının rolu çox böyükdür. Enerji qiymətlərinin aşağı olması nəticə etibarı ilə məhsulların maya dəyərinin aşağı olmasına səbəb olur. Bu da qiymətlərə təsir göstərir və qiymətlərin daha da rəqabətə davamlı olmasına səbəb ola bilər. Amma sırf bu addımla, yəni ancaq enerji istehlakında qiymətlərə güzəştlər tətbiq etməklə rəqabətə davamlı məhsulların istehsal edilməsi mümkün deyil. Əgər belə bir addım atılacaqsa, müəyyən dərəcədə məhsulların maya dəyərinə və qiymətin aşağı olmasına səbəb olacaq ki, bunu da pozitiv bir məsələ hesab etmək olar. Əsas məqsəd rəqabətə davam gətirə biləcək keyfiyyətli məhsulların istehsal olunması məsələsidir ki, burada Azərbaycan yüksək və müasir texnologiyalarla təchiz olunmuş zavodların, istehsal müəssisələrinin tikilməsinə, xarici kapitalın birbaşa iştirakının təmin edilməsinə çalışmalıdır. Bundan əlavə, xarici kapitalın, qabaqcıl texnologiyaların ölkəyə daxil olması və bunun üzərinə maya dəyərinin aşağı düşməsi, yəni elektrik istehlakında qiymətlərin aşağı olmasını gəlsək, təbii ki, Azərbaycan bir neçə ildən sonra rəqabət qabiliyyətli məhsulları istehsal və ixrac edə bilər. Çünki əsas hədəf ixraca yönəlmiş məhsulların istehsalıdır ki, daha çox məhsul ixrac edək və ölkəyə daha çox valyuta gəlsin, düşdüyümüz valyuta çatışmazlığı məsələsi aradan qalxsın. Bunun üçün müəyyən zaman lazım olacaq və bu zaman kəsimində əgər düzgün iş qurulacaqsa, yüksək texnologiyalarla təchiz olunmuş zavodlar tikiləcəksə, bir neçə ildən sonra ölkə iqtisadiyyatında müsbət təsirlərin olduğunu görə bilərik”.

Yeganə Bayramova