Əsəd Cahangirin “On üçüncü gecə”sinin təqdimatı keçirilib
Bu gün M.F.Axundov adına Milli Kitabxanada tanınmış tənqidçi Əsəd Cahangirin "On üçüncü gecə” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə səsləndirilən fikirlərə keçməzdən əvvəl qeyd edək ki, "On üçüncü gecə” kitabında müəllifin xalq yazıçısı Elçin Əfəndiyevin yaradıcılığına həsr etdiyi məqalələr - hekayələri, dram əsərləri, onlar əsasında hazırlanmış tamaşalar və nəhayət, "Baş” romanı haqqında yazıları yer alıb.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə keçirən tədbir Yazıçılar Birliyinin katibi Rəşad Məcidin aparıcılığı ilə baş tutub. Əvvəlcə, Elçinin yaradıcılığından söz açan R. Məcid Elçinin əsərlərinin böyük fəlsəfi yükü olduğunu deyib:
"Onun romanları bizim nəslin yaddaşına yazılıb, düşüncələrimizin formalaşmasına xidmət edib. Yazıçının roman-povestlərində gələcək həyatımıza işıq tutan məqamlar çoxdur. Onun "Baş" romanı geniş ədəbi diskussiyalara səbəb olub”. Əsəd Cahangirin yazılan hər bir əsərlə bağlı özünəməxsus müşahidə qabiliyyəti, təhlili yanaşması olduğunu vurğulayan R. Məcidin sözlərinə görə, onun "On üçüncü gecə” kitabında elmi dillə publisistik dil qovuşub.
Əsəd Cahangirin yaradıcılığı ilə çoxdan tanış olduğunu vurğulayan
yazıçı, publisist Qəzənfər Paşayev onun bütün yaradıcılığını oxuyub, zənginləşdiyini deyib. Təndiqçiləri adətən "Koroğlunun dəliləri” ilə müqayisə etdiyini vurğulayan yazıçı deyib ki, tənqidçilərin işi həqiqəti adamın üzünə deməkdən ibarətdir:
" Bir nəfər "Molla Nəsrəddin”dən kimlərə dəli deyildiyini soruşur. O da cavab verir ki, sözün düzünü üzə deyən adamlara dəli deyirlər. Rlə buna görə də mən sözü üzə deməyi bacaran insanlara "Koroğlunun dəlisi” deyirəm. Əsəd Cahangir isə sözün düzünü üzə deməyi bacaran az sayda tənqidçilərimizdən biridir. Bu isə qəhrəmanlıqdır. Elə Əsədin fərqliliyi də budur ki, o dostluq, qardaşlıq münasibətlərinə, adın qarşısındakiı titullara önəm vermədən insanların səhvini üzünə deyir. Belə dı olmalıdır. Tənqidçilər hər zaman yazıçıya qarşı münasibətdə obyektiv və dürüst olmalıdır. O yazıçını sevdirməyi bacarmalıdır. Bu dünya ədəbiyyatşünaslığının əsas prinsiplərindən biridir. Əsəd də dünya ədəbiyyatşünaslığına bələd olduğundan bu kitabında o Elçini daha da sevdirə bilib. Vaxtı ilə Əsəd Cahangiri elmi iş müdafiə etmədiyi üçün qınayırdım. Bunu onun üzünə də demişdim ki, niyə müdafiə etmirsən. Bu sənin gələcəyin üçün vacibdir. Amma indi görürəm ki, nahaq iş görmüşəm. Əsəd Cahangirin müdafiəyə ehtiyacı yoxdur. "On üçüncü gün” kitabı elə Əsədin müdafiəsidir”.
Yazıçı, millət vəkili Aqil Abbas Azərbaycanda tənqidçilərin barmaqla sayılacaq qədər az olduğunu bildirib:
"Onlara da şər atırlar ki, tənqidçilər də ancaq öz dostlarından yazırlar. Amma yazdıqları həqiqətdir. Əsədin ən böyük məziyyəti odur ki, o bir hekayə haqqında hekayə, roman haqqında roman yazır. Və öz obyektivliyini heç kimə güzəştə getmir. "On üçüncü gün” kitabı da sanki Elçin müəllim haqda bir romandır".
Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Əsəd Cahangirin hər zaman öz tənqidi əsərlərində dərinə vardığını, əsərdə baş verənləri təhtəlşüurundan keçirərək, psixoloji süzgəcdən arındıraraq böyük bir material kimi təqdim etdiyini qeyd edib:
"Bəzən də bu yaxşı qarşılanmır. Hər bədii mətn sadəcə yazıçının fantaziyası deyil, əsərində yaratdığı hər bir obrazın onun təhtəlşüurunda yeri var. Əsəd görünən hissəni yox, onun dərin qatlarına enərək görünməyən hissəni təqdim edir. Bu yanaşma üslubunda da obrazları reallığın arxasındakı aləmə aparır”.
Elçini çağdaş nəsrimizin yaradıcılarından biri olduğunu vurğulayan şair Ənvər Əhməd onun bütün yaradıcılığına bələd olduğunu deyib. Əsəd Cahangiri isə müasir tənqidi poetikanın yaradıcısı kimi təqdim edib:
" Əsəd birtərəfli adamdır. O ədəbiyyata ağlının gözü, ruhu, mənəviyyatı ilə yanaşır. Elə tənqidçilər var ki, kitab çıxmamışdan məqalə yazırlar. Bəzən də elə şair, yazıçı haqqında yazı yazırlar ki, onun ümumiyyətlə şairlikdən, ədəbiyyatdan xəbəri yoxdur. Amma Əsəd Cahangir onlardan deyil. O ədəbiyyata qarşı necə doğma münasibət bəslədiyi yazılarından bəllidir. Onun tənqidçilik qabiliyyəti kifayət qədər genişdir. Hesab edirəm ki, gənc tənqidçilər əsərlərin xahişlə, minnətlə təhlil edilmədiyini Əsəddən öyrənməlidir”.
Tənqidçilərin böyük əksəriyyətinin ordan- burdan oxuduğu cümlələr hesabına təhlili yazı yazdığını və sadəcə əsərin məzmununu yazıya köçürməklə məşğul olduunu deyən "On üçüncü gecə" kitabının redaktoru, yazıçı-publisist Mustafa Çəmənli qeyd edib ki, Əsəd Cahangir isə digərlərindən fərqli olaraq haqqında yazdığı hər bir əsəri dərindən təhlil edib, kitabı oxuculara öz fikirləri ilə təqdim edir: "Özünü savadlı göstərmək üçün nə yazını terminlərlə doldurur, nə də dünya ədəbiyyatdan sitatlar gətirmir. O əsər haqqında özünün orjinal yanaşmasını ortaya qoyur”.
Tədbirdə həmçinin "Xalq yazıçısı Elçin" adlı geniş kitab sərgisi açılıb. Sərgidə İ.Əfəndiyevin əsərləri, xarici dillərə tərcümə olunmuş kitabları, xarici dillərdən tərcümə etdiyi əsərlər, tərtib etdiyi, ön söz yazdığı, redaktoru olduğu və layihə rəhbəri olduğu kitablar nümayiş olunub.
Şəymən