Eskalatorlar işləməyəndə sağlam insanlar belə problem yaşayır

Əlillərin ictimai nəqliyyatda rahat və sərbəst hərəkəti üçün nəqliyyat sistemindəki qlobal problemlər həll olunmalıdır



Bakı Metropoliteni əlil arabalarının daşınması üçün xüsusi qurğular gətirib. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sonuncu qurğu ötən həftədən sərnişinlərin istifadəsinə verilib. İlkin olaraq fiziki məhdudiyyətli şəxslər üçün on nəfərdən ibarət mobil işçi qrupu müəyyən edilib. Qurğu sərnişinləri qane edərsə, bütün stansiyalar bununla təchiz ediləcək.
Əlillər üçün ictimai nəqliyyatda rahat və başqasının köməyi olmadan hərəkətinin təmin olunması çox vacib məsələdir. Bu, onların cəmiyyətə daha yaxşı inteqrasiya olunmalarını təmin edər. Bu, bütün dünyanı narahat edən və düşündürən bir məsələdir.

Nəqliyyat eksperti Elməddin Muradlı məsələylə bağlı "Şərq”ə danışarkən bildirib ki, ictimai nəqliyyat sektorunda aidiyyəti qurumların da bu məsələyə yanaşması həssas olmalıdır:

 "Metro elə bir nəqliyyat növüdür ki, şərait mütləq yaradılmalıdır. Adətən əlillər şəhərə tək çıxmırlar. Amma çox istəyərdim və arzu edərdim ki, onlar üçün də əlverişli şərait yaradılsın. Onlar da rahat və sərbəst hərəkət edə bilsinlər. Bunun üçünsə bütün yeraltı və yerüstü keçidlər sökülüb təzədən tikilməlidir. Bu isə təəssüf ki, mümkün deyil. Çox vaxt eskalatorlar işləmədiyinə görə sağlam insanlar belə qalxıb-düşməkdə problem yaşayırlar. Əlillər necə hərəkət etsinlər? Yeni gətirilən qurğular quraşdırılsa, əlillərin orada hərəkəti normal təmin oluna bilər. Əlillərimiz də cəmiyyətimizin bir üzvüdür və biz onlara hörmətlə, qayğı ilə yanaşmalıyıq”.

Lakin digər ictimai nəqliyyat vasitəsi olan avtobuslarda əlillər üçün rahat və əlverişli şəraitdən danışmaq mümkün deyil. Hətta yeni gətirilən avtobuslarda belə, müəyyən imkanlar olsa da, istifadəsi çətindir. Ekspert bildirib ki, heç bir ölkə tam şəkildə iddia edə bilməz ki, bizdə bu sahədə problem yoxdur: 

"Avtobuslar təzəlikcə yenilənir. Yeniləndikcə də bu şərait nəzərə alınır. Sadəcə istifadə etmək müəyyən çətinlik yaradır. Biz belə başa düşürük ki, bunlardan istifadə etmək üçün, mütləq sürücünün yanında bir konduktor, köməkçi olmalıdır. Onlar əlillərin minib-düşməyinə şərait yaratmalıdırlar. Digər tərəfdənsə, vətəndaşların köməyi ilə istifadə edə bilərlər. 

Lakin bu da real görünmür. Çünki bəzi avtobuslar heç dayanacaqda saxlamır və yaxud da, avtobus dayanacağa çatanadək ağzına kimi dolur. Əlil orda necə hərəhət edəcək, avtobusa necə minəcək? Məsələ budur. Bütün bunların həyata keçirilməsi üçün nəqliyyat sistemindəki qlobal problemlər həll olunmalıdır”.

Sevda Ulutau