Evdə hazırlanan pomidor turşuları ÖLÜM SAÇIR




Ev şəraitində hazırlanan pomidor turşularından istifadə zəhərlənmə ilə nəticələnir.

Bunu Sherg.az-a ev şəraitində hazırlanan turşulardan zəhərlənmə hallarının artmasına münasibət bildirərkən Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov deyib. 

Baş kulinar bildirib ki, hazır satılan turşular və mürəbbə kimi məhsullar daha təhlükəsiz olmasına baxmayaraq sakinlər yenə də ev şəraitində hazırlamağa meyl edir: 

"Bunların fəsadları zavod və fabriklərdə bağlanan məhsullara nisbətən daha çox olur. Əvvəllər qışa hazırlıq üçün turşuların bağlanması əhaliyə ucuz başa gəlirdi. Ona görə də yay aylarında bu turşuları hazırlayıb qışda istifadə edirdilər. İndi isə hazır məhsullar kifayət qədər geniş istehsal olunur və daha ucuz qiymətə satılır. Zavodlarda apardığım müşahidələrimdən steril şəraitdə düzgün reseptlərlə hazırlandığına tam zəmanət verə bilərəm. Zəhərlənmə halları ev şəraitində hazırlanan məhsulların düzgün qaydada hazırlanmamasından irəli gəlir. Rayonlarda maarifləndirmə tədbirlər düzgün aparılmır. Bu məhsulların hazırlanması və istifadəsinə dair düzgün məlumatlar verilmir. Ən sıx rast gəldiyimiz isə telekanallarda tərkibinin, keyfiyyətinin dəqiq bilinmədiyi məhsulların reklamının aparılmasıdır. Bu əhalidə fikir qarışıqlığı yaradır ki, hansına etibar etmək olar, hansına olmaz. Sakinlərə ev şəraitində turşuları hazırlamalarını məsləhət görmürəm". 

T.Əmiraslanov qeyd edib ki, hazır məhsullar daha təhlükəsizdir:

" Həm də hazır qidalar səbəbindən hər hansı bədbəxt hadisə baş verərsə, minimum halda zəhərlənən şəxslərin müalicə xərclərini o zavodlar ödəyəcək. Bütün bunları nəzərə alaraq, sakinlərə bu məsələdə daha diqqətli olmağı, təhlükəsizliyinə tam şəkildə əmin olmadan ev şəraitində bu turşuları hazırlamamağı məsləhət görürəm".

Qeyd edək ki, ötən gün Ağcabədi rayonunda 4 nəfər pomidor turşusundan zəhərlənib, bir nəfərin vəziyyəti ağır olduğundan paytaxta gətirilib.

Aysel Aslan