"Yazılan statuslar, paylaşımlar insanların psixoloji durumunu, savadını, dünyagörüşünü, hadisələrə münasibətini ortaya qoyur"
Fazil Mustafanı niyə söyürsüz?
Yazını oxumadan "bəyənmək", oxumadan söymək "xəstəliyi" yayılıb
"Yazılan statuslar, paylaşımlar insanların psixoloji durumunu, savadını, dünyagörüşünü, hadisələrə münasibətini ortaya qoyur"
"Yazılan statuslar, paylaşımlar insanların psixoloji durumunu, savadını, dünyagörüşünü, hadisələrə münasibətini ortaya qoyur"
Sosial şəbəkələr başağrısıdır. Səbəbsiz yazmadıq. Yaxşı, müsbət tərəfləri olduğu kimi, mənfi, hətta insanı çilədən çıxaracaq yönləri də var. Sosial şəbəkələrə ümid etmək olmaz. Səni tərifləyəcəklər, paylaşdığın statusu yüzlərlə dostun bəyənəcək və birdən təhqir, söyüş də yazıldığını görəcəksən. İnsanlarımız səbirsiz olub. Bu, məlum. Amma insanlarımız yəni bu qədər məsuliyyətsiz və savadsızdır ki, yaxşı ilə pisi biri-birindən ayıra bilmirlər? Həm də söhbət hansısa sosial problemdən gedir və yazılan status birbaşa əhalinin xeyrinədirsə?
Bəlkə də təxmin etdiniz, millət vəkili Fazil Mustafanın təbii qaza tətbiq edilən limitin qaldırılması – artırılması (yəni, hazırda tətbiq olunan 1700 kub.metrlik limitin artırılaraq 3000 kub.metrə çatdırılması, yəni əhalinin xeyrinə, daha çox qaz istifadə edək və 20 deyil, 10 qəpikdən ödəniş hesablansın deyə. Bunu belə sözbəsöz izah edirik ki, çaşıb kimsə yenə söyüşə keçməsin – red.) ilə bağlı Milli Məclisdəki çıxışından söhbət gedir.
Yaşananlara Fazil Mustafa feysbuk səhifəsində münasibət bildirib. Öncə onu paylaşaq:
- Demək millətimizin qaz limitinə görə sıxıntı içində olan, ödəmədə çətinlik çəkən insanlarının problemini dilə gətirmişik, yəni xeyrinə danışmışıq. Tələb etmişik ki, mövcud limit ən azı iki dəfə artırılsın ki, insanların ödəmə imkanı olsun. Limitin qalxmasını tələb edənlər söyməyə başlayıblar ki, niyə limiti qaldırırsınız? Anlaşıldı, deyək ki, heç qərəzli deyillər, sadəcə başa düşməyiblər. O halda sual doğur ki, başa düşməyəndə adam susar da, bizimkilər nədən yazı yazır? Azərbaycan cəmiyyətini bürümüş cahilliyin, savadsızlığın ən bariz şəkildə göründüyü yer virtual məkandır. Ali məktəbə oxumaq üçün deyil, diplom üçün daxil olanları anlamaq olar, buraya ki, daxil olanlara diplom vermirlər? Biz siyasətdə də, elmdə də, ictimai sferada da düşündüklərimizi, xalqın faydasına olduğuna inandığımız tezisləri xalqa rəğmən söyləmişik və söyləməyə də davam edəcəyik. Bəyənib-bəyənməmək qətiyyən bizi maraqlandırmır, illər öncəki, cəbhəçilik dövründən, hərəkatçılıq dövründən qalma macəraçılıqla xalqın başını aldatmağı düşünmürük, real durumu izah edirik, cəmiyyətin əsas probleminin məhz dini, siyasi, elmi cəhalət olduğunu görürük və maarifçilik işinin də ağırlığını bu cinaha yönəldirik. Tez-tez məlum ideoloji yobazlaşmadan qurtula bilməyənlər şəxsimə məntiqsiz bir sual da ünvanlayırlar ki, bəs niyə xalqın yanında deyilsiniz?
Afərin, mənim siyasət anlayışımı doğru çözmüsünüz. Məhz fərqimiz də buradadır. Mən xalqın yanında deyiləm, xalqdan yanayam. Bu yobazlar isə xalqın yanında olsalar da, xalqdan yana deyillər. Xalqın yanında olmaq, xalqın xoşuna gəlmək üçün onun eşitmək istədiyini saxtakarcasına təkrarlamaqdır. Xalqdan yana olmaq isə xalqın xoşuna gəlməsə belə, onun mövcudluğu, gələcəyi, tərəqqisi üçün faydalı olanları dilə gətirməkdir, bu istiqamətdə çalışmaqdır. Ən böyük təsəlli də bu olmalıdır məncə: Xaliqin bilməyi yetərlidir. Balıqsa özü bilər...»
Bəs yaxşını pis qəbul etmək kimi bir naqisliyin əsasında nə dayanır?
Sosioloq Əhməd Qəşəmoğlu «Şərq»ə açıqlamasında bunun səbəbinin bəzi insanlardakı məsuliyyətsizliyə dayandığını bildirdi:
- Bizim insanlarımız, yaşlı nəsil, xüsusilə də gənc nəsil bəzən xəbərlərə, hadisələrə, yazılan statuslara məsuliyyətsiz yanaşır. Yadınızdadırsa, təxminən 2 il əvvəl səfirlik əməkdaşları ilə bağlı sosial şəbəkədə xoşagəlməz bir hadisə meydana gəldi. Bir hadisə ilə bağlı səfirlik əməkdaşı «bəyənmə» işarəsi qoyub, digər əməkdaşlar da onun «bəyənməsini» görüb, onlar da eyni hərəkəti təkrarlayıblar. Halbuki, səfirlik əməkdaşının özü də nəyi «bəyəndiyinin» fərqində olmayıbmış. Yadınızdadırsa, bu məsələ xarici diplomatiya sahəsində böyük skandala səbəb oldu. İzahat verildi, üzr istənildi və sairə. Bunlar bəzən insanların məsuliyyətsiz davranışlarından, laqeyd münasibətdən, hadisə barədə ətraflı məlumata sahib olmadan, tələsik qərar vermələrindən irəli gəlir. Mənimlə də belə hallar yaşanır. Bir paylaşım edirəm, deyək ki, bir məqalə, həmin anda kiminsə «bəyəndi»yini görürəm. Halbuki, belə ani vaxtda məqaləni, yazını oxuyub başa çatmaq mümkün deyil. Deməli, oxumadan, məzmunundan agah olmadan kimlərsə «bəyənmə»yə tələsir. Ola bilər, imzamı görüb mənə görə bəyənirlər. Amma bu, düzgün deyil. Axı anlaşılır ki, oxumadan bəyənilib.
«Burada həm də qeyri-səmimilik varmı» sualına cavabında isə Ə.Qəşəmoğlu «daha dəqiq desək, qeyri-obyektivlikdir» dedi:
- Cəmiyyətdə proseslər tez-tez dəyişir, münasibətlər dəyişir. Belə vəziyyət bizdən daha dəqiq olmağımızı tələb edir. Hadisə barədə gərək məlumatın olsun, söhbətin nədən getdiyini biləsən, sonra fikir bildirəsən. Məsələdən agah olmamış fikir bildirəndə artıq qeyri-obyektivlik olur.
Ə.Qəşəmoğlu sosial şəbəkələrin sosial araşdırmalar üçün tutarlı mənbə olduğunu da bildirdi:
- Mən bir şeir paylaşıram və onun ciddi şeir olduğunu da bilirəm. Baxıram ki, tutalım, 80 nəfər bəyənib. Amma bir qadın parıltılı bir şeir paylaşır, baxırsan, bəyənmə sayı 200-ü keçib. Bunun özü sosioloji araşdırma mövzusudur. Yazılan statuslar, paylaşımlar insanların psixoloji durumunu, savadını, dünyagörüşünü, hadisələrə münasibətini ortaya qoyur. Bunlar sosioloji təhlillər aparılması üçün böyük əhəmiyyət daşıyır.
Məlahət Rzayeva