FHN-dən xəbərdarlıq: "Qaz balonu günəşin altında qalarsa..." - Partlayış !

Oqtay Bayramov: "Qaz balonu qoyulan otağın temperaturu isə 45 dərəcədən çox olmamalıdır. Xüsusilə, yay aylarında buna diqqət etməliyik"

Çoxmərtəbəli binalarda qaz balonlarından istifadə etmək qəti qadağandır”.

Bunu "Sherg.az”a maye qaz istifadəsi üçün nəzərdə tutulmuş kiçik balonlardan istifadə qaydalarını izah edərkən Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Oqtay Bayramov deyib. O bildirib ki, əhali 2 mərtəbədən çox olmayan evlərdə bu balonlardan istifadə etməlidir:

"İkimərtəbəli yaşayış binalarında qazlaşdırma işləri aparıldıqda otaqların sayına, binanın müvafiq plan quruluşuna, tikinti normalarına əsaslanaraq normativləri qoyublar. Obyekt kimi istifadə olunan zirzəmilərdə də bu balonlar istifadə edilməməlidir. Qaz balonlarının quraşdırılması zamanı da FHN-in təhlükəsizlik qaydaları müəyyənləşdirilib. Balonlar quraşdırıldıqda qaz cihazı olan otaqlarda yerləşdirilməlidir. Binanın xaricində yerləşdirildikdə bu balonlarının reduktoru qıfıllı örtüklə örtülməlidir. Çünki açıq olduqda, hər hansı müdaxilə zamanı müəyyən fəsadlar ola bilər.

Bir otaqda adətən tutumu 50 litrdən artıq olmayan bir və hər biri 27 litrdən artıq olmayan iki balonun qoyulmasına icazə verilir. Qaz balonu qoyulan otağın temperaturu isə 45 dərəcədən çox olmamalıdır. Xüsusilə, yay aylarında buna diqqət etməliyik.

Yayda qaz balonu günəşin altında qoyularsa, partlamaq təhlükəsi yaranar. Balon qaz cihazına plastik boru ilə birləşdirilir. Bu şlanqın uzunluğu 10 metrdən çox olmamalıdır. Əhali vaxtlı-vaxtında balonlara texniki xidmət göstərməlidir və bunu qaz mütəxəssisləri vasitəsilə etmək lazımdır.

İstifadə olunmayan boş balonları mənzildən aralı tutmaq lazımdır. Balonların dəyişdirilməsi elektrik cihazlarından kənarda həyata keçirilməlidir. Dolu qaz balonları boş balonlardan ayrı saxlanmalıdır. Bütün bu qaydalara riayət etdikdə əhali qaz balonlarından rahat istifadə edə bilər”.

Qeyd edək ki, ölkəmizdə qızmar istilərin hökm sürdüyü günlərdə paytaxtın müxtəlif ərazilərində qazlaşdırılmamış binalarda qaz balonun düzgün istifadə edilməməsi səbəbindən partlayışlar baş verib . 

Aysel Aslan