Professor qanun layihəsini mütərəqqi addım kimi dəyərləndirib
Məlahət Mürşüdlü isə məktəbdə qızıl medala layiq görülən abituriyentlərin imtahansız ali məktəbə qəbulunun tərəfdarı deyil
Orta məktəbi qızıl medalla bitirən məzunlar ali məktəblərə qəbul imtahanlarından azad olunacaqlar. Milli Məclisdə hazırlanan yeni "Ümumi təhsil haqqında” qanun layihəsində qeyd edilib. Qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilib ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar.
Təhsil eksperti, professor Şahlar Əsgərov sözügedən qanun layihəsini mütərəqqi addım kimi dəyərləndirib. Bu qanun qəbul olunacağı təqdirdə gənclər üçün bir stimul rolunu oynayacaq, gənclər arasında qızıl medal uğrunda rəqabət olacaq.
Rusların belə bir deyimi var: "Ən yaxşı yenilik yaddan çıxmış adətdir” .
1956-57-ci illərə qədər də orta məktəbi qızıl və gümüş medalla bitirən məzunlar ya imtahansız, ya da cəmi bir imtahandan keçməklə ali məktəbə qəbul olunardılar”.
Ekspertin fikrincə, orta məktəbləri bitirən məzunlar arasında qızıl medal alanların sayı çox az olduğundan onların ali məktəblərə imtahansız qəbul olunması elə bir problem yaratmaz: "Respublika üzrə fəaliyyət göstərən orta məktəblərin sayı 4300-ə yaxındır. Hər orta məktəbdən də qızıl medalçı çıxa bilməz. Ölkə üzrə bir il ərzində 2000-ə yaxın orta məktəb şagirdi ancaq qızıl medal ala bilər. Bu qədər gəncin isə ali məktəbə imtahansız qəbul olunması çətin bir proses deyil. Universitetlər il ərzində 40 minə yaxın tələbə qəbul edirsə, bu rəqəmin yanında 2 min elə də böyük say deyil. Bu qərar gəncləri imtahan prosesinin psixoloji gərginliyindən azad etməklə onların sağlamlığına da müsbət təsir edəcək. Amma bir şərtlə ki, şagird qızıl medala həqiqi savadı nəzərə alınaraq layiq görülsün. Düzdür, bu qanunun mənfi tərəfləri də olacaq. Yəni burada məktəb direktorunun və digər aidiyyəti şəxslərin xüsusi marağı ola bilər. Rüşvət halları olmasın deyə, orta məktəblərə nəzarəti gücləndirmək lazımdır. Onu da deyim ki, əgər direktor kimdənsə pul alıb, qızıl medalı imkanlı ailənin uşağına verəcəksə belə, bu da qəbulolunandır. Hər halda o şagirdin biliyi sıfır səviyyəsində olmayacaq. Sadəcə olaraq məktəbdə iki şagird qızıl medal uğrunda mübarizə aparacaqsa, direktorlar daha varlı olana üstünlük verəcək. Bu cür neqativlərə rəğmən Milli Məclisdə hazırlanan yeni "Ümumi təhsil haqqında” qanun layihəsinin qəbul olunmasını dəstəkləyirəm”.
Təhsil eksperti Məlahət Mürşüdlü isə məktəbdə qızıl medala layiq görülən abituriyentlərin imtahansız ali məktəbə qəbulun tərəfdarı olmadığını deyib:
"Medal almaq o demək deyil ki, bu uşaq qəbul imtahanlarından azad olunmalıdır. Sovet dövründə bu yayılmışdı, elə bundan sonra da valideynlər bu medalları məktəblərdən almaq üçün yarışdılar. Onlar bilik yarışına yox, rüşvət yarışına çıxdılar. Belə neqativ hallar meydana çıxdıqda onun qarşısını almaq qeyri-mümkün oldu, pul verib medal almaq sistem halına çevrildi. Mən düşünürəm ki, bu gün bu güzəştin tətbiq edilməməsi düzgündür. Çünki bu baş versə, rüşvətxorluq yenidən baş qaldıracaq".
Təhsil eksperti Məlahət xanım hesab edir ki, təhsildə heç bir güzəşt olmamalıdır: "Şagirdin 11 il ərzində oxuması, özünü məktəbdə aparması, tərbiyəsi qızıl medalla qiymətləndirilir. Bu, uşağın avtobioqrafiyasını ömür boyu bəzəyəcək".
Şəymən