Gərək sayğac olsun...

Taksilərdə süni qiymət artımının qarşısını almaq mümkün olmayacaq



Paytaxtda fəaliyyət göstərən taksilərdə süni qiymət artımını aradan qaldırmaq üçün tədbirlər görülür. Bu barədə BNA-nın baş direktoru Vüsal Kərimli məlumat verib.

Onun sözlərinə görə, agentlik bu məsələ ilə bağlı müəyyən qurumlarla danışıqlara başlayıb:

"Artıq müəyyən qurumlara təkliflər göndərilib. Bakı Nəqliyyat Agentliyində vahid taksi tarifi müəyyən ediləcək. Bundan sonra taksi şirkətlərinə göndəriləcək”.

V.Kərimli bildirib ki, bu tarif müəyyən ediləndən sonra taksilərdə süni qiymət artımının qarşısı tam alınacaq.

Məsələ ilə bağlı "Şərq”ə danışan Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı taksi sürücülərinin soyuq və şaxtalı hava şəraitindən sui-istifadə edərək qiymətləri daha da yüksəltdiklərini bildirib: 

"Vahid qiymət sisteminin yaradılması o vaxt mümkün olar ki, bütün taksilərə taksometrlər quraşdırılsın. Çünki, bu sistemlə müştəri nə qədər pul verməli olduğunu biləcək və heç kim ondan artıq qiymət tələb etməyəcək. Amma bu gün əlillər üçün nəzərdə tutulan maşınlardan tutmuş bir sıra bahalı marka avtomobillər taksi kimi fəaliyyət göstərir. Əlbəttə, kimsə şəxsi avtomobili ilə taksi xidməti göstərə bilər. Amma gəlin görək o adamın avtomobilinə biz sayğac qoya bilərikmi? Məsələnin kökündə əsas bu dayanır. Ümumilikdə qiymətə nəzarət eləmək üçün taksometrlərdə mütləq sayğac olmalıdır. Onlar normal rejimdə işləməlidir. Sayğaclara da nəzarət olunmalıdır ki, qiymətlər süni şəkildə şişirdilməsin. İndi Azərbaycanda, xüsusən Bakı şəhərində çoxlu taksi şirkətləri fəaliyyətə başlayıb. Biri-birləri arasında böyük rəqabət gedir. Bu çox sevindirici haldır ki, bu sahədə monopoliya yoxdur. İstənilən bir şəxs müəssisə yaradıb 15-20 avtomobil alıb özü də taksi şirkəti qura bilər. Yaxud öz avtomobili ilə taksi xidməti göstərən 50-60 sürücünü öz ətrafında birləşdirmək imkanına malikdir. Bu sahədə heç bir problem yoxdur, insanlar sərbəst şəkildə belə işi qura bilirlər. Ona görə də qiymətlər nəinki bahalaşır, əksinə, son vaxtlar taksi xidmətində qiymətlər aşağı düşüb. Qiymət artımı hazırda London taksilərində müşahidə olunur. London taksiləri tanınmış bir iş adamı ilə nəqliyyat naziri Ziya Məmmədovun əlində idi. Onlar arasında yaranan konfliktin nəticəsində London taksiləri havada qaldı. Artıq iş o yerə gəlib çatıb ki, London taksiləri satılır. Vaxtilə gündəlik "Bakı Taksi” Şirkətinə pul ödəyən taksi sürücüləri 15-16 min manata həmin maşınları alıb öz şəxsi avtomobilinə çevirə bilirlər. Ona görə də onlar istədikləri qiymətləri qoyurlar. Hesab edirəm ki, BNA bu məsələyə müdaxilə etməlidir ki, belə özbaşınalıqlar olmasın”.

Yeganə Bayramova