Dənizçi, kosmonavt, TIR sürücüsü xəyalları elə uşaqlıqda qaldı
Peşə seçimi hər bir insanın həyatının vacib qərarlarından biridir. Uşaqlıqda hər kəsin yiyələnmək istədiyi bir peşə olur. Həkim və müəllim olmaq qızların, polis, prokuror olmaq isə daha çox oğlanların xəyalındakı peşə olsa da, böyüdükcə bu istək bəzən dəyişir, ya da elə uşaqlıqdan arzuladığın peşəyə yiyələnirsən.
"Şərq” qəzeti ictimaiyyətin tanınmış nümayəndələri arasında sorğu aparıb, onların uşaqlıqda arzuladığı peşəni öyrəndik.
Nəriman Əbdülrəhmanlı dənizçi olmaq istəyibUşaq olarkən ən böyük xəyalının dənizçi olduğunu deyən yazar, tərcüməçi-publisist Nəriman Əbdülrəhmanlı bildirib ki, hərdən arzusunun reallaşmadığına üzülür: "Uşaqlıq, xüsusilə yeniyetmə dövründə hər kəsin fikrindən müxtəlif peşə sahibi olmaq keçir. Lakin sonra həyatın tələbi və axarı insan aparıb elə yerə çıxarır ki, aruzların bəzisi reallaşa bilmir. Təbii ki, gerçəkləşməyən arzular sonradan insanın qəlbində qalır. Uşaqlıqdan bəri dənizi çox sevirdim. Dəniz mənim yaşadığım yerdən uzaq olsa da, həmişə dəniz haqqında düşünürdüm. Gəmidə işləmək ən böyük arzularımdan biri idi. Uzaq səfərlərə çıxmaq, başqa ölkələri görmək mənə çox maraqlı gəlirdi. Sonra həyat elə gətirdi ki, ədəbiyyatçı oldum və arzum sadəcə arzu olaraq qaldı. Hətta yazdığım bəzi yazılarda arzumu müəyyən qədər ifadə etməyə çalışıram”.
Fazil Mustafa ədəbiyyatı sevirmiş...Millət vəkili Fazil Mustafa uşaqlıq illərində ədəbiyyat sahəsinə böyük marağı olduğunu dedi: "Filologiya fakültəsinə daxil ola bilmədim, amma ədəbiyyatı çox sevirdim. Sonra elə oldu ki, hüquq fakültəsinə daxil oldum və nəzərdə tutmadığım peşə istiqamətində həyat yolu seçdim”.
Elnur Rüstəmli TIR maşını sürüb dünyanı gəzmək istəyibHəmişə dərslərində çalışqan şagird olduğunu deyən psixoloq Elnur Rüstəmov bildirib ki, buna baxmayaraq orta məktəb vaxtı sürücülüyə böyük həvəsi olub: "Sovet vaxtı softrans avto kimi böyük TIR maşınları var idi. Mən çox vaxt deyirdim ki, böyüyəndə tır maşını sürən olacağam. Elə hey fikirləşirdim ki, oxuyub TIR maşını sürəcəm və dünyanı gəzəcəm, bu maşını sürənlər çox ağıllıdır. Sonra böyüklər mənə dedi ki, "a bala, tır sürmək üçün oxumaq lazım deyil, onu elə-belə də sürmək olar”. Zaman keçdikcə isə bu istək məndə yoxa çıxdı.
Uşaq vaxtı hüquqşünas da olmaq istəyirdim. İnsanlara daha çox faydalı və həyan olmaq düşüncəsi yarandı. Sonra isə bu fikirlər yavaş-yavaş dəyişdi. İndiki sahəmdən məmnunam”.(gülür)
Dəniz Tacəddin sevdiyi işlə məşğulduTanınmış aktrisa Dəniz Tacəddin isə bildirib ki, hər bir insan mütləq öz ruhuna uyğun, sevdiyi peşə ilə məşğul olmalıdır: "Əslində uşaqlığımdan məni səhnəyə anam öyrəşdirib, içimdəki publika qorxusunu və hər insanın qarşılaşa biləcəyi qorxuları azmağa yardımcı olub. Atam da hər zaman məni dəstəkləyib. Artıq 3 yaşımdan başlayaraq mən rəqs, balet, rəssamlıqla məşğul olurdum. 5 yaşımdan musiqi ilə tam professional məşğul olduğuma görə digər fəaliyyətlərimi dayandırmışdım. İndi isə çox xoşbəxtəm, çünki sevdiyim sənətlərlə məşğulam.(gülür). Musiqi ve kino mənim həyatımın ayrılmaz bir hissəsidir. Çalışmaq lazımdır ki, sevdiyin peşəyə yiyələnəsən. "Kim nə deyər?” düşüncəsi, valideynlərin təkidi ilə sənət seçmək düzgün deyil, bu eynilə sevmədiyin bir insanla ailə həyatına bənzəyir. Sən onunla ömür boyu istəmədən eyni yolda addımlamalı olursan. Çox dəyərli bir filosof-Konfuciy qeyd edib ki, "Sevdiyiniz işlə məşğul olun və sizin heç bir zaman "iş” gününüz olmuş olmayacaq”.
Uzun müddət müşahidə etmişəm ki, nəyə görə bəzi insanlar uğurlu, digərləri isə uğursuz olur?. Əslində hər şey yanaşmadan asılıdır. Hər bir insan, istədiyi işdə uğur qazana bilər. Uğurun ən əsası, hər işi sevmək və detalına qədər keyfiyyətli görməkdir. Ya hamıdan yaxşı eləmək-1-ci olmaq, ya da heç başlamamaq”.
Zahid Orucu meydanlar siyasətə səsləyib...

Millət vəkili Zahid Oruc orta məktədə oxuyarkən müxətlif peşə sahibi olmaq istədiyini dedi: "Sovet illərində təhsil alanlar siyasətçi olmağı ağıllarına belə gətirməzdilər. Çünki kənd yerində həyat idealları müəllimlərin hesabına formalaşırdı və yaxşı oxuyan şagirdlər üçün gələcəkdə mütləq elm-təhsil sferasında irəliləmək, hədəfə çatmaq və cəmiyyətdə seçilmək istəyi üstünlük təşkil edirdi. Ona görə də hüquqşünas olmaq istəyirdim. Bunun özünəməxsus səbəbi var idi. Təvəzökarlıqdan bir qədər uzaq səslənsə də orta məktəbdə ən yaxşı oxuyan birinci tələbə olmuşam. O dövrdə hüquqşünaslıq ən titullu fakültə sayılırdı. Düşünürdüm ki, hüquqşünas olmaq gələcəkdə dövlət işlərində daha fəal iştirak etmək üçün yararlı ola bilər. Daha sonra gördüm ki, bu sahədə rəqabət həddindən artıq çoxdur. Nəticədə daha yaxşı oxuduğum fənlər üzrə irəliləməyi qərarlaşdırdım. Texniki elmləri daha yaxşı oxumuşam. Texniki Universitetə qəbul oldum, ancaq 1993-cü ildən sonra bu sahədə hərəkət etmək arzularım bir qədər azaldı. Çünki dövrün xarakterində siyasət var idi və biz bu sahəyə üz tutduq. Hüquqşünas, sonra alim-professor kimi riyaziyyat sahəsində parlamağa çalışmışam. Arzuladığım 3-cü peşə siyasətçi idi və sonrakı həyatımın əsas hissəsini təşkil edirdi. Çünki meydan hərəkatı tələbələrin üzərində qurulmuşdu, bizi daim hansısa inqilabi mübarizələrə çağırırdılar. Sonradan bizim mühüm bir hissəmizi ayaqlar altında qoyub əzdilər”.
Qulu Ağsəs hər gün özünü kosmosda hiss edirmiş

"Ulduz” jurnalının baş redaktoru, şair, publisist Qulu Ağsəsin sözlərinə görə, ibtidai sinifdə oxuyarkən müəllim olmağı arzulayıb: "İbtidiai sinif müəllimini görəndə istəyirdim ki, mən də onun kimi olum. Amma ən yadımda qalan peşə arzum kosmonavt olmaq idi. Hətta demək olar ki, kosmanovat olmağı bir müddət xəstəlik dərəcəsində düşünürdüm. Gözümü yumurdum və özümü kosmosda hiss edirdim, öz aləmimdə müxtəlif planetlərə getdiyimi xəyal edirdim. 5-ci sinifdə oxuyanda isə "Azərbaycan pioneri” jurnalında şeirim çıxdı. Bu şeirin çap olunması artıq mənim taleyimi müəyyənləşdirdi. Fikirləşdim ki, deməli, tale özü məni yazı-pozu sahəsinə gətirir . Bununla da davamlı olaraq jurnalistika və ədəbiyyat haqqında düşündüm.
Hərdən fikirləşirəm ki, başqa bir sahədə özümü sınaya bilərdim. Təbii ki, bunu acı təbəssümlə deyirəm. Çünki daha əlimdən gələcək bir şey yoxdur. Yenidən uşaq olsaydım, eyni taleyi yaşayardım. Uşaqlıqda hər kəs müxtəlif peşəni arzulayır, amma tale onları tamam başqa bir sahəyə gətirib çıxarır. 5-ci sinifdə artıq qərarımı vermişdim. İndi də yazı-pozu ilə yaşayıram, taleyimdən peşman deyiləm. Xaraktercə elə adamam ki, heç nəyə peşman olmaq istəmirəm, çalışıram nəyinsə peşmançılığını çəkməyim”.
Elçin Şıxlının kosmonavt arzusu..."Ayna”- "Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı da uşaq vaxtı kosmonavt olmaq istədiyini deyib: "O zamanlar hər kəs kosmonavt olmaq istəyirdi, həmçinin də mən. Əslində dil öyrənmək, oxumaq istəyirdim. Öz bacarıqlarımı bilirdim, dəqiq elmlərdə o qədər də güclü olmadığım üçün bu sahədə özümü sınamırdım. Hər kəsin ürəyindən gələn bir şey olur. Mənimki də humanitar sahələr idi və bu sahəyə də gəldim çıxdım. Amma orta məktəbdə biologiya və zoologiya fənlərini çox sevirdim. Daha sonra isə marağım olmadı. Elə sahələr var ki, istəyirsən amma Azərbaycanda onlar yoxdur. Məsələn indi qış olimpiyadasına gedirik, əslində bizdə bu idman növləri hələ inkişaf etməyib”.
Aydın Mirzəzadə inşaatçı olmağa qərar verdi, amma...

Bir neçə dəfə peşə arzusunun dəyişdiyini deyən millət vəkili Aydın Mirzəzadə bildirib ki, sənət seçimində son qərarı cəmiyyət üçün yararlı olmaq olub: "Hiss etdim ki, mən ictimai fəal bir işdə olmaq istəyirəm. Hansı ki, fəaliyyətimə ehtiyac olsun, eyni zamanda daşıdığım peşə cəmiyyətə fayda versin. Bunu dərk edəndən sonra texniki ixtisasların birinə yiyələnmək qərarına gəldim və 1975-ci ildə İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsinə daxil oldum. Bu peşəmlə fəxr edirəm. Lakin bununla belə həyat məni hazırda məşğul olduğum sahəyə yönləndirdi. Hesab edirəm ki, bu işi məndən də yaxşı görə bilən və hazırlıqlı olan kifayət qədər insanlar var. Amma bir halda ki, bu yük mənim çiynimdədir, belə məsuliyyəti yerinə yetirməliyəm, ona görə də gördüyüm işin cəmiyyətə faydası olmalıdır”.
Sevinc Elsevər film çəkə bilmədi

Yazar xanım Sevinc Elsevərin bir neçə peşə arzusu olsa da, ən böyük xəyalı rejissorluq olub: "Orta məktəbdə oxuyanda müəllim olmaq istəyirdim. Tək qız olduğum üçün mənimlə oynayan yox idi. Çoxlu vərəqələr götürüb ora adlar yazırdım, guya kağızdakılar şagirdlərimdi, mən də müəlliməyəm, onlara qiymət yazıram. Amma sonra atam ağlıma hüquq sahəsində işləməyi saldı. 11-ci sinfin yarısına qədər "hüquqşünas olacam” deyib, dururdum. Anam isə həkim olmağımı istəyirdi. Hüquqşünas olmaqdan vaz keçməyimə səbəb kriminal xəbərlər idi. Belə verilişlərin heç birinə baxa bilmirdim və düşündüm ki, hüquqşünas olmaq çətin imiş. Bundan sonra isə qərara gəldim ki, rejissor olum. Ən böyük xəyalım filmlər çəkmək idi. Vəziyyət elə gətirdi ki, anamla İncəsənət universitetinə gəldik, mən qabiliyyət imtahanı verməli idim. Adını çəkmək istəmirəm, qarşımıza çıxan şəxs rüşvət verməyimizi təklif eləmişdi və bizi qorxutmuşdu ki, qabiliyyət imtahanı pulsuz mümkün deyil. Ailəmin maddi imkanı o qədər də yaxşı deyildi. Bununla da mən rejissorluq fikrindən vaz keçdim.
Qələm elə bir şeydir ki, sən azadsan, kağız sənin əlindədir, yaz və çap elə. Amma rejissora maliyyə, dəstək lazım idi”.
Yeganə Bayramova