Hər bir jurnalist müsahibəyə əvvəlcədən hazırlaşmalıdır
Peşəkar, tanınmış yazarların müsahibələri həmişə maraqlı olur
(əvvəli ötən saylarımızda)
Jurnalistikanın maraqla oxunan, hər zaman ehtiyac duyulan aktual janrlarından biri də müsahibə janrıdır. Müsahibə informativ janrların ən geniş yayılmış növlərindən biri hesab olunur və özündə xəbər, hesabat, şərh, icmal, oçerk və s. növlərin xüsusiyyətlərini birləşdirir. Müsahibənin monoloq, dialoq, sorğu, rəy və sair növləri var. İstər xəbər daxilində, istər reportajlarda, istərsə də analitik janrlarda müntəzəm olaraq geniş istifadə olunan müsahibə oxucuya hadisə barədə ətraflı məlumat əldə etməyə, informasiyanı birbaşa mənbədən almağa imkan yaradır.
İngilis dilində "interview” - görüş, söhbət mənasına gələn müsahibə yalnız informasiya vermir, həm də yeni münasibətlərə, tanınmış insanların hamı üçün böyük maraq doğuran ictimai, siyasi xadimlərin daxili dünyasına yol açır. Həmin insanları tamamilə fərqli rakursdan ictimaiyyətə təqdim edir. Müsahibə həm də söhbət, aktiv fəaliyyət və qarşılıqlı münasibətlər sferasıdır. Burada jurnalist ekspert, təşkilatçı və maraqlı həmsöhbət obrazına girir. Jurnalist qarşısındakı müsahibə konkret suallar verməklə bir növ söhbətin mövzusunu müəyyən etməklə, qarşı tərəfin fikirlərinə istər söz, istərsə də jest və mimikalarla münasibət bildirməklə oxucu və müsahib arasında bir növ körpü rolunu oynayır. Bu baxımdan müxbirlər müsahibə ünvanladığı bütün suallar zamanı ictimai maraqdan çıxış etməli, yalnız oxucunu maraqlandıran sualları qarşı tərəfə ünvanlamalıdır. Lakin müsahibə zamanı önəm verilən prinsiplər yalnız bununla məhdudlaşmır. Jurnalist müsahibənin uğurla başa çatması, zəruri informasiyaların əldə edilməsi üçün texnologiyanı öyrənməli və önəmli prinsiplərə əməl etməlidir. Bir daha vurğulamaq lazımdır ki, jurnalistikanın ən çətin janrı müsahibədir. Sualları düşünərək verən və müsahibdən cavabları peşəkarcasına alan jurnalist bacarıqlı jurnalistdir. Dünyada 2 tip jurnalist var. Təcrübəli, peşəkar, tanınmış jurnalistlər demək olar ki, hər zaman müsahibəyə hazır olur. Yəni müxbir müsahibəyə deyil, qarşı tərəf onunla sual-cavaba hazırlaşır. Amma müsahibəyə sonradan hazırlaşan jurnalistlər daha çoxdur. Hazırlıqlı jurnalistlər müsahibənin maraqlı olmasının əsas qarantıdır. Sualların əhatə etdiyi mövzularla bağlı məlumatlı olmaq çox önəmlidir. Müsahib haqqında daha çox şey bilmək, məlumatlı olmaq müxbirin ən böyük üstünlüyüdür. Digər mühüm məqam isə dünyagörüşlü və erudisiyalı olmaqdır. Yalnız savadlı şəxs informasiyalardan yetərincə istifadə edə və xoş həmsöhbət ola bilər. Çünki jurnalistin dünyagörüşü müsahibin ona olan hörmət və etibarını artıracaq. Bu isə müsahibədə mühüm önəm kəsb edir. Üçüncü məqam isə suallarla bağlıdır. Sualları əvvəlcədən hazırlamaq vacib məsələdir. Şübhəsiz ki, müsahiblə görüşdə əlavə suallar da ortaya çıxa bilər. Müsahibdən daha maraqlı cavablar almaq üçün jurnalist müsahib üçün arzuolunmaz sayılan sualları ümumi söhbət fonunda gizlətməlidir.
Ağıllı sual istənilən məsələ ilə bağlı tam cavabın alınmasına səbəb olur. Suallar lakonik və düşündürücü olmalıdır. Jurnalist "hə” və "yox” cavabları verilə biləcək suallardan qaçmalıdır. Ümumiyyətlə, sualı necə formalaşdırmaqdan çox şey asılıdır. Elə suallar verilməlidir ki, maksimal sayda cavablar alınsın. Bundan əlavə, hər insana aid olduğu və onu maraqlandıran suallarla müraciət etmək lazımdır. Yalnız bu halda müsahibin düşüncələrinə, fikirlərinə yol tapmaq olar. Sualları hazırlayarkən jurnalist digər həmkarlarına da müraciət edə, redaktorların məsləhət bildiyi sualları da verə bilər. Müsahibə sanki bir dueldir. Lakin bu, silahların deyil, intellektlərin sözlə döyüşüdür. Burada ya jurnalist qalib gəlir, ya da müsahib. Qələbə qazanmaq isə hansı tərəfin daha hazırlıqlı olmasından birbaşa asılıdır.
"Report.az” saytının baş redaktoru Murad Əliyev deyib ki, müsahibə jurnalistikada olduqca vacib janrdır:
"Məhz müsahibə formatında bu və ya digər şəxsin fikirləri barədə ətraflı məlumat əldə etmək mümkün olur. Nəzərə alaq ki, insanlar arasında ünsiyyət də dialoq şəklində qurulur. Yəni, müsahibə bir növ iki şəxsin söhbətini əks etdirdiyindən oxucu tərəfindən daha səmimi qəbul olunur. Düzdür, informasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrdə insanlar daha çox məlumatı qısa xəbər formasında almağa üstünlük verirlər. Bəzən bu səbəbdən informasiya agentliklərinin əməkdaşları hansısa müsahibəni xırda xəbərlərə parçalayaraq təqdim edirlər. Lakin hesab edirəm ki, müsahibə formatını gündəmdən çıxarmaq olmaz. Düzdür, bugünkü şəraitdə müsahibə janrında yazı hazırlamaq daha çətindir. Səs-küylü başlıqlarla internet məkanını zəbt edən xəbərlərin içərisində ən maraqlı müsahibəni belə oxutdurmaq xüsusi bacarıq tələb edir. Bu səbəbdən də indi müsahibə hazırlayanlar onun üzərində daha çox çalışmalıdırlar, suallara fikir verməlidirlər”.
Baş redaktorun fikrincə, müsahibin seçimi hər zaman jurnalistdən asılı olmur:
İnformasiya bazarı elə sürətlə inkişaf edir ki, bir günün içərisində hansısa şəxslə müsahibə maraqlı ola bilər, ancaq sabah onunla müsahibə oxucuların diqqətini çəkməz. Buna görə də jurnalist dərhal istənilən formatda müsahibə almağa hazır olmalıdır. Digər tərəfdən, müsahibə zamanı ortaya çıxan suallar hökmən cavablandırılmalıdır. Belə olmayanda müsahibənin canlılığı itir. Yəni, oxucu dərhal seçə bilir ki, bu müsahibə canlı alınıb, ya suallar göndərilib-hazırlanıb. Müsahibənin maraqlı olması eyni dərəcədə həm müsahibdən, həm də jurnalistdən asılıdır. Öz təcrübəmdən deyim, bir dəfə müsahibim o qədər müdafiə mövqeyinə sıxıldı, qısa cavablarla danışdı ki, nəticədə müsahibədə sualların mətni cavablardan iki dəfə böyük oldu”.
"Axar.az” saytının baş redaktoru Anar Niftəliyev bildirib ki, müsahibə janrının əhəmiyyəti aydın məsələdir və bunu xüsusi izah etməyə ehtiyac yoxdur:
"Maraqlı olması isə əlbəttə ki, jurnalistin peşəkarlığından asılıdır. Müsahibin özünü ifadə etməsinə, düşüncələrini, xatirələrini, təcrübəsini, mövqeyini deməsinə şərait yaradan suallar verilməlidir. Gerisi müsahibin öz işidir. Müstəqilliyin ilk illərində belə bir yanlış fikir yaranmışdı ki, jurnalist müsahibini məğlub etməlidir və qəribə bir tendensiya yaranmışdı. Ancaq az keçmədən hamı bir daha əmin oldu ki, bu, yanlış və aqressiv yanaşmadır”.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də deyib ki, müsahibə jurnalistikanın daim oxunaqlı janrlarından olub və olmaqdadır:
"Jurnalist müsahibindən lazım olan informasiyaları almaq, ondan sahəsi üzrə proseslərə mövqeyini, fikirlərini öyrənmək üçün kifayət qədər hazırlıqlı olmalıdır. Suallar elə qoyulmalıdır ki, jurnalist müsahibindən istədiyini ala bilsin. Bəzən peşəkar jurnalist müsahibini daha səmimi danışdırmaq üçün ona manevredici, belə demək mümkünsə, qıcıqlandırıcı suallar da verə bilər. Təbii ki, bütün bunlar peşəkarlıq tələb edir. Mümkün qədər suallar şablon olmamalı və müsahibə oxucu üçün maraqlı olmalıdır. Amma təbii ki, müsahibənin oxunaqlı olması daha çox müsahibin nə qədər maraqlı adam olmasından asılıdır. Əgər müsahib maraqsızdırsa, məlumatsız və proseslərdə hansısa rolu olmayan adamdırsa, sadəcə danışmaq xatirinə danışırsa, məqsədi təbliğatdırsa, bu zaman müsahibə oxucu üçün maraqlı olmayacaq. Müasir oxucu çox ayıq-sayıqdır və nəyin necə olduğunu ilk abzasdan, hətta müsahibin kimliyindən ayırd edə bilir”.
"YenÇağ” qəzetinin və saytının baş redaktoru Aqil Ələsgər də vurğulayıb ki, müsahibənin maraqlı olması ilk növbədə jurnalistin peşəkarlığından asılıdır:
"Jurnalist müsahibə mövzusunu yaxşı öyrənməli, müsahibin keçmiş çıxışlarından xəbərdar olmalıdır. Jurnalist öz peşəkarlığı vasitəsi ilə çox maraqsız bir müsahibədən gündəm yarada bilər. Hətta müxbirin qarşı tərəfdən istədiyi cavabı alması baxımından müsahibin qeyri-peşəkar olması jurnalistin işinə yarayan amil hesab oluna bilər. Biz reportyorluq edərkən Etibar Məmmədov və digər bir sıra siyasi şəxslər bizim üçün çətin müsahiblər hesab olunurdular. Ancaq ADP sədri Sərdar Cəlaloğlu isə hər zaman maraqlı müsahib idi. Onun üzərinə jurnalist də bir balaca peşəkar olanda ortaya çox gözəl, oxunaqlı müsahibə çıxırdı”.
A.Ələsgərin fikrincə, hər bir jurnalist müsahibəyə əvvəlcədən hazırlaşmalıdır. Amma müxbirlər müsahibəyə gedərkən sualları öncədən tərtib etməli deyillər:
"Hazırlaşmaq sualları əvvəlcədən yazmaq deyil. Mövzu jurnalistin beynində tam formalaşmalıdır ki, o, müsahibindən istədiyi cavabı ala bilsin. Əvvəldən yazılmış və rabitəsiz suallarla ortaya maraqlı müsahibə qoymaq mümkün deyil”.
"Türküstan.info” saytının baş redaktoru Aqil Camal hesab edir ki, müsahibənin uğurlu alınmasının başlıca şərti müsahibin düzgün seçilməsidir:
"Əvvəllər qəzet jurnalistikasında bir müsahibə ənənəsi vardı. Az qala hər gün jurnalistə kimdənsə müsahibə almaq tapşırılırıdı. Təbii ki, hər gün maraqlı müsahib tapmaq müşkül işdir. O səbəbdən, jurnalistlər "dejurnıy müsahibə”lər götürərdilər. Daha çox həcmə üstünlük verirdilər ki, bir səhifəni tutsun. Son illərdə bu tendensiya müəyyən qədər azalıb. Xüsusilə, internet mediasının inkişafı daha maraqlı müsahib axtarışına stimul verib. Həm, redaksiya əməkdaşları, həm də media orqanları arasında bu sahədə bir rəqabət mühiti də formalaşıb. Janrın önəminə gəlincə, elə dövr olub ki, xəbər və reportajlar önə keçmişdi. Hazırda müsahibələr daha çox oxunur. Bunu biz gündəlik işimizdə də görürük. Hesab edirəm ki, maraqlı müsahibə üçün həmçinin, jurnalistin müsahibəyə hazırlıqlı olması da çox önəmlidir və müsahibənin uğurunun 50 faizini təşkil edir”.
(davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb