Hər bir mətbu orqanın arxivi olmalıdır
Çünki bu tarixdir, gələcəkdə araşdırmaçılar istifadə edəcəklər
Milli mətbuat tariximizin müxtəlif mərhələlərinə aid informasiyaların qorunması, bərpası və mühafizəsində arxiv materiallarının toplanması mühüm əhəmiyyət kəsb edir. Hətta sadəcə mətbuat tarixinin deyil, ölkənin tarixi, siyasi, mədəni və ədəbi gerçəkliklərinin aşkarlanıb, öyrənilməsində də çap mətbuatının məxsusi rolu var. Azərbaycanda əksər sahələrə dair çoxsaylı faktlar mövcuddur ki, onlar ötən əsrlərin qabaqcıl mətbuat nümunələrinin arxivlərindən əldə edilib. Yəni mətbuatın ilkin missiyası maarifləndirmə olsa da, media bütün dövrlərdə həm də ictimai-siyasi və mədəni proseslərə yön verən institut rolunda çıxış edib. Bu baxımdan mətbu orqanların arxivlərinin qorunub, saxlanılması hər zaman ciddi zərurətə çevrilib.
Bəzən elə gündəlik iş prosesində hər birimiz üçün müxtəlif sahələrin arxiv materiallarını araşdırıb oxumaq zərurəti yaranır. Amma bəzən axtarışlarımızın nəticəsi olmur. Çünki həmin müəssisələr, təşkilatlar, ya da hər hansı media orqanları öz arxiv materiallarını zamanında toplamırlar. Yəni bu işə laqeyd yanaşırlar. Amma unutmamalıyıq ki, hər bir arxiv materialı tarixin parçası kimi olduqca əhəmiyyətlidir. Hazırda bir çox çap media orqanlarının arxivi Milli Kitabxanada xüsusi yaradılmış qəzet fondunda yığılır. Bu fondda əsasən 1920-ci ildən sonra çap olunmuş Azərbaycan və rus dillərində qəzetlər saxlanılır. Həmçinin, 1875-ci ildə nəşr edilən və 56 sayı işıq üzü görən "Əkinçi” qəzetinin də 40 nüsxəsi Milli Kitabxanada qorunur. Kompüter dövrünə qədəm qoyduqdan və internet media qurumları yarandıqdan sonra arxiv materialları daha çox elektron variantında yığılmağa başlanıldı. Amma ekspertlər elektron arxivə etibar etmədikləri üçün onunla paralel çap variantının da toplanmasını zəruri sayırlar. Ümumiyyətlə, media aləmində bu sahədə vəziyyətin necə olduğunu və qəzet rəhbərlərinin arxiv yaratma prosesinə necə yanaşdıqlarını öyrənmək üçün bir neçə redaktorla əlaqə saxladıq. Məlumat aldığımız bütün media rəhbərləri arxivə sahib olduqlarını dedilər. Təbii ki, bu işə sonradan başlayanlar və müəyyən dövrlərdə qəzet itkiləri ilə üzləşənlər də var.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli "Şərq”ə açıqlamasında "Yeni Müsavat” qəzetinin 1989-cu ildə ilk çıxan nüsxəsindən bugünədək olan saylarının tam arxivinin mövcud olduğunu deyib:
"Arxiv redaksiyada yığılır, cildlənir və ayrıca bir otaqda saxlanılır. Bildiyim qədər, əksər qəzetlərin arxivi Axundov adına Dövlət Kitabxanasında da yığılır. Qəzetin mütləq arxivi olmalıdır. Çünki bu, bir tarixdir və gələcəkdə siyasi araşdırmaçılar, sosioloqlar, cəmiyyətşünaslar, tarixçilər araşdırmalarında bundan istifadə etməlidirlər. Yazılı mətbuatın onlayn mediadan həm üstünlüyü, həm də müəyyən mənada mənfilikləri var. Qəzetdə yazdığını daha poza bilmirsən, yaxud poza bilmirlər, o cür də tarix olaraq qalır. Yəni tutaq ki, bir şəxsin fəaliyyəti haqqında onun müsbət və ya mənfilərindən yazmısan. Artıq bu məqalə çap olunubsa, tarix oldu. Saytda isə həmin məqaləni hakerlər dağıda, yaxud hansısa bir vaxtda saytın arxivi məhv ola bilər. Amma qəzet arxivləşir, qalır. Mənfi cəhət odur ki, tutaq ki, hansısa bir texniki yanlış olub məqalədə, saytda onu düzəltmək olur, qəzetdə yox. Ən çoxu bir gün sonrakı nömrədə düzəliş edə bilirsən. Bu baxımdan qəzetçilik daha məsuliyyət tələb edir”.
"Azərbaycan ordusu” qəzetinin sabiq baş redaktoru, əməkdar jurnalist İbrahim Rüstəmli də baş redaktor olduğu müddətdə qəzetin arxivləşdirilməsi işinə çox böyük diqqət ayırdığını deyib:
"Nömrələrimiz il boyu yığılırdı, nəşriyyatda cildlənirdi və üzərinə ili yazılırdı. Bir də qəzetin arxivləşdirilmə işi Axundov adına Mərkəzi Kitabxanada da aparılırdı. Adıçəkilən kitabxanaya hər tirajdan mütləq 4-5 nömrə göndərilirdi. Ona görə ki, kitabxanada da arxivləşdirilmə işi daha etibarlı şəkildə həyata keçirilirdi. Eyni zamanda redaksiya tərkibində də qovluqlar şəklində saxlanılırdı ki, qəzetin heç bir sayı itməsin. Bunun çox böyük əhəmiyyəti vardı. Çünki "Azərbaycan ordusu” qəzeti təyinatına görə ciddi vəzifə yerinə yetirirdi. Bu mətbu orqan həm də ordu quruculuğu işinin bir parçası sayılırdı. Rəhbərliyim dövründə qəzetin arxivləşdirilmə işinə yüksək diqqət vardı. Bu diqqəti elə indi də hiss edirəm. Bizim işlədiyimiz dövrdən fərqli olaraq, indi qəzetin elektron variantı da dərc olunur. Onun arxivləşdirilməsi prosesi elektron versiyada da aparılır. Bir daha təkrar edirəm ki, "Azərbaycan ordusu” qəzetinin arxivləşdirilməsi gələcəkdə ölkəmizin ordu quruculuğu işinin araşdırılması baxımından çox böyük əhəmiyyəti var. Yəni müəyyən hərbi əməliyyatlar, ordu quruculuğu sahəsində görülən müasir işlər və o işlərin həcmi barədə araşdırmalar apararkən bu qəzetdən ciddi mənbə kimi istifadə edə biləcəklər”.
İ.Rüstəmli hesab edir ki, çap mətbuatının arxivləşdirilməsi işi hər bir redaktorun məsuliyyətidir:
"Hər bir redaktor qəzetin illər üzrə arxivləşdirilməsində məsuliyyət daşıyır. Bu, ilk növbədə çağdaş mətbuatımızın araşdırılması üçün xüsusi önəm daşıyır. Həmçinin qəzetlərdə çox vacib informasiya, material və araşdırmalar öz əksini tapır ki, bu da gələcək üçün çox əhəmiyyətli mənbədir. Buna adi, sıradan iş kimi baxmaq düzgün deyil. Hazırda hər bir redaktor rəhbərlik etdiyi media orqanının arxivləşdirilməsinə ciddi yanaşmalıdır”.
İ.Rüstəmli Azərbaycanda qəzetlərin arxivləşdirilməsi işinin bir o qədər də inkişaf etmədiyini hesab edir:
"Məsələn, Almaniya, Türkiyə və digər xarici ölkələrdə olarkən şahidi oldum ki, qəzetlərin arxivləşdirilməsi ilə bağlı çox ciddi işlər aparılır. Arxivlərdə qəzetlərin saxlanma temperaturundan tutmuş havalandırma işinə qədər böyük önəm verilir ki, məhsul zay olmasın. Bu, xüsusi bir sahədir. Özü də diqqətə böyük ehtiyacı olan sahədir. Çox vacib işdir”.
Axundov adına Mərkəzi Kitabxananı ölkəmizin ən zəngin mədəniyyət ocağı adlandıran İ.Rüstəmli qeyd edib ki, sözügedən kitabxanada qəzetlərin arxivləşdirilməsi işinə çox ciddi yanaşılır:
"Yadımdadır, baş redaktor olanda mərkəzi kitabxanadan mənə dəfələrlə zəng ediblər ki, qəzetin filan sayı gəlməyib. Biz onu ayrıca zərfə qoyub göndərirdik. Diqqətlərinə diqqətlə cavab verirdik. Tez-tez də kitabxanaya gedib, qəzetin arxivləşdirilməsi işinə diqqət yetirirdim. Bəzən xoş təsir bağışlamayan hallarla rastlaşırdım. Məsələn, qovluğun içərisindən qəzetin müəyyən sayları oğurlanırdı. Bir də görürdün ki, hansısa səhifənin bir hissəsini kəsirdilər. Kiməsə lazım olub, götürüb səhifənin bir hissəsini kəsib aparıb. Bu artıq kitabxananın deyil, ayrı-ayrı vətəndaşların məsuliyyətsizliyidir. Bütün hallarda Axundov adına Kitabxananı çox böyük bir mədəniyyət ocağı kimi dəyərləndirirəm və bu sahədə gördüyü işləri müsbət qiymətləndirirəm”.
Arxivlərdən istifadəyə gəlincə, o, qəzet arxivlərindən istifadə edən jurnalistlərin sayının az olduğunu deyib:
"Azərbaycan informasiya məkanında əsas problemlərdən biri də odur ki, jurnalist hər hansı bir faktı dərindən araşdırmır. Bu, hər sahəyə aiddir. Məsələyə üzdən yanaşır. Bilmirəm, bu bəlkə vaxt məhdudluğu ilə əlaqədardır, bəlkə maddi problemlərdən qaynaqlanır, bəlkə də redaktorun verdiyi tapşırığın düşünülməmiş formada formalaşması ilə bağlıdır. Hər halda bizdə jurnalist araşdırmaları çox zəifdir”.
"İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də rəhbərlik etdiyi media quruluşunun arxivinin mövcud olduğunu deyib və onu göz bəbəyi kimi qoruyub, saxladıqlarını söyləyib:
"Arxiv üçün redaksiyada yığcam bir otaq ayırmışıq. Qəzetlərin "podşifka”sını saxlayırıq. Qəzetimiz yarandığı gündən indiyə qədər bütün nömrələrimizi saxlayırıq”. Baş redaktor hesab edir, redaksiya daxilində qəzet arxivlərinin saxlanılması vacib şərtlərdən biridir: "Bu, tarixdir. Ola bilər ki, müəyyən arxivlərdə qəzetlər olmasın və yaxud da sıradan çıxsın. Amma arxivin qəzet redaksiyasında olması və qorunub saxlanılması çox vacibdir. Ona görə də, "İki Sahil” qəzeti olaraq zəngin arxivimiz var və hazırda da onu qoruyuruq. Bu ənənəni layiqincə davam etdiririk”.
V.Rəhimzadə rəhbərlik etdiyi mətbu orqanın elektron versiyasını da formalaşdırdıqlarını deyib: "Əvvəllər elektron variantımız olmayıb. Amma son illər bunu yaratdıq. Deyim ki, fotoqalereyalarımız da ayrıca saxlanılır. Bilirsiniz ki, "KİV haqqında” qanuna əsasən, əlaqədar kitabxanalar, müəyyən arxiv idarələri və Mətbuat Şurasına (MŞ) davamlı olaraq qəzet nüsxələri göndərirlər: "Bu məsələ "KİV haqqında” qanunda da öz əksini tapıb”.
V.Rəhimzadə qəzet arxivlərindən ciddi mənbə kimi istifadə olunduğunu deyib:
"Müəyyən yazılar var ki, ona ehtiyac yaranır və bizə müraciət olunur. Arxivdən istifadə edib, həmin yazıları tapıb, veririk. Belə hallar çox olub. İndi də davam edir. Fikrimcə, ciddi media quruluşlarının məqalələrindən fakt kimi yararlanmaq da olar. Azərbaycanda yüzlərlə qəzet nəşr olunur. Doğrudur, elələri var ki, qeyri-ciddi fəaliyyətlə məşğuldur. Lakin rəsmi qəzetlərdən əsaslı mənbə kimi istifadə etmək mümkündür. Belə də olmalıdır. Çünki rəsmi orqan informasiyanı, məqaləni "yüz dəfə ölçüb, bir dəfə biçir” və sonra tirajlayır. Özünə hörmət edən kifayət qədər ciddi çap mətbuatı var. Azərbaycanda təxminən 40 gündəlik qəzet nəşr olunur. Onların hamısı olmasa da, əksəriyyətindən ciddi mənbə kimi faydalanmaq olar. Amma peşə etikası və jurnalistika prinsipinə əməl etməyən "mətbuat nümunələri” də mövcuddur. Belə media orqanlarının materialından fakt kimi istifadə etmək olmaz. Onun yazdıqlarını ciddi qəbul etmək doğru deyil. Elə "media qurumları” da var ki, radikal mövqedə dururlar və iş-peşələri insanların şərəf və ləyaqətini alçaltmaqdan ibarətdir”.
(Davamı olacaq...)
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb