Hokstaynın dedikləri OPEK və Rusiyaya mesajdır




"Dünya bazarında neftin qiymətinin qalması yox, əksinə, aşağı düşməsi ehtimalı daha güclüdür”
"ABŞ-da 4 minə yaxın neft şirkəti fəaliyyət göstərir. Dövlət onlara hasilatı azaltmağı və ya artırmağı diktə edə bilməz”. Bunu Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokstayn mətbuat konfransında deyib.

Hokstayn əlavə edib ki, həmin şirkətlər sadəcə kimlərinsə məsləhətinə qulaq asan deyillər: "Dünya
enerji bazarında təklif artımı müşahidə olunur və qiymətlər aşağı düşür. Lakin qiymətlərin aşağı
düşməsi ABŞ-ın istəyi deyil və bizim bazara müdaxiləmiz nəticəsində baş vermir. Məhz OPEK
qiymətlərin dəyişməsinə təsir edən qurumdur. Bu təşkilatın üzvləri bir araya gələrək qiymət artımını
təmin etmək üçün hasilatı azaltmaq barədə qərara gəliblər.

Belə olan halda, ABŞ neftin qiymətinin müəyyən edilməsinə təsir etmir. Neftin qiymətlərinin
artması və ya azalmasına yalnız OPEK təsir edir”. 

Departament rəsmisinin açıqlamasını "Şərq”ə şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Hokstaynın sözləri həm OPEK ölkələrinə, həm də Rusiyaya ünvanlanmış mesaj idi: 


"Ərəb dövlətlərinin hamısında enerji şirkətləri birbaşa dövlətə məxsusdur. Rusiyada da əksər böyük şirkətlər dövlətin tabeçiliyindədir. Digər şirkətlər də bu və ya digər formada dövlətin sayılırlar. Amerika nümayəndəsi dünyanın diqqətinə çatdırmaq istəyir ki, onların ölkəsində bazar iqtisadiyyatının qanunları işləyir. Yəni həmin şirkətlərə nə Prezidentin, nə də dövlət aparatının diktə etməyə səlahiyyəti və hüququ yoxdur. Amma ABŞ-ın dövlət qurumları Rusiya, ərəb ölkələri, eyni zamanda digər OPEK dövlətləri kimi sözlü formada neft bazarına təsir edə bilirlər. Son üç ayda biz bunun şahidi olduq. Əslində hələlik heç nə baş verməyib, hasilat azalmayıb. Lakin bazara sözlə edilən müdaxilələr nəticəsində neftin qiyməti 55 dollara kimi qalxıb.


ABŞ-ın da bu cür imkanları var. Əgər ölkənin Energetika Agentliyi ciddi bəyanatlar verərsə, bazaratəsir edə bilər. O cümlədən ABŞ-da neft hasilatlarının həcmi artdıqca, bazar avtomatik olaraq
rəqəmlərə reaksiya verir”. İqtisadçının sözlərinə görə, Hokstayn öz sözləri ilə birbaşa dövlət
tərəfindən tənzimlənən iqtisadi sistemlərə diqqət çəkməyə çalışıb: "Dünyada energetika bazarında
ən böyük oyunçulardan biri Amerikadır. Orada baş verən proseslər neftin qiymətinə təsir göstərir.
Donald Tramp seçki kampaniyasında elan etmişdi ki, neft şirkətləri üçün vergiləri 34 faizdən 15
faizə qədər aşağı salacaq. Əgər Tramp andiçmə mərasimindən sonra ciddi vergi endiriminə gedərsə,
ölkədəki şirkətlərin rentabelliyi artacaq. Rentabelliyi artdıqca, neftin hasilatının maya dəyəri aşağı
düşəcək. Bu isə hasilatın artmasına səbəb olacaq. Deməli, dünya bazarında neftin qiymətinin
qalması yox, əksinə, aşağı düşməsi ehtimalı daha güclüdür. Yəni Amerika OPEK və Rusiyadan
fərqli olaraq bazara inzibati qaydada deyil, iqtisadi addımlarla diktə edə bilir. Bu yaxınlarda qərar
verildi ki, gələn il ABŞ neft ehtiyatlarından bir hissəsini satışa çıxaracaq. Təbii ki, bu, baş verərsə,
avtomatik olaraq neftin qiymətinə təsir göstərəcək”. 


Ekspertə görə, OPEK və Rusiyanın müzakirələri ABŞ-a xeyir verir: 

"Amerikanın əlində gələcəkdə neftin qiymətinin bahalaşmasına mane olmaq üçün kifayət qədər imkanlar var. Ona görə də neftdən asılı olan bütün ölkələr yeni enerji erasının başlandığını qəbul etmək məcburiyyətindədir. Artıq dünyada həm bərpa olunan, həm də daha effektiv energetika sahəsində ciddi artımlar və ixtiralar müşahidə olunur. Getdikcə yeni üsulların tətbiq edilməsi sürətlənir. Bu isə neftin önəmini və istifadəsini azaldır”.

 İsmayıl