Hacı Şahin Həsənli: "İnsanların inamından sui-istifadə edib, bununla pul qazanırlar. İnsan yalnız allaha etibar edərsə, allaha sığınarsa, bu əməllər insanın həyatına mənfi təsir göstərə bilməz"
"Din falçılığı, cadunu və sehri qadağan edir”.
Bunu "Sherg.az”a son günlər sosial şəbəkələrin və internet mediasının gündəmində müzakirə mövzusuna çevrilən falçıların fəaliyyətini və qurd yağı satışının dini tərəflərini izah edərkən ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
O bildirib ki, belə əməllərə inanmaq özü də günahdır:
"İnsan belə hadisələrdən çəkinərsə, qorxarsa, onun həyatına təsiri ola bilər. Amma insan yalnız allaha etibar edərsə, allaha sığınarsa, bu əməllər insanın həyatına mənfi təsir göstərə bilməz. Bunlar hamısı iman və etiqad zəifliyindən yarana bilər. İnsan belə məsələlərdə allaha pənah aparmalıdır və bu zaman heç nədən çəkinməz”.
Ş.Həsənlinin sözlərinə görə, müasir elm də təsdiq edir ki, hansısa hadisəyə insanın yanaşması onun həyatına təsir göstərir:
"Məsələn, kimsə, qarşısından qara pişik keçdikdə bunu mənfi əlamət hesab edirsə, o zaman həmin gün başına gələn hadisələrə mənfi təsir edə bilər. Ona görə, pozitiv yanaşmaq, cadu, sehr kimi əməllərə inanmamaq lazımdır”.
Falçılara və qurd yağı kimi qara magiya nümunələrinə inamın qarşını almağın yolunu maarifçilikdə görən ilahiyyatçı falçıların çox zaman saxtakarlıq etdiyini deyir:
"İnsanların inamından sui-istifadə edib, bununla pul qazanırlar. Belə məsələdə inzibati qadağalar tətbiq etmək mümkün deyil. Yalnız insanların maariflənmə səviyyəsini yüksəltməklə qarşısını ala bilərik.
Təəssüf ki, çox insan buna inanır və problemlərini bu cür həll etməyə vaxt sərf edir. Ona görə, gündəmə gələn belə hadisələr aktuallığını itirmir. Əslində bunlar xurafatdır və dinimiz də belə şeylərlə mübarizə aparır. Həm din xadimləri, həm də cəmiyyət özü insanları bu xurafatdan azad etməyə çalışmalıdır”.
Qeyd edək ki, qara magiyada ən çox istifadə edilən vasitələrdən biri olan qurd yağının təsirinə inananlar da var, inanmayanlar da. Parapsixoloqlar isə sözü gedən yağın canavarın piyindən hazırlandığını deyirlər. Qurd yağının satışından kifayət qədər qazanan isə sözsüz ki, işbazlar olur. Son vaxtlar bu yağın müxtəlif xəstəliklər yaydığı da müzakirə mövzusudur.
Aysel Aslan