İlk xəyanət deyil

Qoca ssenarist yenə də ermənilərə “hədiyyələr” hazırlamaqla məşğuldur
Akif Nağı: “Biz hələ o vaxt demişdik ki, bu açıqlamaları verən adamın mənəviyyatı ola bilməz”





Azərbaycanda doğulmuş, Azərbaycanda boya-başa çatmış, amma hər zaman doğulduğu doğma torpağa nifrəti ilə seçilən, xalqına nifrətini hər fürsətdə göstərməyə çalışan bir kinorejissor var - Rüstəm İbrahimbəyov. Bəli, həmin Rüstəm İbrahimbəyovdur - bir neçə il öncə Azərbaycan hakimiyyətinə gəlmək istəyirdi. Müxalifətin Milli Şurasının rəhbəri olmuşdu, namizədliyini verirdi. Təbii ki, bu digər mövzudur.

Uzun illərdir Rusiyada məskunlaşmış bu şəxs anti-milli fəaliyyətini zaman-zaman ortaya qoymaqdadır. İstər yaradıcılığında, istərsə də mətbuata açıqlamalarında ermənilərə yarınmaq üçün "sinov” gedir. "Məşhur” kinorejissorun yaxın keçmişdə ermənilərə olan sevgisi əksəriyyətə bəllidir. Hələ ötən əsrin 80-90-cı illərində kinorejissor ermənilərin Bakını tərk etməsindən təəssüfünü gizlətməmişdi. O zaman İbrahimbəyov utanmadan ermənilərsiz Bakının intellektual potensialının aşağı düşdüyünü, xalqın elitasının olmadığını iddia etmişdi. O zaman Rüstəm İbrahimbəyov Azərbaycan ziyalısına yaraşmayan şəkildə bildirirdi ki, o, Bakını tərk etmiş ermənilərin xiffətini çəkir, onların həsrəti ilə yaşayır.
Və eyni mövqeyi 2000-ci illərin sonlarında müsahibəsində də bildirdi. Azərbaycan xalqını aşağıladı, Bakı erməniləri üçün darıxdığını deyib, xiffətini çəkdiyini bildirdi, ermənilərin elitarlığından, Azərbaycan türklərinin "barbarlığından” söz açmışdı.
Hətta bu qoca ssenarist Qarabağ münaqişəsində də erməniləri "haqlı” çıxarmağa cəhd göstərdi. Rusiyanın "Rosbalt” agentliyinə müsahibəsində İbrahimbəyov, Azərbaycan tərəfindən Dağlıq Qarabağa qarşı "ədalətsiz münasibət”dən şikayətlənib və bu ərazinin Azərbaycandan daha çox Ermənistana "aid olması” barədə fikirlər bildirmişdi. Mədəniyyətlə siyasətin sintezini özündə əks etdirən kinorejissor utanmadan erməniləri münaqişənin "qurbanı” hesab edirdi.

O zaman da ictimaiyyət nümayəndələri bu anti-Azərbaycan mövqeli ssenaristə etiraz etmişdi.
İbrahimbəyov xalqımıza nifrətini çəkib ərsəyə gətirdiyi "Qafqaz üçlüyü” filmi ilə bir daha nümayiş etdirdi. Belə ki, 2015-ci ildə çəkilmiş "Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə "alicənab”, "sülhsevər”, "vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Filmin ssenari müəllifi isə təbii ki, Rüstəm İbrahimbəyovdur. Başqa bu cür ssenarini kim yazardı? Rejissoru isə Eldar Şengelaya və Fuad İbrahimbəyovdur.
Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur.

Azərbaycanda yaşayan erməni əsilli bir şəxs kənd uşaqları tərəfindən quyuya atılır, daşlanır. Bu epizodun əsas qayəsini bilməmək sadəlövhlük olardı. İbrahimbəyov bununla "vəhşi azərbaycanlıların” "dinc ermənilərə” qarşı qəddarlığını göstərmək istəyib. Filmdə erməninin "cəzalandırılması” aksiyasının sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı və əslində, bu qəddarlığın xalqımızın mentalitetində oturuşduğunu beynəlxalq auditoriyaya təqdim etmək niyyəti aydın şəkildə özünü büruzə verir. Filmdə öldürülən oğlunun xəbərini almaq niyyətilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir edilir.
Film boyu xalqımızı aşağılayan İbrahimbəyov, Əkrəm Əylislinin "Daş yuxular” cızmaqarasından sonra daha bir zərbə vurmuş oldu. Öz xalqına qarşı yaramaz, xəyanətkar və şərəfsiz davranışı ilə bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaratmış oldu. Təbii ki, azərbaycanlı tərəfindən film vasitəsi ilə "etiraf” olunan bu "həqiqətlər” dünya erməniliyi üçün böyük bir hədiyyəyə çevrildi.

Məlum məsələdir ki, bu filmin maliyyə mənbəyi yaxşı araşdırılarsa, birbaşa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxar. Çünki bu, İbrahimbəyovun birinci xəyanətkarlığı deyil. Bundan əvvəlki yarınmalarında da erməni maliyyəsinin qoxusu gəlirdi. Bir neçə dəfə içində erməni sevgisi olan bu rejissor, düşmənin diktəsi və maliyyəsi ilə ölkəmizdə ajiotaj yaratmağa cəhd edilən işlərə, kampaniyalara imza atıb. İbrahimbəyovun Dağlıq Qarabağdan olan və Daşnak Partiyasına bağlılığı ilə tanınan rejissor Roman Balayanla sıx əlaqələri heç kimə sirr deyil. O, Balayanla birlikdə film çəkməkdən də imtina etməyən şəxsdir. Kinorejissor əli minlərlə azərbaycanlının qanına batmış Ermənistan Daşnak Partiyasının rəsmisini həmkar adı ilə Bakıya dəvət etmişdi. Rusiya, Fransa, Birləşmiş Ştatlarda tez-tez səfərlərdə olan R.İbrahimbəyovun bu ölkələrdəki erməni dostları ilə görüşdüyü, onlarla yaxın təmaslara malik olduğu da artıq cəmiyyətə bəllidir. Bu səbəbdən də "Qafqaz üçlüyü”ndə də erməni rolunun, erməni əlinin, erməni maliyyəsinin rol oynamadığını iddia etmək sadəlövhlük olardı.
Torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu "etirafları” milli xəyanətin, insan mənəviyyatının deqradasiyası və alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir. Çünki "Qafqaz üçlüyü”

sadə vətəndaşından tutmuş yüksək vəzifəli məmuruna kimi bütün azərbaycanlıları "yaramaz” kimi təqdim edir. Sanki hazırda 30 min erməninin yaşadığı bir ölkədə hər kəs gecə-gündüz bu millətdən olan nümayəndələri tapıb cəzalandırmaq arzusu ilə yaşayır.

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, İbrahimbəyov əclaf ssenarisində, "qəddar” Bakının fonunda bütün məsələlərin həll olunduğu, "xoşbəxtlik adası”nı xatırladan, "cənnət” kimi təsvir olunan Moskva ucaldılır. Guya ki, Azərbaycanda "döyülən”, "söyülən”, "əzilən”, "işgəncələrə məruz qalan” ermənilər Moskvaya sığınıb əsl xoşbəxt həyat əldə edirlər. Qoca ssenarist Bakı ilə Moskvanın kontrastı fonunda öz həyatını təsvir edir - onu "inkar edən” və "lənətləyən” Bakı ilə müqayisədə "alicənab” Moskvanın açdığı imkanları vəsf edir.
Maraqlı məqamlardan biri də, filmin yaradıcı heyətidir. Belə ki, filmdə azərbaycanlı adına yalnız İbrahimbəyovun qohumları və bir də gürcü aktyorlar yer alır. Bu əlbəttə təsadüfi deyil. Görünür, heç bir azərbaycanlı belə yaramaz, düşmən layihədə yer almaq istəməyib.
Müəllif ciddi-cəhdlə göstərməyə çalışır ki, Dağlıq Qarabağ münaqişəsinin kökündə ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı "dərin nifrəti” amili durur.

Bu film Rüstəm İbrahimbəyovun öz xalqının "vəhşi” obrazını yaratmaqla aşağılaması fonunda şəxsini böyük "humanist” kimi qələmə vermək cəhdidir.
Sözügedən filmlə İbrahimbəyov azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətini və düşmən münasibətini bir daha göstərmiş oldu.

Azərbaycanda yaşayan, özünü xalqın "dərdinə yanan” adlandıran bəzi qüvvələr də İbrahimbəyovu haqlı sayırlar. Bu filmlə düşmən xislətli birisi olduğunu sübut etmiş İbrahimbəyovu xalqa "milləti düşünən əzl ziyalı” kimi təqdim etməyə, onu prezident kürsüsünə yüksəltməyə çalışan "Milli Şura” adlı qurumun, onun başında duran Əli Kərimli və digərləri də, anti-milli və ermənipərəst simasını aydın göstərir.
Maraqlıdır, görəsən, İbrahimbəyovun düşmən xislətini aydınlatan "Qafqaz üçlüyü”nü izləyəndən sonra, bu faktlara "Milli Şura” başçıları göz yumub, yenə də qoca rejissoru haqlı sayacaqlar? Və yaxud da, bütün bunları etmiş bir qoca rejissoru dəstəklədikləri üçün ən azı üzr istəyəcəklərmi? Xalqın qarşısına çıxıb öz mənfur əməllərinə necə bəraət qazandıracaqlar, maraqlıdır?!

Dünən də, bu gün də, R.İbrahimbəyovun bu xəyanətkar əməli, onun həmsədri olduğu "Milli Şura”nın satqın və düşmən mövqeyi Azərbaycan cəmiyyətində dərin hiddətə səbəb olub. Bu nifrət sabah da davam edəcək. Çünki Azərbaycan xalqı müdrik xalqdır, nəyin yaxşı, nəyin pis olduğunu yaxşı anlayır. Xalq bu cür anti-milli şəxslərə, onu təhqir edənlərin heç zaman yanında dayanmayıb.
İctimaiyyət nümayəndələri, ziyalılar, siyasi partiya, QHT, media nümayəndələri öz xalqına qarşı bu dərəcədə xəyanətkarlıq edən İbrahimbəyovu, onun yaxın ətrafını, o cümlədən də "Milli Şura” başçılarını sərt tənqid edir və onlara qarşı ciddi tədbir görülməsini tələb edirlər.

Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı "Şərq”ə bildirib ki, R.İbrahimbəyovun ermənipərəst mövqedən çıxış etməsi yeni məsələ deyil: "Bizim təşkilat hələ bir neçə il öncə kinorejissorun mövqeyi ilə bağlı etirazları dilə gətirib. Həmin vaxtlar R.İbrahimbəyov ermənilərlə birgə kino layihələri həyata keçirib, açıq şəkildə ermənilər gedəndən sonra Bakının əvvəlki dəyərini itirdiyini söyləyirdi. Biz hələ o vaxt demişdik ki, bu açıqlamaları verən adamın mənəviyyatı ola bilməz. Onun müsahibələri, çəkdiyi filmlər, yaradıcılığı erməni sevgisinin davamlı halıdır. Bu, yeni məsələ deyil. Xalqı aşağılamaq, təhqir etmək, ümummilli məsələ olan Qarabağla bağlı anti-milli mövqe sərgiləmək şərəfsizliklə yanaşı, cinayətdir. Hər bir azərbaycanlı kimi İbrahimbəyov da dediyi sözlərin məsuliyyətini dərk etməlidir. Əgər Qarabağ münaqişəsindən danışırsa, film çəkirsə, zəhmət çəkib düzünü desin, düzünü yazsın. Amma biz görürük ki, onun fikirlərinin heç birində obyektivlik yoxdur. 

Mən inanmıram ki, İbrahimbəyov tarixi bilməsin. O yaxşı bilir hər şeyi. Sadəcə yalan danışır, yalan çəkir. Bilərəkdən təhrifə yol vermək isə sübut edir ki, bu adam hansısa mərkəzlərin sifarişini yerinə yetirir. Ermənilərin xeyrinə addım atırsa, demək ki, erməni lobbisinin, düşmən mərkəzlərin sifarişi ilə işləyir. Yenə də deyirəm, hər kəs kimi İbrahimbəyov da məsuliyyətini dərk etməlidir”.

Anar