İran boğulmaqda olan bir işğalçı dövlətə nəfəslik açır

Ekspertlər ümid edir ki, İranda heç olmasa, 500 azərbaycanlı küçəyə çıxıb Ruhaninin Tehran səfərinə etiraz edəcək



"İran rəhbərliyi Ermənistana səfərlə nümayiş etdirir ki, nə islam həmrəyliyi onlar üçün əhəmiyyət kəsb edir, nə də öz əhalisinin milli hissləri ilə hesablaşmaq istəyir”. Bunu politoloq, millət vəkili Rasim Musabəyov İran Prezidenti Həsən Ruhaninin dekabrın 21-də Ermənistana planlaşdırılan səfərinə münasibət bildirərkən deyib.

Deputat vurğulayıb ki, rəsmi məlumata görə, İranda əhalinin 25 faizi, qeyri-rəsmi məlumata görə isə 40-50 faizi Azərbaycan əsillidir: 

"Ruhaninin Azərbaycan ərazilərini işğal edən, yüzlərlə məscidi dağıdan, yüz minlərlə azərbaycanlını didərgin salan Ermənistana səfəri heç bir çərçivəyə sığmır”. İsrail dövlətinin Baş naziri Benyamin Netanyahunun Bakıya səfərinə İran tərəfindən verilən reaksiyalara toxunan politoloq deyib ki, İsrail İranın ərazisini işğal etməyib: "Əgər söhbət Fələstindən gedirsə, Misir, İordaniya fələstinlilərə bir köynək daha yaxındır, amma hər iki ölkənin İsraildə səfirliyi var. Həmrəylikdən danışırlarsa, Qazaxıstanın da İsraildə səfirliyi var, Qazaxıstan rəsmiləri İsrailə səfərlər edirlər. İran Azərbaycana İsraillə münasibətlərə görə "mühazirə” oxuyur, ancaq Ruhani İrəvandan sonra Qazaxıstana gedir”. Deputat bu səfərin iki ölkənin münasibətlərinə təsir etməyəcəyini də vurğulayıb: "Açığı mən gözləyirəm ki, necə ki, Netanyahunun Bakıya səfərinə qarşı Təbrizdə nümayiş təşkil olundu, indi də 20-30 milyon azərbaycanlının arasından heç olmasa 500 nəfər Ruhaninin İrana səfəri ilə bağlı etirazını bildirsin. Dövlətlər səviyyəsində münasibətlərimiz necə praqmatik qurulubsa, elə də davam edəcək”. 

Siyasi şərhçi Qabil Hüseynli də deyib ki, İran Dağlıq Qarabağ məsələsində Azərbaycana hərbi və maddi yardım göstərmək istəmir. Politoloqun sözlərinə görə, Azərbaycana qarşı işğallar törədən Ermənistanı iqtisadi fəlakətdən çıxaran İran keçmiş siyasətini genişləndirir: 

"Vaxtilə boğulmaqda olan bir dövlətə nəfəslik açan və Ermənistana tətbiq edilən blokada siyasətinin baş tutmamasına yardım göstərən İran indi Ermənistanla əməkdaşlığı normal bir hadisə və suveren hüquqlarının təzahürü kimi qələmə verir. Fələstinlilərin və Qüdsün qeyrətini çəkən İran nəyə görə, Dağlıq Qarabağa eyni mövqeni göstərmir? Ermənilər yeri gələndə apardıqları müharibəyə xristian rəngi verməyi bacarır və bundan istifadə edərək xristian dünyasında həmrəylik tələb edirlər. Halbuki İranın gözü qarşısında Ermənistan müsəlman Azərbaycan dövlətinin 20 faizini işğal edib. Ermənistana qucaq açan, iqtisadi və hərbi yardım göstərən İranın hazırkı hərəkətləri başadüşülən deyil”. Ekspert bildirib ki, dünyanın terrorçu elan etdiyi Həmas və Hizbullah təşkilatına milyonlarla vəsait ayıran, Əsəd rejiminə canlı qüvvədən tutmuş silaha qədər dəstək verən İranın bölgədə apardığı siyasət təhlükəlidir.

İsmayıl