"İran-Ermənistan münasibətləri strateji önəm daşımır"- AÇIQLAMA




"İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynamır".

Bunu Sherg.az-a İran prezidenti Həsən Ruhaninin Ermənistan səfərini şərh edərkən "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev söyləyib. 

O bildirib ki, Rusiyanın Ermənistanda möhkəmlənməsindən sonra İran və Ermənistan münasibətləri o qədər də strateji əhəmiyyət daşımır: 

"Bunu Rusiya və İran münasibətlərinin tərkib hissəsi kimi dəyərləndirmək olar. Bu görüşdə bizə əsas maraqlı olan Qarabağ məsələsinin müzakirəsi isə inandırıcı deyil. Düzdür, münaqişə ətrafında gedən proseslərdə İranın ciddi təsirləri olsa da, hazırda İran öz maraqları çərçivəsində Ermənistanla əlaqələri üstün tutur. Düşünürəm ki, bu münasibətlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir rolu yoxdur”.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani erməni həmkarı Serj Sarkisyanın dəvəti ilə bu gün İrəvana rəsmi səfər edəcək.

Aysel Aslan