"...Perspektivdə İrana qarşı sanksiyaların gerçəkləşdirilməsi nəzərdə tutulur. D.Trampın imzaladığı yeni sanksiya İranın 18 hüquqi və fiziki şəxsinə tətbiq ediləcək”
"İran parlamenti Amerikaya qarşı anti-sanksiya proqramı çərçivəsində 520 milyon dollarlıq proqram qəbul edib”.
Bunu "Sherg.az”-a İranın ABŞ-ın yeni sanksiyalarına cavab layihələri qəbul etməsi haqqında danışarkən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.
O bildirib ki, həmçinin özünümüdafiə qüdrətinin artırılması, terrorçuluğa qarşı mübarizə, İnqilab Keşikçiləri Qvardiyasının xarici ölkə ərazisində kəşfiyyat əməliyyatlarına əlavə olaraq 5 milyard dollar pul ayırıb:
"Bütövlükdə bu onu göstərir ki, İran ABŞ-a qarşı tutduğu mövqedən çəkilmək niyyətində deyil. ABŞ İranı tək terrorçuluğu maliyyələşdirdiyinə görə deyil, ballistik raketlərin, nüvə silahının hazırlanmasına görə ittiham edir. Amerikanın düşmənlərinə qarşı qanun paketinin imzalanması da onu göstərir ki, o, İrana qarşı mövqeyindən geri dönməyib. Düzdür, Obamanın prezidentliyi dövründə İranla münasibətlərin mülayimləşməsi hiss olunurdu.
Başqa sözlə, Obama administrasiyası İranla danışıqlar yolu ilə problemləri həll etməyə çalışırdı. Suriya, İraq və Yəməndəki proseslər onu göstərdi ki, İran belə məsələlərdə Qərblə deyil, Rusiya ilə eyni mövqedədir. Rusiyanın mövqeyi isə ABŞ-ın maraqları ilə uyğun deyil. Ona görə, perspektivdə İrana qarşı sanksiyaların gerçəkləşdirilməsi nəzərdə tutulur. D.Trampın imzaladığı yeni sanksiya İranın 18 hüquqi və fiziki şəxsinə tətbiq ediləcək”.
Əvvəllər BMT və ABŞ-ın sanksiyalarına nəzarət olunmadığını diqqətə çatdıran S.Soltan deyib ki, tətbiq mexanizmi yox idi:
"Amma bundan sonra beynəlxalq təşkilatların, Avropa Birliyinin İrana qarşı tətbiq olunan sanksiyalara nəzarəti güclənəcək. Çünki bölgədə Qərbin maraqlarının təmin olunmasında başlıca maneələrdən biri İrandır. Bu dövlət eyni zamanda ölkə daxilində insan haqlarının pozulması hallarına yol verir. Bölgədə vəziyyətin gərginləşməsi İranı üzərinə götürdüyü bir sıra öhdəliklərdən azad edir. Bu isə bölgədəki gərginliyi artırır.
İrana qarşı sanksiyaların həyata keçirilməsi bölgədə ciddi gərginliklər yaradacaq. Bu isə Azərbaycandan yan keçməyəcək”.
Qeyd edək ki, İran büdcədən ballistik raket proqramının inkişafına nail olmaq üçün əlavə 220 milyon avro ayıracaq. İran parlamentində müzakirə olunan proqrama 244 deputatdan 240-ı tərəddüdsüz lehinə səs verib.
Aysel Aslan