"İranın bu addımı bölgə uğrunda savaşı dərinləşdirəcək" - ANALİTİK

Azər Rəşidoğlu: "... Suriyada yaxın müddətdə sülhə nail olunmayacaq"


"İranı Suriya böhranından kənarda qoymaq mümkün deyil”.

Bunu "Sherg.az”a İranın Suriya böhranındakı mövqeyi və bu dövlətin Suriyada raket zavodu tikməsi barədə danışarkən siyasi icmalçı Azər Rəşidoğlu deyib. 

O bildirib ki, Bəşər Əsədi müdafiə edən əsas oyunçulardan biri məhz Tehrandır:

"İran bölgədə və Suriyadakı proseslərdə fəal iştirak edir. Nəzərə alsaq ki, Suriyada hələlik şiə hakimiyyəti mövcuddur, onda Tehranın Əsəd hakimiyyətini müdafiə etməsi anlaşılandır.

Suriyanın parçalanması və müxtəlif dövlətlərə bölünməsi ehtimalı Kürdüstan dövlətinin yaranması məsələsini ortaya çıxarır. Bu da Türkiyə və İranın narahatlığına səbəb olur. Digər tərəfdən bölgədə ABŞ-ın fəal yardımı ilə baş tutan savaşdan İran kənarda qala bilmədi. Lakin İranın Suriyada daha geniş fəaliyyətə başlaması, açıq şəkildə Əsəd rejimini dəstəkləməsi digər tərəfin narazılığına və qıcığına səbəb olur. 

Bu baxımdan Suriya uğrunda mübarizə aparan dövlətlər – Rusiya, ABŞ və Türkiyə arasında maraqlar toqquşur. İranın bu addımı bölgə uğrunda savaşı daha da dərinləşdirəcək və Suriyada yaxın müddətdə sülhə nail olunmayacaq.

Suriyanın ərazi bütövlüyünün qorunması artıq sual altındadır. Bəşər Əsəd hakimiyyətdən gedərkən tayfa savaşından sonra dövlətin qorunması mümkün deyil. Əslində B. Əsədin hakimiyyətdən getməsi ilə hər kəs razılaşıb. Lakin bundan sonra nə baş verəcək ?,  onu kim əvəz edəcək ? sualları hələ ki, cavabsız qalıb. Suriyanın parçalanması Azərbaycan da daxil olmaqla region dövlətlərindən heç birinə sərf etmir”.

Qeyd edək ki, İsarilin ikinci dövlət televiziyası olan "Aroutz 2" Suriyanın şimal- qərbində tikilməkdə olan bir zavod barədə reportaj hazırlayıb. Reportajda həmin zavodun İran tərəfindən inşa olunması və orada uzağı vuran raketlərin hazırlandığı qeyd olunur.

Aysel Aslan