Mahmud Hacıyev: "Ölkəmizdə terrakt törədərkən saxlanılmasa da təşkilatda fəaliyyət göstərib, qayıdan şəxslər var"
"Terror aktı elə hadisədir ki, dünyanın heç bir ölkəsi bundan sığortalanmayıb”.
Bunu "Sherg.az”a Azərbaycana qonşu olan ölkələrdə İŞİD üzvlərinin yayılmasının ölkəmizə təsirindən danışarkən keçmiş polis rəisi Mahmud Hacıyev deyib.
O bildirib ki, hər hansı ölkədə müəyyən bir vaxtda, müxtəlif qüvvələrin təsiri ilə terror baş verə bilər:

"Amerika kimi ölkədə kifayət qədər terror aktı baş verib. Baxmayaraq ki, bu nəhəng və güclü dövlətin hüquq - mühafizə orqanları, kəşfiyyat və əks-kəşfiyyatı dünyada hegemonluq edir. Hər bir ölkənin güc strukturları, hüquq-mühafizə orqanları öz səviyyəsində təhlükəsizlik tədbirləri görürlər. Türkiyə və Rusiyada İŞİD üzvləri saxlanılıb.
Ölkəmizdə terrakt törədərkən saxlanılmasa da təşkilatda fəaliyyət göstərib, qayıdan şəxslər var. Onların məhkəmə prosesləri, istintaqı həyata keçirilir. Bu, onu göstərir ki, hüquq-mühafizə orqanları müəyyən tədbirlər görür. Ona görə, Azərbaycan üçün təhlükə olduğunu demək düzgün deyil”.
Qeyd edək ki, Rusiyanın məxfi xidmət orqanı İŞİD-in üzvü olduqları ehtimal olunan 4 nəfəri saxlayıb. Məlumata görə, həmin şəxslər Moskvada böyük ticarət mərkəzlərinin birində və ictimai nəqliyyatda partlayış törətmək istəyirmişlər.
Aysel Aslan