“Qonşu Gürcüstanda heç kim bizdəki kimi başına qəfil iş gələndə küçələrə düşüb qohum-əqrəbadan pul yığmır”
“İşsizlər, əlillər, tələbələr hökumətin hesabına sığorta olunacaq”
Vaqif Qarayev: “Həkimin dərman yazması ilə iş bitmir. Əgər xəstə dərmanı ala bilmirsə, yazılan müalicə üsulunun nə xeyri var?”
“Qonşu Gürcüstanda heç kim bizdəki kimi başına qəfil iş gələndə küçələrə düşüb qohum-əqrəbadan pul yığmır”
“Qonşu Gürcüstanda heç kim bizdəki kimi başına qəfil iş gələndə küçələrə düşüb qohum-əqrəbadan pul yığmır”
Bəzi xəstəxanaların rəhbərləri efirdə deyirlər ki, onların klinikasında rüşvət yoxdur. Onda sual ortaya çıxır ki, "ay həkim, bəs sizin işçilər xurma ilə dolanırlar?”
İcbari tibbi sığortanın tətbiqi günümüzün tələbinə uyğun ən vacib məsələlərdən biridir. Tibbi sığorta sistemi vətəndaşların hər bir xəstəlik üzrə sığorta ödənişlərinə əsasən pulsuz müayinə və müalicəsini nəzərdə tutur. Bir çox inkişaf etmiş ölkələrdə tətbiq olunmasına baxmayaraq, Azərbaycanda prosesin başlanması yubanır. "İcbari tibbi sığorta haqqında” qanun 17 ildən artıqdır kağız üzərində mövcud olsa da, pilot layihə son bir il ərzində hazırlanıb.
Pilot layihələr əhalini, tibb müəssisələri, həkimləri və digər əlaqədar tərəfdaşları bu prosesə aktiv şəkildə cəlb etməklə mümkün problemlərin aşkarlanması və optimal həlli yollarının tapılmasına xidmət edəcək. Artıq bununla bağlı Prezident sərəncamı var və hazırda iki rayonda - Mingəçevir və Yevlaxda 2017-ci ilin yanvar ayında icbari tibbi sığortanın pilot tətbiqinə başlanılacaq. İllərdir müzakirə olunan məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən tanınmış həkim-pediatr Vaqif Qarayev deyib ki, icbari tibbi sığortanın tətbiqi səhiyyə sistemində köklü islahat hesab olunur. Həkim vurğulayıb ki, inkişaf etmiş Avropa ölkələrində icbari tibbi sığorta bir günün içində qəbul olunmayıb...
- Gələn ilin əvvəlindən etibarən icbari tibbi sığorta ilə bağlı pilot layihəyə start veriləcək. Məsələnin bu qədər yubanmasına münasibətiniz necədir?
- Əsas odur ki, prosesə başlamaqla bağlı qərar verilib. Pilot layihənin hazırlanmasının özü mühüm hadisədir. Ümumiyyətlə, dünyada mükəmməl səhiyyə sisteminə malik heç bir ölkə yoxdur, amma sistemləri fərqli olan ölkələr var. Məsələn, Gürcüstanda icbari tibbi sığorta tətbiq ediləndə bu ölkə dilənçi vəziyyətində idi. Orada ilkin olaraq özəl sığorta şirkətləri yarandı və daha sonra ayrı-ayrı rayonlarda bütün avadanlıqlarla təchiz olunmuş klinikalar inşa edildi. Hər bir insanın hesabına ovaxtki kursla 7500 manat pul qoyuldu. Heç adamların özlərinin bundan xəbərləri yox idi. Daha sonra maarifləndirmə işi ilə əhaliyə tibbi sığortanın əhəmiyyəti aşılandı. Əhali hökumətin hesabına sığortalandı. Təbii ki, özəl sığorta şirkətləri var idi və imkanlı insanlar gedib özlərini özəl şirkətlərdə sığorta etdirə bilirdilər. Amma əhalinin böyük əksəriyyəti dövlətin hesabına sığortalandı. Tbilisi və Rustavi kimi iri şəhərlərdə bir dənə də olsa, dövlət klinikası yoxdur, hamısı özəldir. Yəni qonşu Gürcüstanda heç kim bizdəki kimi başına qəfil iş gələndə küçələrə düşüb qohum-əqrəbadan pul yığmır. Gürcü vətəndaşı bilir ki, o hansı klinikada pulsuz müalicə oluna bilər. Gürcüstan iqtisadi baxımdan bizimlə müqayisə olunmaz dövlətdir. Amma həmin ölkənin səhiyyəsində köklü islahatlar apara, sovetdən qalan rüşvətin kökünü kəsə bildilər. Deməli, mümkündür və biz də bunu etməliyik.
- Ekspertlərə görə, yubanmanın arxasında səhiyyə sistemindəki mövcud problemlərlə yanaşı, ciddi maliyyə məsələləri də durur. Sizcə, problemləri aşmaq mümkün olacaqmı?
- Yəqin ki, hökumət məsələni dəqiq ölçüb-biçir. Son məlumatlara görə, əhalinin kasıb hissəsi, yəni işsizlər, əlillər, tələbələr hökumətin hesabına sığorta olunacaq. Bu, çox əladır. Amma əsas məsələ işləyən çoxsaylı əhalinin sığortalanması, çalışan şəxslərin nə qədər sığorta ödəməsidir. İşçinin və işəgötürənin ödəyəcəyi sığortanın miqdarı önəmli və ciddi məsələlərdir. İllik və aylıq sığorta xidmətləri mövcuddur. İnsanların aldığı maaş onların özlərini sığortalamasına imkan verəcəkmi? Hər halda bu sahənin mütəxəssisləri ölkədəki vəziyyəti araşdırırlar. Ən pisi odur ki, bu vaxta qədər heç nə yox idi. Ona görə də pilot layihənin başlanması təqdirəlayiqdir. Mən bunu ikiəlli alqışlayıram. Biz dünyadan geri qala bilmərik.
- İcbari tibbi sığortanın tətbiq edilməsi səhiyyədəki hansı problemlərin həllinə səbəb olacaq?
- İcbari tibbi sığorta dərmanların ceyran belindəki qiymətinə ciddi təsir edəcək. Bu, mütləqdir. İnsanlar bahalı dərmanları ala bilmirlər. Təbii ki, burada müəyyən nüanslar var. Yəni hansı xəstəliklər və xəstələr tibbi sığortaya daxil edilir və onlara dərman preparatları yazılır, əvvəlcədən müəyyən edilir. Xəstəxanada müalicə alanlar sığorta xidmətinə düşür. Amma biz bilmirik ki, ambulator üsulla, yəni poliklinikada, evdə müalicə olanlar həmin tibbi sığortadan yararlana biləcək, yoxsa yox.
- İcbari tibbi sığorta vətəndaşlarımızın müalicə üçün xaricə getməsinin qarşısını alacaqmı?
- Əvvəla onu deyim ki, Türkiyə və İran sistemindəki kimi mütəxəssis həkimin hazırlığı üçün minimum 10-12 il vaxt lazımdır. Yalnız ondan sonra həkim peşəkar kimi xəstə qəbul edə bilər. Biz isə işə təzə başlamışıq. Bildiyim qədər minlərlə tələbə Türkiyədə, Avropada tibbi təhsil alırlar. İranla özümüzü müqayisə edə bilmərik, çünki peşəkarlıq baxımından orada həkimlər üstündür. Eyni zamanda orada maddi-texniki təminat da yüksək səviyyədədir. Ən əsası isə İranda dərmanlar çox ucuz və keyfiyyətlidir. Bu, çox vacib amildir. Həkimin dərman yazması ilə iş bitmir. Əgər xəstə dərmanı ala bilmirsə, yazılan müalicə üsulunun nə xeyri var? Amma son vaxtlar hiss olunur ki, İrana axın xeyli azalıb. Çünki artıq İranda da xidmət haqları çox yüksəlib.
- Azərbaycanda peşəkar həkimlərin sayı iddia edildiyi kimi azdırmı?
- Mən bütün məsuliyyətimlə deyirəm ki, bizdə praktik təbabətin istənilən sahəsində çox peşəkar gənc həkimlər var. Amma onlar əlçatan deyillər. Bütün dünyada səhiyyənin iki prioritet istiqaməti var: - peşəkarlıq və əlçatanlıq. Bunun biri olmasa, əhaliyə normal tibbi xidmət göstərmək qeyri-mümkündür. İri özəl klinikalar icbari tibbi sığortaya keçəndən sonra Avropanın müxtəlif ölkələrində təhsil almış peşəkar həkimlərimiz orada işə başlayacaqlar. O zaman savadlı həkimlərin xəstə tapmaq problemi olmayacaq. Xəstələrin də əlçatanlıq problemi yaranmayacaq. Sığorta xidməti bu cür problemləri aradan qaldıracaq.
- Millət vəkili, həkim Rəşad Mahmudov təklif edib ki, öncə həkimlərin özləri sığortalansın. Onların üzərində test keçəndən sonra bunu xalqa tətbiq edək. Bu təklifə münasibətiniz necədir?
- Dünya praktikasında belə bir model var. Rəşad müəllim həkim kimi düşünür, onu anlayıram. Səhiyyə sisteminin göstərdiyi xidmət əhaliyə hesablanmalıdır. Amma həkim də insandır. Onlar sutkanın 24 saatı klinikada, xəstənin yanında ola bilməz. İşdən sonra bütün sıravi adamlar kimi məişət problemləri ilə üzləşirlər. Həkim əvvəlcə öz sağlamlığını qarantiya altına almalıdır. Bu, mütləqdir. Hələ bilmirik, icbari tibbi sığorta tətbiq olunandan sonra həkimlərin maaşı necə hesablanacaq? Müxtəlif ölkələrdə fərqli modellər mövcuddur. Bilirsiz, bütün dünyada tibb xidməti ən bahalı xidmətdir. Biz sovet təfəkküründən uzaqlaşmalıyıq. İnsan sağlamlığının havayı xidməti yoxdur. Bu, mümkün deyil. Heç sovet vaxtı da havayı deyildi. Sadəcə ideologiya insanların beyninə yeritmişdi ki, guya SSRİ-də tibbi xidmət pulsuzdur. İnsan səhhətinə xidmət pullu olmalıdır. Əgər vətəndaş tibbi xidmətin qarşılığını ödəyə bilmirsə, o halda icbari tibbi sığorta ən kardinal və optimal çıxış yoludur.
- Deputat onu da deyib ki, Azərbaycanda yaxşı həkimi "Semaşko”nun bir əsr əvvəl dediyi kimi, xalq dolandırır. Amma əslində həkim o şəkildə işləmək istəmir. Həkimlərin dolanışığını necə tənzimləmək olar?
- Həkim "Semaşko”dan qabaq da xalqın hesabına dolanıb. Elə indi də xalq dolandırır, bunu etiraf etmək lazımdır. Bəzi xəstəxanaların rəhbərləri efirdə deyirlər ki, onların klinikasında rüşvət yoxdur. Onda sual ortaya çıxır ki, "ay həkim, bəs sizin işçilər xurma ilə dolanırlar?”. Əgər hansısa həkim konkret bir xəstəyə yardım göstərməkdən ötrü ondan zorla pul tələb edirsə, o həkimin təkcə ağ xalatını deyil, dərisini çıxartmaq lazımdır. Amma mürəkkəb bir əməliyyat edən, çox ağır xəstəliyi sağaldan həkimə xəstə özü hörmət edirsə, mən onu rüşvət adlandırmıram. Çünki o xəstəni hörmət etməyə məcbur edən yoxdur. Təbii ki, rüşvətxorluq əxlaqsızlıqdır. Amma ölkədəki 30 min həkimin hamısı rüşvətxor, əxlaqsız ola bilməz axı. İndiki sistem sovetdən qalıb. Artıq bu sistem özünü doğrultmur. Lap min dəfə deyək ki, bizdə tibbi xidmət pulsuzdur, deyil axı.
Ümumi düşüncədən qurtulmaq lazımdır. Həkimin pulu məsələsi aşağı səviyyədə, maliyyə işləri ilə məşğul olan menecerlər tərəfindən həll olunur. O, ancaq xəstənin səhhəti ilə məşğul olmalı, pasiyentin pulu var, ya yox, düşünməməlidir. Ümid edirik, icbari tibbi sığortanın tətbiqindən sonra vəziyyət dəyişəcək. Almaniyada həkimlər artıq aylıq əmək haqqı yox, saat hesabı maaş alırlar. Düzdür, bizi Almaniya ilə müqayisə etmək insafsızlıqdır. Amma biz də Avropaya təhsil almağa xeyli gənc göndərmişik. Onlar Avropa səhiyyə sistemini öyrənib ölkəmizdə tətbiq edəcəklər. Türkiyədə mərhum Türqut Özal insan intellektinə investisiya qoydu və tələbələri Qərb dövlətlərinə təhsil almağa göndərdi. Onlar oxuyub geri qayıdana qədər Türkiyənin iri şəhərlərində ən müasir klinikalar açıldı. O dövrdən sonra Türkiyə səhiyyə sahəsində sıçrayış etdi. İndi ən mürəkkəb icbari tibbi sığorta şirkəti ABŞ-dadır. Amma hər bir amerikalı bilir ki, başına iş gəlsə, mütləq ona yardım göstəriləcək. Azərbaycanda kimsə buzlu yolda sürüşüb ayağını zədələsə, pulsuz həkimə gedə bilmir. Bu, iyrənclikdir. Dövlət xəstəxanalarında maddi-texniki təchizat özəl klinikalardakı kimi deyil. Bu sistem işə düşənə qədər dövlət xəstəxanalarında maddi baza gücləndirilməlidir.
- Cəmiyyətdə ümumi anlamda səhiyyə sisteminə, həkimlərə qarşı etimadsızlıq var. Bunun səbəbləri nədir?
- Dünyanın əksər ölkəsində səhiyyədən narazılıq var. Rusiya vətəndaşları arasında sorğu keçirin, görəcəksiniz ki, ruslar da tibbdən narazıdır. Amma bizdəki kimi səhiyyəyə, həkimə düşmən münasibətdə olanlar dünyanın heç yerində yoxdur. 10 milyon əhalisi olan ölkədə xəstə insanları kim müalicə edir? Mən feysbukda çox aktivəm. O gün bir tanınmış yazır ki, "qızının qızdırması var, amma bu xarabada həkim yoxdur ki, müraciət etsin”. Onun statusuna yazılan şərhlər isə belədir: "Hə, düz deyirsiz, indi həkim yoxdur, hamısı vandaldır, qəssabdır və s”. Təxminən saat yarımdan sonra həmin qadın yenidən yazdı: "Filankəs həkim sağolsun, qızımı müalicə elədi, indi vəziyyəti yaxşıdır”. İki-üç gün əvvəl isə mediada belə başlıqda bir yazı dərc olundu: "Azərbaycanda həkimlər əcnəbi vətəndaşı da öldürdülər”. Belə olmaz axı. Bu səhiyyə də bizimdir, erməninin deyil ki. Bu qədər düşmənçilik haradan yaranır, başa düşmürəm. Həkimlərimizin o qədər uğurlu əməliyyatları olur, amma heç kim onları görmür. Elə ancaq qara şeyləri qabardırlar. Hesab edirəm ki, insanlarımızın İrana axın etməsinin səbəbi qeyri-peşəkar həkimlərlə yanaşı, həm də bəzi media qurumlarıdır. Həkim-media və həkim-pasiyent münasibətləri tənzimlənməlidir. Bütün bu xoşagəlməz halların aradan qaldırılmasında icbari tibbi sığortanın tətbiqinin müqayisə edilməz rolu olacaq”.
İsmayıl