Sabir Rüstəmxanlı: “Bəlli oldu ki, artıq imperiyanın sonu çatıb. Bundan sonra SSRİ-ni qorumaq arzusunda olan deputatlar səhv etdiklərini anladılar”
“İstiqlalçı deputatlar” Siyavuş Novruzovla razılaşmadı
43 deputatdan başqa səs verənlərin istəyi müstəqillik olmayıb
Sabir Rüstəmxanlı: “Bəlli oldu ki, artıq imperiyanın sonu çatıb. Bundan sonra SSRİ-ni qorumaq arzusunda olan deputatlar səhv etdiklərini anladılar”
Sabir Rüstəmxanlı: “Bəlli oldu ki, artıq imperiyanın sonu çatıb. Bundan sonra SSRİ-ni qorumaq arzusunda olan deputatlar səhv etdiklərini anladılar”
Əlövsət Ağalarov: "43 nəfərdən başqaları SSRİ-nin saxlanması təklifini irəli sürürdülər”
1991-ci il 18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Müstəqilliyin bərpasından bəhs edərkən, heç şübhəsiz, tarixə "istiqlalçı deputatlar” adı ilə düşən 43 nəfəri də yada salmaq lazımdır.
Məlumdur ki, 1991-ci ilin martında keçmiş SSRİ-nin bütün respublikalarında, o cümlədən Azərbaycanda Sovet İttifaqının saxlanılması ilə bağlı referendum keçirilib. Referendumda səsə qoyulan iki varianta görə, sovet hökuməti qalmalı və ya dağılmalı, Azərbaycan da ona görə müstəqil olmalı idi. Həmin vaxt Ali Sovetin üzvü olan 350 deputatdan yalnız 43 nəfəri SSRİ-nin qalmasının əleyhinə, Azərbaycanın müstəqilliyinin lehinə səs verib. Onlar tarixə "istiqlalçı deputat” adı ilə düşüblər. Yerdə qalan 300-dək deputat "biz SSRİ-ni istəyirik” fikrini səsləndiriblər.
Milli Məclisin bu günlərdə keçirilən iclasında "istiqlalçı deputatlar” məsələsi növbəti dəfə gündəmə gəlib. Millət vəkili Fazil Mustafa Cümhuriyyətin 100 illiyi ilə bağlı təsis edilən yubiley medalının 43 nəfər istiqlalçı deputata da şamil olunmasını təklif edib. Milli Məclisin digər üzvü Siyavuş Novruzov isə Fazil Mustafanın fikirlərinin əleyhinə çıxıb. Parlamentari deyib ki, deputatları bir-birindən ayırmaq olmaz: "O vaxt parlamentdə 350 deputat var idi. Onlar hamısı müstəqilliyə səs veriblər. Sadəcə istiqlalçı kimi adları çəkilən 43 nəfər SSRİ-nin qorunub saxlanılması barədə referendumun əleyhinə çıxıblar. Kimlərsə o vaxt özünü "Demblok”, "Komblok”a bölmüşdü. Axı, kimin pasportunda bu sözlər yazılmışdı? Xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin”.
Mövzu ilə bağlı "Şərq”ə danışan xalq şairi, istiqlalçı deputat Sabir Rüstəmxanlı 43 nəfərin digər deputatlarla bərabər tutulmasına etiraz edib. Sabiq millət vəkilinin sözlərinə görə, "istiqlalçı deputatlar”ın tarixdə mühüm yeri var:
"Belə çıxır ki, bu gün Azərbaycanda vəzifə tutan bütün şəxslər, nazirlər "istiqlalçı deputat”lardır, çünki hamısı müstəqil Azərbaycan dövlətinin məmurlarıdır. Belə yanaşma doğru deyil. 1991-ci mart ayında referendum keçirildi və 360 deputatdan 43 nəfəri istisna olmaqla yerdə qalanları SSRİ-nin saxlanmasına səs verdilər. Onlar sovet imperiyasının qorunmasının tərəfdarları idi. Yalnız 43 deputat açıq formada dedi ki, Azərbaycan müstəqil olmalıdır. Avqust ayının 23-də Moskvada uğursuz dövlət çevrilişinə cəhd oldu. Məqsəd hakimiyyəti dəyişmək idi. Bu cəhdə qarşı çıxanlar da məhz 43 deputat idi. Çünki dövlət çevrilişi konstitusiyanın pozulması demək idi.
Dövlət çevrilişinin uğursuz olmasını, Moskva ilə Bakı arasında münasibətlərin pozulduğunu görən həmin deputatlar fərqli addım atmağa məcbur qaldılar. Gördülər ki, müstəqillikdən başqa çıxış yolu yoxdur. Yəni 317 deputat öz iradələri ilə müstəqilliyə dəstək verməyiblər. Tarixi proseslər onları məcbur edib. Avqustun 30-da Məclisdə müstəqillik bəyannaməsi qəbul olundu. Bir çox respublikalarda buna bənzər aktlar çoxdan qəbul edilmişdi. Sentyabr ayının 1-də Moskvada SSRİ Ali Sovetinin sonuncu sessiyası keçirildi və bəlli oldu ki, artıq imperiyanın sonu çatıb. Bundan sonra SSRİ-ni qorumaq arzusunda olan deputatlar səhv etdiklərini anladılar”.
S.Rüstəmxanlı bildirib ki, oktyabr ayının 18-də parlamentdə müstəqillik aktı qəbul olunarkən 43 deputatdan başqa səs verənlərin istəyi müstəqillik olmayıb:
"Çıxış yolu qalmadığı üçün, Ayaz Mütəllibovun tapşırığı əsasında parlamentə gələrək məcburi səs veriblər. Heç birinin müstəqillik düşüncəsi olmayıb. 43 nəfər deputatın aylar boyunca çəkdiyi zülmün və zəhmətin hesabına bizi dəstəkləməyə məcbur olublar. Camaat Milli Məclisi mühasirəyə almışdı. Xalq istiqlal istəməyən deputatlardan müstəqilliyə səs verməyi tələb etdi. Əks halda parlamentdən çıxmağa qoymayacaqlarını deyirdilər. Könüllü şəkildə müstəqilliyə qol çəkməyən insanlar necə istiqlalçı ola bilərlər? Siyavuş Novruzov bu barədə düzgün danışmır. 43 nəfərin tarixdəki rolunu xüsusi vurğulamaq lazımdır.
Məhz 43 nəfərin səyi ilə müstəqillik aktı hazırlanıb, Cümhuriyyət dövründə olan atributlar bərpa olunub. Müstəqilliyə qarşı çıxanlar "bərpa” sözünə də qarşı idilər. Elə zənn edirdilər ki, hər şey SSRİ-dən başlayır, çünki öz tarixlərindən xəbərləri yox idi. İndi həmin adamları "istiqlalçı” adlandırmaqla 43 nəfəri niyə silmək istəyirlər?”.
"Yalnız "istiqlalçı deputatlar” SSRİ-nin saxlanmasının əleyhinə çıxış edib”. Bunu isə "Sherg.az”a "istiqlalçı deputat” Əlövsət Ağalarov deyib. Onun sözlərinə görə, SSRİ-nin saxlanması Cümhuriyyət dəyərlərindən imtina edilməsi deməkdir:
"Azərbaycanın müstəqilliyinə səs verən şəxslərin bəziləri "İstiqlalçı deputatlar”dan fərqli olaraq, SSRİ-nin saxlanması təklifini irəli sürürdülər. Tarix sübut etdi ki, onlar haqlı deyillər və Azərbaycan cümhuriyyət yolunda addımlamalıdır. Həmin deputatların səhvinə qarşılıq medal verilməsinə nə ehtiyac var? Ümumiyyətlə, medalla təltif etmək ölkə başçısının səlahiyyətindədir. Ona görə, bu məsələni çərçivəyə salmaq düzgün də deyil. Cümhuriyyətin təbliğində, onun tədqiq olunmasında xidmətləri olan şəxslər medalla təltif edilə bilər. Bu məsələnin cəmiyyətdə ciddi rezonans doğuracağına inanmıram”.
İsmayıl